"Sevil Massivi" Mənzil Tikinti Kooperativinin (MTK) rəhbərliyinin aldatdığı vətəndaşlar dünən Prezident Administrasiyası (PA) qarşısında aksiya keçirdi.
Onlar Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən də aldadıldıqlarını bildiriblər. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti mülk sahiblərinin pullarının notarial qaydada qaytarılması üçün komissiya yaradıb. Aldadılan payçılar isə komissiyanın işindən narazı qaldıqlarını, süründürməçiliklə üzləşdiklərini bildirirlər.
Prezident Administrasiyasının hüquqşünası Əli Zeynalov payçıların nümayəndəsi kimi 3 nəfər zərərçəkmişi qəbul edib. Zərərçəkənlər qəbula daha çox adamın getməsini tələb etsələr də, bu tələb yerinə yetirilməyib.
Ə.Zeynalov zərərçəkmişlərin problemini dinləyərək bildirib ki, onlar bazar ertəsi-24 noyabr saat 10:00-da Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin qarşısında olsunlar. O, burada payçıların idarənin rəisi Kamran Əliyev tərəfindən qəbul olunacağını vəd edib.
Payçılar da sözügedən idarənin qarşısına daha çox zərərçəkənin gəlməsini tələb etdilər. Onlar hesab edir ki, idarənin qarşısında payçılar çox olarsa, şikayətlərini ciddiyə alarlar, qəbul edib problemlərinin həllinə çalışarlar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?