Onlar yeni rektor Elxan Hüseynovdan şikayətçi düşüblər, hətta haqqında karikatura da yayıblar
Sumqayıt Dövlət Universitetinə (SDU) yeni rektor təyin ediləndən sonra böyük əksəriyyət elə zənn edirdi ki, keçmiş rektor «Qəssab Nadir» ləqəbli Nadir Qəhrəmanovun yaratdığı sistem dağıdılacaq və hər şey ən azından mərhələ-mərhələ qaydasına düşəcək. Lakin gözlənilənlərin tam əksi olaraq, universitetdə durum daha da pisləşib.
gundemxeber.az Jam.az-istinadən xəbər verir ki, sözügedən ali təhsil ocağının tələbələri dünən sosial şəbəkələrdə üzləşdikləri problemlərlə bağlı məlumat yayıblar. Həmin məlumatda deyilir ki, yeni rektor Elxan Hüseynov heç də keçmiş rektordan fərqli hərəkət etmir. Onların iddiasına görə, imtahan sessiyasına start veriləndən sonra tələbələrdən imtahanlardan keçmək müqabilində hər biri üçün 100 manat tələb olunur.
Bundan başqa, «zaçot» üçün də 50 manatın istənildiyini deyirlər. Bu pulu verməyənlərə qarşı təzyiqlərin edildiyi və imtahana buraxılmayacaqları ilə hədələndiyi də yayılan məlumatlar sırasındadır. Tələbələr qeyd edirlər ki, onlardan pul tələb edən müəllimlər tapşırığın Elxan Hüseynov tərəfindən verildiyini bildirirlər. Və bu səbəbdən də kimə müraciət edəcəklərini də bilmirlər.
Qeyd edək ki, tələbələr hətta SDU-dakı vəziyyəti əks etdirən karikatura da yayıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?