“Millət nə vaxtsa öz etirazını bildirəcək. Necə ki, İsmayıllı camaatı bildirir”
İsmayıllının keçmiş deputatı, şair Musa Yaqub yanvarın 23-də rayonda baş vermiş gərgin olaylara münasibət bildirib. O, açıqlamasında doğulduğu İsmayıllı rayonunda sakinlərin etiraz aksiyası keçirməsinə bəraət qazandırıb və son vaxtlar İsmayıllıda məmur özbaşnalıqlarının geniş vüsət aldığını bildirərək, baş verən hadisənin gözlənilən olduğunu deyib. “Mən İsmayıllı hadisələrinə sadəcə təəssüf edirəm. Bu nədir? Bir şeyi başa düşə bilmirəm. Məmurlar, milləti incidənlər... Onlar birdəfəlik bilsinlər ki, milləti təhqir etmək olmaz”-deyən Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Yaqubun sözlərinə görə, məmurların əlindən İsmayıllıda torpaq, meşə belə qalmayıb: “Hamısını qamarlayıblar. Hər yeri, hətta meşədəki ağacları da mənimsəyiblər. Bu hakimiyyətin və özlərinin mahiyyətidir. Amma təzədən camaatı niyə təhqir edirlər? İsmayıllının çörəyini yeyib, özlərini də təhqir etmək nə əxlaq, mədə mənəviyyata sığın haldır. İsmayıllılar o təhqiri yaxşı ki, qəbul eləmədi. Sən axı niyə camaatı təhqir etməlisən? Ona görə də öz etirazlarını bildirdilər. İsmayıllı çörəyi ilə dolananlar bunu başa düşməlidir: Quba hadisələri də belə oldu. İcra başçısı milləti təhqir etdi, camaat da buna dözmədi. Başları yoxdur, başa düşmürlər ki, millətin çörəyini yeyib onu söymək olmaz. Özü də üzünə qarşı. Halaldır, yaxud da haramdı özləri bilər. Amma adam yediyi çörəyə kəm baxmaz. Ayıbdır, camaatı ayaq altına salmaq olmaz. Bir gün səbir kasası daşar və o zaman nələrin olmasını düşünün. Millət nə vaxtsa öz etirazını bildirəcək. Necə ki, İsmayıllı camaatı bildirir. Biz bunu gözləmirdik. Görürsünüz, söyüşlə, təhqirlə, təhdidlə irəli getmək olmaz. Nə vaxtsa millət üzünə qayıdacaq. O zaman bunun qarşısında necə tap gətirəcəksən?” “Bilirsiz ki, camaatın içində narazılıq var. Amma bu narazılığı məmurlar, rəhbərlər başa düşmürlər. İsmayıllılar elə mədəni insanlardır ki, yurdundan nəyin satılıb, nəyin alınmasına dinmir. Baş verənlərə səbr edir, dayanır. Bu məmurlar İsmayıllını yeyib-dağıdırlar, sonra xalqı söyürlər. Gəlmisən İsmayıllıya, yeyib-içib hər şeyi dağıdırsan, sənə göz yumurlar, bəs milləti niyə təhqir eləyirsən? Mənim ürəyim yanır ki, İsmayıllı gör kimlərin əlindədir. İsmayıllılar indiyədək bu qədər qəzəbli olmayıblar. İnsanlar artıq bu haqsızlığa, ədalətsizliyə dözə bilmirlər. Meşələrimiz satılıb, torpaqlarımız satılıb, İvanovkamız satılıb. Bu bəs deyil? Başa düşmürəm onlar nə istəyirlər? Yeyib talayırsınız, üstəlik durub sadə insanları söyürsünüz də... Camaat buna necə dözə bilərdi? Məmurlar özlərinə gəlməlidirlər. Bu qədər də özbaşnalıq olmaz. Min illərdir bu torpaq ismayıllılarındır. Ora mənim yurdumdur. Biz oralıyıq. Amma dünən vəzifəyə gələn birisi rayonu satıb yeyir, bu azmış kimi milləti də söyür. Yaxşı ki, millətimizdə heç olmasa bu kimi harınlamış insanların söyüşlərinə, təhqirlərinə qarşı dözüm yoxdur. Mən öz millətimdən buna görə də razıyam”,- deyə M.Yaqub narazılığını ifadə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?