Bu günlərdə Bakı Apelyasiya Məhkəməsində deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələməovun törətdiyi hay-küylü qətl işinə baxılmasına başlanılıb.
Məhkəmə kollegiyası hakim Faiq Qasımovun sədrliyi altında bu çətin suala cavab tapmalıdır: Azərbaycan üzrə “smotryaşi” Ramal Bayramovun qatilinə ömürlük həbs verilməsi ədalətli qərardırmı, bu cəza çox ağır deyilmi?
...Bu qətl ölkədə böyük rezonans doğurmuşdu. Necə olmasa da söhbət YAP üzvü olan deputat, yazıçı, professor Hüseynbala Mirələmovun qohumundan - “Min bir gecə” restoranında bir güllə ilə adam öldürən şəxsdən gedirdi. O zaman çoxu belə hesab edir və belə deyirdi ki, guya bu işi ört-basdır edəcəklər, qatil ağır cəzadan yayınacaq və s.
Amma belə olmadı. Bakı Ağır Cinayətlər Məhkəməsi R.Mirələmova ömürlük həbs cəzası kəsdi. Çoxu bu qərarı alqışladı, onu ədalətli saydı. İlk baxışda belə idi. Amma işin mahiyyətinə vardıqca burada heç də hər şeyin yerində və ədalətli olmadığı görünür.
Əlbəttə, Rəşad Mirələmovun günahsız olduğunu da demək olmaz. Amma onun belə ağır cəzaya layiq olmadığı da göz önündədir.
Bu işdə hər şey deyildiyi və düşünüldüyü kimi deyil. Bu hadisə ətrafında şayiələr, dedi-qodular çox oldu. Buna Mirələmovların soyadı səbəb olmuşdu. Rəşadın əmisi Hüseynbala Mirələmov balaca adam deyil. Əvvəlcə belə şayiə yayıldı ki, deputatın oğlu restorana dincəlməyə gəlmiş günahsız bir adamı güllələyib. Lakin sonra məlum oldu ki, qatil I qrup əlil olan sıravi lənkəranlı kişinin oğludur, deputatın isə qardaşı oğlu.
Bunun da xeyri olmadı. Hamı deyirdi ki, qatili cəzadan yayındıracaqlar. Maraqlıdır ki, hətta deputat bütün iş-gücünü buraxıb cinayət yerindən qaçan qardaşı oğlunun tapılması üçün bütün ölkəni ayağa qaldıranda da şayiə və dedi-qodular azalmadı.
Daha maraqlısı məsələ bu cinayət işinin necə araşdırlmasıdır. Prokurorluq “Min bir gecə”dəki qətllə bağlı bir yox, iki cinayət işi açmışdı. Daha doğrusu, bir işi iki yerə ayırmışdı. R.Mirələmovun adı birinci iş üzrə zərərçəkən kimi keçirdi, ikinci iş üzrə isə qəsdən, tamah məqsədilə qətl törədən şəxs kimi. Diqqət edin, məhz qəsdən.
Burada diqqətçəkən detal odur ki, bir fakt üzrə iki iş istintaq icraatına ayrı-ayrı vaxtlarda götürülüb, arada uzun fasilə, zaman fərqi olub. Bu hadisəyə əvvəlcə R.Mirələmovun qəddarlıq və zorakılığa məruz qalması rakursundan yanaşılıb. İstintaqın buna tutarlı dəlilləri də olub.
İlk dəlil tibbi eskpertizanın verdiyi rəydir. Orada yazılır: “Klinikaya müraciət edən vətəndaş Rəşad Cavid oğlu Mirələmovun bədənində küt alətlə yetirilmiş 30 xəsarət (ilkin ehtimala görə, əl və ayaq zərbələri ilə yetirilmiş xəsarət) qeydə alınıb. Onların bir çoxu ciddi travmatik xəsarət sayılır. O, çənəsindən xəsarət alıb, dişləri tökülüb, beşinci və altıncı qabırğaları arasında çat qeydə alınıb. Beyin silkələnməsi əlamətləri müşahidə edilib...”
İkinci dəlil trassoloji ekspertizanın rəyidir. Orada yazılır: “Güllə bədənə aşağıdan yuxarıya doğru olmaqla girib. Bu da atəşin uzanıqlı halda, altdan yuxarı açıldığını göstərir”.
Üçüncü dəlil hadisə yerinə baxışın nəticələridir. O rəydə yazılır: “Atəşin açıldığı “besedka”nın ağac məhəccəri Rəşad Mirələmovun üzərinə atılıb onu döyməyə başlayan Ramal Bayramovun zərbəsindən yıxılmış Rəşadın bədəninin ağırlığından sınıb. Bunu ağacın sınma konfiqurasiyası da sübut edir”.
Dördüncü dəlil: “Zərərçəkən Mirələmovun içkili olması müəyyən edilməyib”.
Beləliklə, Mirələmov o qədər sərxoş olmayıb ki, Ramal Bayramovu çay içdiyi yerdə heç bir səbəb olmadan güllələsin.
R.Bayramova gəlincə isə o, hüquq-mühafizə orqanlarına yaxşı tanışdır. Bayramov reket kmi kriminal “razborka”ların, bıçaq və yumruq davalarının daimi iştirakçısı olub. Polislər R.Bayramovu hər dəfə tutanda protokola onun asayiş keşikçilərinə kobud münasibətini, hörmətsizlik etməsini də qeyd ediblər. Hər dəfə!
Amma maraqlısı budur ki, Ramal polisə nə vaxt düşübsə, oradan elə həmin gün də çıxıb. Bu həbslərin nəticəsi olmayıb. Ona heç bir cəza verilməyib. Görünür, hüquq-mühafizə orqanlarının əməkdaşları Bayramovla ya bacarmayıblar, ya da hansısa başqa mülahizələri əsas götürüblər...
R.Mirələmovun işində isə belə olmayıb. Bayaq qeyd etdiyimiz ikinci işə baxanda R.Mirələmov orada ittiham olunan tərəf kimi görünür. Orada göstərilir ki, R.Mirələmov hədə-qorxu gəlməklə zərərçəkənlər Zamin və Firdovsi Bağırovlardan pul tələb edib, Ramal Bayramovu isə tamah məqsədilə qəsdən öldürüb. Faktlar isə ayrı şeyi deyir.
R.Mirələmov birinci iş üzrə zərərçəkəndir. İkinci iş üzrə isə xeyli suallar var.
Gəlin hər şeyə əvvəldən baxaq. Rəşad Mirələmov Lənkəranda doğulub böyüyüb.
Onu uşaqlıqdan yaxşı tanıyan müəlliməsi Dilbər xanım virtualaz.org saytına deyir ki, Rəşad qabiliyyətli şagird idi: “Amma qəribəlikləri də vardı. Rəşadda dünyanı xilas edən və ədaləti qoruyan Amerika film qəhrəmanlarının təsiri hiss olunurdu. Haqsızlığa dözmürdü. Özünü Robin Quda oxşadırdı. Bir dəfə Robin Qud haqda kitabı sinifdə gizlətmişdi. Bunu bilib kitabı ondan aldım və müəllimlər otağına apardım. O, gecə məktəbə gələrək kitabı oradan oğurlamışdı. Buna da haqq qazandırıb səmimi şəkildə deyirdi ki, düz hərəkət edib, çünki dərsliklər yalan yazır, bu kitabda isə hər şey düz yazılıb. Rəşad deyirdi ki, hamı ədalətdən danışır, amma onu real həyatda görmürük, haqqı tapdananları heç kim müdafiə etmir. Deyirdi bunu mən edəcəm.
Onda uşaq idi, bu sözünə güldüm. Sonra isə əmin oldum ki, Rəşad doğrudan da bu xəyallarla yaşayır, fikrində ciddidir. Rəşadın sinif rəhbəri idim, ona görə töhmət də aldım.
Bir dəfə də məktəbdə riyaziyyat müəllimi ilə münaqişəyə girib sinif jurnalını cırmışdı. Səbəb yenə də müəllimin qiymət yazarkən haqsızlıq etməsi olmuşdu. Hər halda Rəşad belə fikirləşirdi. Başqasından köçürən şagirdə “5”, yaxşı oxuyan şagirdə isə “3” qiymət yazılması Rəşadı özündən çıxarmışdı. Sonra məlum oldu ki, başqasından köçürən tənbəl şagird hansısa hörmətli adamın oğludur, Rəşad da müəllimə buna görə etiraz edib. Müəllim isə Rəşadı təhqir edəndə o, dözməyib jurnalı cırmışdı. Onunla nə qədər söhbət etsək də günahını boynuna almadı. Onda bir daha əmin oldum ki, Rəşad normal adamlara xas olmayan illüziyalar aləmində yaşayır. Bir neçə il sonra Rəşadın adam bıçaqlaması xəbərini eşidəndə düşündüm ki, onun psixikasında nəsə baş verib. Mən haqlı idim. Rəşad çayxanada oturubmuş. Orada başqa adamlar çaypaylayanı təhqir ediblər. Rəşad da onun müdafiəsinə qalxıb. Həmin adamlar çayçını buraxaraq Rəşadın üstünə tökülüblər. Özünü Robin Qud sayan Rəşad da onlardan birini vurub öldürmüşdü”.
Yeri gəlmişkən, bu cinayətinə görə R.Mirələmova 12 il həbs cəzası verilmişdi. O isə özünü günahkar bilmir, prosesdə də deyirdi ki, bizim qanunlar sərt və antihumanist, hakimlər isə satqındır.
Hakimlər bundan şoka düşmüşdü. R.Mirələmovun psixi durumunun yerində olmamasına, onda şəxsiyyətin ikiləşməsi halının müşahidə edilməsinə və bunun tibbi arayışla təsdiqlənməsinə baxmayaraq məhkəmə heyəti R.Mirələmovun məcburi müalicəyə göndərilməsindən imtina etmişdi. Məhkəmə yalnız Penitensiar Xidmətə R.Mirələmovu həbsxanada müalicə etməyi tövsiyə etmişdi.
Onun xəstəliyi isə güclənirdi. Buna görə də 3 ildən sonra psixiatrların təkidi ilə onu həbsxanadan vaxtından əvvəl azad edib müalicəyə göndərdilər. Sabunçu Rayon Məhkəməsinin 27 aprel, 2009-cu il tarixli qərarı ilə R.Mirələmov ixtisaslaşmış psixiatriya xəstəxanasına məcburi müalicəyə göndərildi. O, həkimlərin və valideynlərinin ciddi nəzarətində olmalı idi. Rəşad Mirələmov həmin il sentyabrın 25-də o, elə həmin məhkəmənn qərarı ilə ümumi tipli psixiatriya xəstəxanasına, 2010-cu il, iyunun 16-da isə məcburi ambulator müalicəyə göndərildi.
Keçmiş məhkum 2 il ərzində Lənkəran psixiatriya xəstəxanasına müntəzəm gedib-gəldi, müalicəsini aldı. Bir seansı da buraxmadı. Buna baxmayaraq Ramal Bayramovun ölümü də qaçılmaz oldu.
Amma bu hadisə qəfildən də olmadı. Buna gətirən səbəblər və hadisələr vardı. Amma əgər Lənkəran polisi öz işini düzgün görsəydi, tamahkarlıq etməsəydi, bu qətl olmaya da bilərdi. Polis isə gözü önündəki həqiqətləri görməzliyə vururdu. Polis bəzi adamların 5 saylı məktəbin həndəvərində, hətta məktəbin özündə belə şagirdlər arasında narkotik yaydığını, şagirdləri iynəyə oturtduğunu görmürdümü?
Həbsdən çıxan R.Mirələmov isə bunları görürdü. Görürdü ki, onun doğma məktəbi narkodilerlərin nəzarətinə keçib. Bir dəfə 11 yaşlı məktəblinin damarına iynə vurduğunu görüb uşağı tənbeh etmişdi. Uşaq ağlaya-ağlaya buna görə ondan qisas alınacağını demişdi. Uşaq narkotik yayan naməlum adamlara güvənir, onları nəzərdə tuturdu.
R.Mirələmov sonralar bu hadisəni Bakıda istintaq zamanı müstəntiqə belə nəql edəcəkdi: “Uşağa dedim ki, get onları çağır gəlsinlər, burada gözləyirəm. Birini çağırdılar. Mən həmin adamı tanıyırdım, özünü “blatnoy” kimi təqdim edirdi. Ona karlı bir zərbə endirib bir də bizim məhəlləyə narkotik gətirməməyi tapşırdım. Sonra onun dostları gəlib mənimlə “razborka” apardılar, qorxutmaq istədilər. Hamısını yerinə oturtdum. Düzdür, məni müdafiə edənlər də vardı. Axı düz söhbət edirdim”.
Müstəntiq: “Polisə xəbər vermək lazım idi, Robin Qudluq etmək yox”
R.Mirələmov: “Boş şeydir. Kim də olmasa siz yaxşı bilirsiniz ki, adamları narkotikə dadandıran bu əclaflar polisin nəzarəti altında işləyir. Bu yaramazlarla sərt söhbətimdən sonra polis məmurlarından biri yanıma gəlib məni qorxutmaq istədi. Mənə dedi başına oyun açaram. Onda da mən onu qorxudub dedim ki, bunu deputat əmimə deyərəm. Uşaqlarla yığışıb bunu Milli Məclisə də yazdıq. Amma heç nə dəyişmədi. Ona görə də bu məsələ ilə özüm məşğul oldum. Məni buna görə dəli sayırlar? Mən normal adamam!”
Polis məmuru ilə bu söhbətdən az sonra R.Mirələmovun telefonuna Bakıda zəng gəlib (bunu rabitə operatoru da təsdiq edib).
Özünü Ramal Bayramov kimi təqdim edən şəxs R.Mirələmovu ilk kəlmədən söyüb təhqir edib. Deyib ki, mən türmədə yatıb çıxan, Azərbaycan üzrə “smotryaşi” olan Ramal Bayramovam, oğru dünyasının avtoritetləri buranı mənə tapşırıb, sən isə bizim qaydaları pozursan, bizim icazəmiz olmadan öz qaydalarını qoyursan, mənim uşaqlarıma işləməyə imkan vermirsən, əgər mənim uşaqlarımdan əl çəkməsən, axırın pis olacaq. R.Bayramov daha sonra R.Mirələmovu da, onun deputat əmisini də küçə söyüşü ilə söyüb...
R.Mirələmov da borclu qalmayaraq söyüşə söyüşlə cavab verib. Ramal Bayramov bir də xəbərdarlıq edərək və hədələyərək telefonu söndürüb.
Bundan sonra R.Mirələmov narkotacirlərə qarşı daha amansız olub. Onları izləyib, tutub, əllərindəki narkotiki hamının gözü qabağında alaraq məhb edib. Bir həftədən sonra Ramal Bayramovdan R.Mirələmova yenə zəng gəlib. Ramal bu dəfə nisbətən mülayim danışıb və R.Mirələmovdan söhbətə gəlməyi xahiş edib. Bakıdakı “Mərakeş” restoranına görüş təyin olunub. R.Mirələmov Bakıya gəlib.
Ramal Bayramov cüssəli, sağlam və güclü adam idi, R.Mirələmov isə cansız, cılız. Ramal salam verməmiş ona hücum edərək yumruqla vurub. Sonra onu yerə yıxıb və Elnur Süleymanov, Elmar Qasımov və Səməd adlı dostları ilə birgə vəhşicəsinə döyməyə başlayıb. R.Mirələmov nə qədər döyüldüyünü xatırlamır. Bir də onda ayılıb ki, yıxılmaması üçün onu stula bağlayıblar, biri də onu bərk-bərk tutub.
Ramal əlindəki bıçağı R.Mirələmovun boğazına dirəyərək belə deyib: “Üstümə qorxmayıb tək gəldiyin üçün səndən xoşum gəldi. Buna görə də bu boş başını bu dəfə kəsmirəm. Mənə deyirdilər ki, sən psixsən. Düz deyirmişlər. İndi isə rədd ol, bir də mənim uşaqlarıma ilişmə”.
Bundan sonra baş verən hadisələr isə “Min bir gecə” restoranında baş verəcək qanlı hadisəni yaxınlaşdırırdı. Hər şey R.Mirələmovun iki məktəb yoldaşının - tikintidə ustalıq edən Taleh Həsənovla Valeh Əliyevin onun yanına gələrək problemlərini danışmasından başladı. Ustalar deyirdilər ki, onlar iki ay əvvəl Hacı Etibar adlı bir nəfər üçün iş görüblər. Razılaşmaya görə, iş bitəndə Hacı Etibar onlara 18 min manat zəhməthaqqı verəcəkmiş. Hacı Etibar onlara avans (beh) da verib. Sonra ustalar təmir üçün gərək olan tikinti materiallarını mağazadan nisyə götürüblər. Mağaza sahibi də ustaları tanıdığından bunu həvəslə edib.
Lakin təmir işlərinin başa çatmasına az qalmış Hacı Etibar nəyə görəsə həbs olunub. Ustalar pullarını ala bilməyiblər. Mağaza sahibi isə materialların pulunu tələb etməyə başlayıb. Çarəsiz qalan Taleh Həsənov bütün Lənkəranın yaxşı tanıdığı Zamin Bağırov adlı sələmçiyə yalvararaq ondan faizlə pul alıb, mağazanın borcunu ödəyib. Hacı Etibar türmədə qaldıqca faizlər də artaraq ustaların ondan alacağı həddə çatıb.
Vəziyyət gərginləşəndə uşaqlıq dostları olan ustalar R.Mirələmovdan bu məsələdə kömək istəyiblər. R.Mirələmov Hacı Etibarın qardaşı Vurğun Qazıyevi tanıyırmış. Məsələni ona çatdırıb. Vurğun da elə həmin axşam təcridxanada qardaşı ilə görüşərək vəziyyəti danışıb. Hacı Etibar isə cavabında deyib ki, avtomobil təmiri sexinin sahibi Firdovsi Bağırovun ona təxminən elə təmirə xərclənən məbləğdə borcu var, maşınını Firdovsiyə satıb, amma pulu ala bilməyib, Firdovsi həmin pulu ustalara versin, məsələ bitsin.
R.Mirələmov məktəb yoldaşları Taleh və Valehlə birgə Firdovsinin yanına gediblər. Lakin Firdovsi əvvəlcə qəzəbli halda onlara qəpik də verməyəcəyini deyib. Pulu verməkdən imtina edib. Belə olanda R.Mirələmov Firdovsinin yaxasından yapışaraq onun Hacı Etibara borclu olduğu pulu sonuncunun borclu olduğu ustalara verməyi tələb edib. Bundan sonra Firdovsi möhlət istəyib, and içib ki, pulu bir həftəyə düzəldib verəcək.
Bir həftə həftələrə dönsə də pul gəlib çıxmayıb. Üstəlik Firdovsi bu uşaqlardan qaçıb gizlənməyə başlayıb. Faizlər isə artmaqda davam edib. Belə olan halda R.Mirələmov sələmçi Zamin Bağırovun yanına gedərək ondan ustaların vəziyyətini nəzərə almağı, faiz hesablanmasını dayandırmağı xahiş edib. Sələmçi isə onu eşitmək belə istəməyərək qapıdan qovub, itələyə-itələyə həyətdən çıxarıb. Bundan qəzəblənən R.Mirələmov da öz növbəsində sələmçini söyüb, onu ağzından sarımsaq iyi gəldiyi üçün özündən kənara itələyib.
İstintaq protokolundan çıxarışlar:
Müstəntiq: “Rəşad Mirələmov sizdən pulu özü üçün istəyirdi?”
Zamin Bağırov: “Yox, hansısa uşaqların xahişini edirdi. Xahiş edirdi ki, faiz hesablamağı dayandırım”.
Firdovsi Bağırov: “Yox, pulu özünə istəmirdi. Yanında ustalar var idi. Pulu onlar üçün istəyirdi”.
Müstəntiq: “Rəşad Mirələmov bu tələblərini səsləndirəndə sizə fiziki təzyiq göstəribmi?”
Zamin Bağırov: “Hünəri var idi göstərəydi. Onu təkcə sol əlimlə büküb yıxardım...”
Firdovsi Bağırov: “Yox, təzyiq göstərməyib. Düzdür, bir dəfə yaxamdan yapışdı. Amma bundan başqa heç nə eləmədi...”
Burada bir vacib məqam bu protokola salınmayıb. Belə ki, kimsə Ramal Bayramova deyib ki, Rəşad Mirələmov adamlardan guya hədə-qorxu ilə pul alır. Bu söhbət R.Bayramova şişirdilmiş və təhrif olunmuş formada çadırılıb. Bəs bunu etmək kimin marağında idi? Digər tərəfdən, bu pullarla Ramal və dostları arasında hansısa əlaqə vardımı? İndi-indi üzə çıxır ki, bu pullarla narkotik tacirləri arasında əlaqə var imiş.
Bundan əlavə, Rəşad Mirələmov “Mərakeş” restoranında döyüləndən sonra narkodilerlərə mane olmaqda davam edib. Onlara dinclik verməyib. Ramal Bayramov Rəşad Mirələmova buna görə tez-tez zəng edib hədələyirmiş. Bu telefon təhdidləri sonradan cavabsız qalıb. Rəşad Mirələmovun telefonuna zəng gələndə monitorda “qanqster Ramal” sözləri yazılan kimi Rəşad telefonu söndürürmüş.
Amma bir dəfə başqa cür olub. Rəşad Mirələmov Bakıda bərbərxanada olanda ona tanımadığı nömrədən zəng gəlib. Telefonu açan kimi Ramalın səsini tanıyıb. İstintaq materiallarına görə, onların arasında belə dialoq olub:
-Gicbəsər, Rəşad, indi də mənim pullarıma ilişirsən?
-Gicbəsər özünsən. Sən pullarını mənə bağışlasan da götürmərəm.
-Bəs onda Zaminin (Bağırov-red.) yanına niyə getmişdin? Ondan niyə dollar və avro tələb etmişdin? Zamin mənə hər şeyi danışıb.
-Zamin sənə yalan danışıb. Mən ondan sələmə götürülən pulun faizlərini dayandırmağı xahiş eləmişdim.
-Sən doğrudan da başdanxarabsan. Sən heç bilirsənmi ki, mən həmin faizlərdən gələn pulu türməyə, “obşak”a yollayıram?! Bilirsənmi buna görə sənə neyləyərlər? Tez ol, dur “Mərakeş” restoranına gəl, söhbətimizi orada çürüdək. Yoxsa gəlməyə qorxursan?!
-Gəlməyinə gələrəm, amma sən deyən yerə yox. Bu dəfə də sən gəl. Səni “Min bir gecə” restoranında gözləyəcəm. Bilirsən restoranın yerini?
-Məsələ həll olundu. Danışdıq.
Ramal Bayramov bunu deyib telefonu söndürüb.
Rəşad Mirələmov özü ilə tapança götürüb restorana gedir. Ramal Bayramov da elə həmin dostları ilə gecə yarısı gəlib çıxır. Onlar heç kimin diqqətini cəlb etməmək üçün “besedka”ya çəkilirlər. Qolunun gücünə arxayın olan Ramal onu müşayiət edən dostlarına kənarda dayanıb gözləməyi əmr edir.
Sonra baş verənləri isə bilirik. Ona görə də gəlin yenə də iki obyektiv sənəddən sitatlar gətirək.
Məhkəmə-tibb ekspertizasının rəyində diyircəkli qələmlə aşağıdakılar yazılıb: “Klinikaya müraciət edən vətəndaş Rəşad Cavid oğlu Mirələmovun bədənində küt alətlə yetirilmiş 30 xəsarət (ilkin ehtimala görə, əl və ayaqla yetirilmiş xəsarət) qeydə alınıb. Onların bir çoxu ciddi travmatik xəsarət sayılır. Çənəsindən xəsarət alıb, dişləri tökülüb, beşinci və altıncı qabırğaları arasında çat qeydə alınıb. Beyin silkələnməsi əlamətləri müşahidə edilib...”
İkinci sənəddə - trassoloji ekspertizanın rəyində yazılır: “Güllə bədənə aşağıdan yuxarıya doğru olmaqla girib. Bu da atəşin uzanıqlı halda, altdan yuxarı açıldığını göstərir”.
Ramal Bayramovgil bir neçə nəfər idi. Bərk döyülən Rəşad Mirələmov yarıhuşsuz halda yerdə uzanmışdı. O, əlində bıçaq olan Ramalın onun üstünə necə gəldiyini görür. Rəşad şiddətli ağrılara baxmayaraq belindəki tapançanı çıxarıb tətiyi çəkir. Ramal Bayramov bir anlığa yerində donub qalır, sonra isə guppultu ilə Rəşadın ayağı tərəfə yıxılır.
Ramalın “besedka”da baş verənləri kənardan izləyən dostları Elnur Süleymanov, Elmar Qasımov və Səməd adlı şəxslər atəş səsini eşidərək “besedka”ya qaçırlar. Rəşad onları dayandırmaq üçün havaya atəş açmağa başlayır. Sağa-sola səpələnən güllələrdən biri Elmar Qasımovun əlinə dəyir. O, qışqırır. Bundan sonra dostlar geri qayıdıb qaçırlar...
Sonralar onların hər biri müstəntiqə belə deyəcəkdi: “Ramalın bizi növbəti “razborka”ya apardığını bilmirdik. Ramalın dava-dalaşsız günü olmurdu. O, dava etmədən yaşaya bilmirdi. Yerli-yersiz dava salırdı. Bu başdanxarab Rəşadın Ramaldan guya hədə-qorxu ilə pul tələb etməsi barədə deyilənlər isə cəfəngiyyatdır. Ramaldan heç kəs pul ala bilməzdi. Ramal özü pul almağa adam axtarırdı...”
Ramal Bayramovun məşuqəsi Firuzənin dedikləri də bu cinayət işi ilə bağlı bir çox maraqlı məqamlara işıq salmaq baxımından çox maraqlıdır. Firuzə adlı bu qadın mərhum Ramal Bayramovu belə xarakterizə edir: “Mən Ramaldan qorxurdum, çünki məni tez-tez döyürdü. Özü də bundan ləzzət alırdı. Deyirdim ki, məni niyə döyürsən. Cavab verirdi ki, səni istənilən vaxt hətta öldürə də bilərəm və buna görə mənə heç kim heç nə deməz. Ramal həmişə Rusiyada yaşayan və çox böyük adamları öz əllərində, nəzarətlərində saxlayan hansısa bossları ilə öyünürdü. Onların hamısının familiyalarını sadalayır, adlarını hörmətlə, özünəməxsus şəkildə çəkirdi. Üz vurmayın, mən həmin adamların adlarını burada çəkə bilmərəm. Çünki hələ yaşamaq istəyirəm. İndi Ramal yoxdur. Həyatım rahat olacaq. Döyülməkdən canım qurtardı. Sizə bir sirr açım, Ramal kimisə döyüb evə gələndə sevinirdim ki, bu sadistin daha mənimlə işi olmayacaq”.
İşin mahiyyətinə qayıdaq. Birinci cinayət işi üzrə proses onunla yekunlaşdı ki, “smotryaşi”nin dostları Elnur Süleymanov, Elmar Qasımov və Səməd adlı şəxs cinayətdə təqsirli bilinərək müxtəlif müddətlərə həbs cəzasına məhkum edildilər.
İkinci cinayət işi ilə bağlı baş verənlərdən isə heç şeytan da baş açmaz. Bu işi araşdırdıqca Ramal Bayramovun məşuqəsi Firuzənin dediklərini xatırlamaya bilmirsən: “Ramalın rusiyalı bossları çox böyük adamlara təsir göstərə bilir”.
İstintaq aşkar həqiqəti görmədi, daha doğrusu, görmək istəmədi. Hər şeyi kor-koranə etdilər. Onların dediyindən belə çıxdı ki, Rəşad Mirələmov zərərçəkənlərə hədə-qorxu gəlməklə (!) onlardan pul tələb edirmiş, Ramal Bayramovu da anlaqlı vəziyyətdə olaraq qəsdən və tamah məqsədilə (!!) öldürüb.
Bu, yumşaq desək, yanlış qənaətdir, həqiqət deyil. Bakı Ağır Cinayətlər Məhkəməsinin kollegiyası prosesin gedişindəcə müstəqil məhkəmə araşdırması aparmağı nəzərdə tutan prosessual qanunvericiliyin tələblərinə məhəl qoymayaraq ilkin istintaqın gəldiyi yanlış nəticələri əsas götürüb.
Burada Səhiyyə Nazirliyinə və Lənkəran psixiatriya xəstəxanasına açıq-aşkar təzyiq göstərmək məqsədilə onlara məktub göndərən prokurorluğun da təsiri hiss olunur. Bu təsir nəticəsində hadisələr təhrif edilib. Bu məktubların nəticəsi göz önündədir. Belə ki, lənkəranlı həkimlər məhkəməyə Rəşad Mirələmovun psixiatrik uçotdan çıxarılması barədə qəfil təqdimat göndərmişdilər. Halbuki bunu yalnız məhkəmə-tibbi ekspertizanın pasiyentin sağalması barədəki rəyi əsasında etmək mümkündür. Bu rəy isə yoxdur.
Yeri gəlmişkən, bu günlərdə Bakıda səfərdə olan məşhur rusiyalı kriminal psixiatriya mütəxəssisi, tibb elmləri doktoru, professor İlya Mixayloviç Kats virtualaz.org saytının xahişi əsasında bu işlə tanış olub, bu işlə bağlı rəylərə, sənədlərə baxıb, sonra da Rəşad Mirələmovun “anlaqlı” olmasına dair məhkəmə qərarını şərh edib.
İ.Katsın dediklərindən: “Azərbaycan psixiatriya məktəbi çox güclüdür. Amma bu cinayət işi üzrə oxuduğum sənədlərdə çoxlu qeyri-dəqiqlik halları gördüm. Mənim azərbaycanlı həmkarlarım da yaxşı bilirlər ki, şəxsiyyətin psixi baxımdan ikiləşməsi çox təhlükəli haldır. Bunun nəticələrini qabaqcadan təyin etmək mümkün olmur. Bu işin qəhrəmanı olan Mirələmova göstərilmiş fiziki təzyiqlər onda indiyə qədər “mürgüləmiş” xəstəliyi oyadıb. Fiziki təzyiq belə insanları onun ikinci “mən”inə - onun reallıq kimi qavradığı illüziyayalar aləminə doğru qovur. Belə vəziyyətdə isə hətta sağlam psixikaya malik insan da qeyri-adekvat davrana bilər”.
Lakin göründüyü kimi, Azərbaycan məhkəmələri bu xüsusatların heç birini nəzərə almayıb. Məhkəmənin qərarı sarsıdıcıdır: ömürlük həbs!
Əlbəttə ki, heç kim Rəşad Mirələmovu yuyub yarpız üstə qoymur. O, əlbəttə ki, mələk deyil. Lakin bu hökmdən ədalət qoxusu da gəlmir...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?