Hazırda ölkəmizdə “Halal” adı ilə bir çox ərzaq məhsulları satılır. Cəmiyyətdə demək olar ki, bütün sahələrdə halalla-haramın sərhədlərinin itdiyi indiki dövrdə, xüsusilə, kolbasa-sosiska və digər ət məhsullarında «halal» adı uğrunda mübarizə çox ciddidir. Quşçuluq və ət məhsulları istehsal edən əksər şirkətlər üçün «Halal» sertifikatı almaq xüsusi əhəmiyyət kəsb edir. Ola bilər, bəzi müəssisələr həqiqətən halal məhsul istehsal etmək və satmağa çalışır, doğrudan da bu işlərə halallıqla yanaşır. Bəzi şirkətlərin isə sadəcə «Halal» sertifikat iddiasında olduğu da sirr deyil. Son vaxtlara qədər bütün analoji məhsulların üzərində «Halal» yarlığını görürdük. Sonradan, cəmiyyətin təpkisi ilə aidiyyatı dini qurum və dövlət orqanları məsələyə müdaxilə etdi. Həm də bu müdaxilə o qədər oldu ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi «Halal» standartları hazırlayaraq qəbul etdi. Hazırda cəmiyyətə rəsmən geniş açıqlanmayan bu standartlar əsasında məhsul istehsal edən müəssisələrə müvafiq sertifikatlar verilir. «Halallıq sənədi» adlanan bu sertifikatın alınması ilə bağlı yayılan məlumatlar barəsində oxucularımıza məlumat vermişdik. Mətbuatda yayılan xəbərlərdə bildirilirdi ki, halal sertifikatın əldə olunması üçün müəssisələr 500 min manatadək vəsait xərcləməli olurlar. Bu isə belə mülahizələrə yol açır ki, şərt o deyil ki, şəriətə uyğun halal məhsul istehsal edəsən, əsas odur ki, bu işləri görmək üçün pulun olsun. Ondan sonra kolbasaya donuz piyi və ya digər halal olmayan istənilən qatqılar qatıb halal adı altında rahat şəkildə sata bilərsən. Ona görə ki, daşdan keçən “Halal” sertifikatın var. (Əvvəlki yazının linki: http://analitik.az/index.php?sectionid=news&id=3885)
Məsələ ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “AzSERT” sertifikatlaşdırma orqanının rəhbəri Bəhram Yaqubovla əlaqə saxlayanda o, Analitik.az-a açıqlamasında «Halal sertifikat»ı ətrafında yayılmış «500 minlik» məlumatların həqiqətə uyğun olmadığını bildirmişdi: “Belə hallar ola bilməz. Halal sertifikatların verilməsində heç bir bir mənfi hallar yoxdur. Bu sənəd 4 il ərzində təkmilləşdirilərək dünyanın aparıcı müsəlman dövlətlərinin təcrübəsinə əsaslanaraq hazırlanıb. Bu sertifikatın verildiyi müəssisələrdə işlər aparıldı.”
Xatırlayırsınızsa komitə nümayəndəsi «Halal» sertifikatının dini və ictimai təşkilatlar tərəfindən verilməsinin daha məqsədəuyğun olmasına dair fikirlərə belə münasibət bildirdi: “Dini qurum sənəd verə bilməz. Söhbət texnoloji prosesdən gedir. Bu gün broylerlə bağlı işlər aparılır. Kəsimlə, mal ətinin istifadəsi və məhsulun halal olması ilə bağlı yerində yoxlamalar aparılıb və sənədləşdirilib”. B. Yaqubovun sözlərinə görə, istehsalla bağlı müəyyən olunmuş tələblərin yerinə yetirildiyinə kameralar vasitəsilə nəzarət edilir: “Halal sertifikatı verilən bütün müəssisələrdə kamera quraşdırılıb. Biz kameralar vasitəsi ilə prosesi izləyirik. Daim bu müəssisələr nəzarətdə saxlanılır. Gəlib sənədlərə də baxa bilərsiz ki, proses burda necə gedir. AİB-in sədri Eyyub Hüseynovla da görüşdük. Bizim bir marağımız var. Onların təşkilatı da, bizim idarə də istehlakçıların hüquqlarının müdafiəsilə məşğuldur.”
Qeyd edək ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Analitik.az-a bildimişdi ki, istehlakçıların AİB-ə çoxsaylı müraciətlərini nəzərə alaraq Qafqaz Müsəlmanları İdarəsinin və digər qurumların maraqlı olmasını əsas götürərək, Standartlaşırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və QMİ-yə məktub yazıb. «Çox keçməd ki, Komitənin təsis etdiyi “AzSERT” MMC-nin rəhbərliyi ilə görüşdük. Görüş zamanı “Halal”sertifikatlaşması işi ilə bağlı cəmiyyətdəki narazılıqlar, istehsal müəssisələrindən yüksək məbləğdə vəsait alınmasını və buna son qoyulması kimi digər məsələləri nəzərə çatdırsam da, təəssüf ki, bu neqativ hallar aradan qaldırılmaqdansa, əksinə daha da artdı.” – deyə, E.Hüseynov bildirmişdi. AİB sədri “Halal” standartın verilməsinin halallığa xidmət etməsi üçün bir çox təkliflər verdiyini, amma bunun da indiyədək nədənsə cavabsız qaldığını bildirmişdi.
Məsələ ilə bağlı Analitik.az-ın araşdırması zamanı, ümumiyyətlə, «Halal standartı»nın sözügedən Komitə tərəfindən müəyyənləşdirilməsinin və tətbiqinin hüquqi əsaslarının olub-olmaması ilk diqqəti cəlb edən suallardandır. Nə qədər texnoloji proses olsa da, dünyəvi dövlət olan Azərbaycanda fəaliyyət göstərən Dövlət Komitəsinin şəriət məsələsi olan hallalıq mövzusunda standart müəyyənləşdirməsi hüquq müstəvisində araşdırılır. Belə ki, Analitik.az-ın hüquqşünaslarla araşdırması bu mövzuda maraqlı sualları üzə çıxarır: müəyyənləşdirilmiş standartların əks olunduğu sənəd, normativ sənəd saylırmı və bu sənədin tələbləri kimlər üçün məcburidir? Dövlət Komitəsinin özünün nəzdində yaradılmış və bilavasitə quruma tabe olan “AzSERT” MMC-nin bu standartın tətbiqini həyata keçirməsi qanunçuluq və şəffaflıq (buna elə hallalıq da demək olar-red.) baxımından nə dərəcədə məqsədəuyğun və düzgündür? «AzSERT» MMC-nin texniki imkanları və kadr potensialı məhsulun «Halal» olmasına dair qəti və son söz deməyə kifayət edirmi? Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən hər hansı müəssisə beynəlxalq bir qurumdan «Halal» sertifikatı alırsa, onun təkrar olaraq Komitədən bu sertifikatı alması qanunun, yoxsa Komitənin tələbidir? Məsələn, “Səba” mal nişanlı toyuq məhsullarına bir il ərzində həm «GİMDES», həm də Komitənin adıçəkilən qurumu tərəfindən “Halal” sertifikatının verilməsi qanunun, yoxsa Komitənin tələbidir?
Həmçinin, hələ indiyədək nə Komitə, nə də «Halal» almış müəssisələr tərəfindən bu cür sertifikatın məhsulun istehsal partiyasına, yoxsa müddət üzrə verilməsinə dair aydın bir məlumat verilməyib. Yəni, verilən sertifikatın bir il ərzində bütün məhsulların halallığına zəmanət xarakteri daşımasını mütəxəssislər birmənalı qarşılamırlar. Təsdiq edilmiş standartlarda heyvanın kəsilməsindən tutmuş – son qablaşdırılmasınadək, bütün istehsal prosesinin şəriət qaydalarına uyğun həyata keçirilməsi öz əksini tapır. Məsələn, heyvanı kəsən qəssabın belə şəriətlə müəyyənləşdirilən «halal adam» kriteriyalarına uyğun olması tələb edilir. Hər dəfə heyvanı kəsən qəssabın «BismillahirRəhmanirRəhim» kəlmələri ilə əlini bıçağa aparmasına necə nəzarət etmək olur? Bu kimi incə məqamlara dair suallar çoxdur. Bütün bunları bir “AzSERT” MMC-nin təmin etməsi mümkündürmü? Bu prosesdə digər ixtisaslaşmış qurumlar iştirak edə bilməzlərmi? Ümumiyyətlə, həmin standartlarda əksini tapan tələblərə istehsal texnologiyasında əməl və nəzarət edilməsi praktiki cəhətdən bir qurum tərəfindən idarə oluna bilərmi?
Bu məhsullara tələbatı olan insanları daha bir məsələ maraqlandırır: Sertifikatın olması məhsulun halal olmasına zəmanət verir, yoxsa məhsulun yazılmış standarta uyğun gəlməsinə? Bütün bu suallar, əhalisinin əhəmiyyətli bir kəsimi halal məhsullara tələbatı olan cəmiyyətimizi maraqlandırdığından onlara cavab tapmağa çalışacağıq…
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?