Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) təhlükələrdən qorunmaq üçün “Android” istifadəçilərini qeyri-rəsmi veb-mağazalardan proqram təminatı yükləməməyə çağırır.
ANS PRESS-in məlumatına görə, son zamanlarda ”Google Play”də video, musiqi və şəkil yükləmək üçün istifadə olunduğu iddia olunan proqram təminatının, əslində SMS troyan olduğu aşkar olunub.
Paket adı “com.FREE_APPS_435.android”olan SMS troyan, istifadəçiləri müxtəlif növ şəkil, mahnı tipli məzmunları yükləməyə imkan verən proqram təminatı şəklində təqdim edilib.
İstifadəçi proqram təminatının “Google Play”dəki səhifəsinə daxil olduqda, o, həmin proqramın veb proqramçısının saytına yönləndirilir. Bu zaman ekrana iki banner və keçid çıxır. Bu bannerlər istifadəçilərə göstərilən nömrəyə SMS göndərmək müqabilində məzmun (şəkil, mahnı) endirməyi təklif edir. Son nəticədə göndərilən mesajla,istifadəçi hər gün müəyyən məbləğ ödənilərək istifadə oluna bilən xidmətə qoşulur. Eyni zamanda bədniyyətli istifadəçilərin mesajlarına daxil ola, onları oğurlaya və ya mesajlarına cavab verə bilər. Beləliklə, istifadəçi aldadılır, ilkin olaraq ona təklif olunanları əldə edə bilmir, gündəlik onun balansından pul çıxarılır, və mesaj yazışmalarında məxfilik pozulmuş olur.
Tədqiqatçılar bu və bənzər troyanların “Android/Trojan.SMS. Agent.” olduğunu qeyd edirlər.
ETM bu kimi təhlükələrdən qorunmaq üçün Android istifadəçilərini qeyri-rəsmi veb-mağazalardan proqram təminatı yükləməməyə çağırır. Eyni zamanada istifadəçilərə mobil antivirus proqramlarından istifadə etməyi tövsiyə edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?