Daha 10 sahibkar aksiya ilə bağlı saxlanılıb, bazar sahibi ticarətçiləri hədələyib
“Binə” Ticarət Mərkəzində keçirilən aksiyada həbs edilənlərlə bağlı müdafiə tədbirləri gücləndirilir. Vəkil Xalid Bağırovun sözlərinə görə, artıq bir neçə vəkil və hüquq müdafiəçisi prosesə qoşulmaq üçün müraciət edib. Onlar həbs edilən sahibkarların müdafiəsində iştirak etmək istəyirlər. Bu günlərdə “Binə” Ticarət Mərkəzinə gedib sahibkarlarla görüşməyi, onların tələblərini öyrənməyi düşünürlər. Problemləri müəyyən edib ümumiləşdirəndən sonra çıxış yolları barədə qərar qəbul olunacaq. Həbs olunanlarla bağlı istintaq gedir. Vəkil deyir ki, bir neçə nəfərin işinə nəzarət edə bilirlər, qalanlarının işi ilə əsasən yaxınları məşğul olur. X.Bağırovun sözlərinə görə, İsmayıllıda baş verən son olaylar gündəmi sözün əsl mənasında işğal etdiyi üçün vəkillərin də planlarına təsir edib: “Yanvarın 25-də “Binə” Ticarət Mərkəzində keçirilən aksiyada həbs edilənlərlə bağlı növbəti tədbirimizi keçirməli idik. Amma İsmayıllıda baş verənlərdən sonra işlərimiz həddən artıq çoxalıb. İndi dəqiq bilmirik ki, bu tədbir baş tutacaq, ya yox. Amma ümumilikdə proses nəzarətdədir və “Binə” olayları diqqətdən yayınmayacaq”. Hazırda “Gündəm-xəbər”ə gələn məlumatlara görə, “Binə”də vəziyyət ürəkaçan deyil. Yanvarın 25-də tutulanların azadlığa buraxılması tələbi ilə mitinq keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq bu baş vermədi. Əvəzində isə dünən günorta saatlarında polis hücuma keçib. “Binə” bir qrup polis basqın ediblər. Polis qüvvələri yarmarkaya daxil olaraq 10 nəfər ticarətçini həbs ediblər. Səbəb isə təyin olunan həmin aksiya ilə bağlı olub. Polis qüvvələri ticarət mərkəzində etirazın qarşısını almaq üçün belə bir metod seçib. Bazar sahibi Kəbirə Məmmədova isə ona qarşı çıxan sahibkarları tək-tək həbs etdirəcəyini bildirib. O, qəzəbli şəkildə elan edib ki, həmin aksiyanı təşkil edənlər, onu pis vəziyyətdə qoyanlar cəzalandırılacaq. K.Məmmədova arxayıncasına deyib ki, ona heç kim toxuna bilməz. Bazar sahibi sahibkarları hədələyərək yer haqlarını vaxtında ödəməyi əmr edib. Əks halda bazardan çıxarılacaqlar. Qeyd edək ki, yanvarın 19-da ticarətçilər yer haqlarının qanunsuz artırılması ilə bağlı mitinq keçirib. 10 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Aslan
Sorğu
Yeni dizaynımız necədir?