Hər kəsin yaddaşında bir cür iz buraxan 2014-cü il yekunlaşır. Bu il ərzində Azərbaycanın bütün sahələrində, eləcə də mətbuat sektorunda irəliyə doğru addımlar atıldı, informasiya mübadiləsi zamanı bəzən küskünlük, incikliklər də yaşandı. Modern.az-ın bir müddət öncəki sorğusunda jurnalistlər mətbuat xidmətləri rəhbərlərinin il ərzindəki fəaliyyətini qiymətləndirmişdilər. İndi isə növbə mətbuat katiblərinindir. Modern.az saytı dövlət qurumlarının mətbuat katiblərilə keçirdiyi sorğunu təqdim edir. Mətbuat katiblərindən kimlər jurnalistlərdən narazıdır, kimlər razı...
Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli: “Bu il ölkəmiz öz müstəqilliyinin növbəti ilini uğurla başa vurdu. Azərbaycan müxtəlif istiqamətlərdə irəliyə doğru addımlar atıb və müstəqil respublika olaraq dünyada öz nüfuzunu daha da möhkəmləndirib. Xarici siyasətində də çox düşünülmüş ardıcıl siyasi xətt yeridilib ki, bu da ölkəmizin nüfuzunun qorunub saxlanmasına xidmət edib. Mətbuatımız da eyni zamanda çox yüksək inkişaf mərhələsinə çatıb və Azərbaycan dövlətinin mənafeyini, milli maraqlarını müdafiə etmək, əhalinin qarşısna çıxan problemlər barədə söz açmaq, analitik yazılar vermək, verilişlər hazırlamaq, maarifləndirici proqramlara üstünlük vermək bu ilki sevindirici hallardandır. Hesab edirəm ki, Azərbaycan jurnalistikası bölgədə qabaqcıl jurnalistika səviyyəsinə qədər qalxa bilib, peşəkarlıq artıb və materiallara obyektiv yanaşma çoxalıb. Təbii ki, bəzən bir sıra mətbu orqanlarının verdiyi materiallar narazılıq doğurub və ya xoşagəlməz olub. Düşünürəm ki, Azərbaycan dövlətinin mənafeyini, imicini qorumaq, demokratiya və söz azadlığı adı altında, kənardan səslənən qeyri-obyektiv fikirlərə, sözlərə sevinərək öz səhifələrində yer vermək, bundan şadlanmaq, əlini əlinə sürtərək yazılar vermək, əlbəttə ki, xoşagələn hallar deyil. Müxalifətdə də olmaq olar, amma dövlətin mənafeyi, xalqın mövqeyi hər şeydən üstündür. Onları hansısa təmənnaya, güdaza vermək olmaz. Yekun olaraq onu deyim ki, ölkəmiz bu il də inkişaf edib, onunla paralel olaraq mətbuatımız da, KİV-in müxtəlif sahələri, televiziyalar, radiolar, xəbər agentlikləri, saytların hamısı inkişafda olub. Ümumən mətbuatın 2014-cü ildəki fəaliyyətini mübət qiymətləndirirəm”.
Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Dərgahlı: “Müdafiə Nazirliyinin rəhbərliyi Mətbuat xidməti öz qarşısına mətbuatla münasibətləri dövlət sirlərinin qorunmasını təmin etməklə qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında qurmağı prioritet vəzifə qoyub. Bu səbəbdən də il ərzində görülən işlər məhz həmin istiqamətdə aparılıb. 2014-cü il ərzində Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, Müdafiə Nazirliyinin fəaliyyəti və ordunun təbliğ olunması nazirliyin rəsmi internet səhifəsi vasitəsilə yayılması ehtiyac bilinən çox informasiyalarda öz əksini tapıb. Bundan əlavə, il ərzində media nümayəndələrindən bizə 400-ə yaxın sorğu daxil olub və onların əksəriyyəti cavablandırılıb. Heç şübhəsiz, cari ilin yay aylarında cəbhədə vəziyyətin gərginləşdiyi dövr də hamımızın yadındadır. Həmin günlərdə informasiya məkanında xaotik, pərakəndə bir situasiya yarandı. Qeyri-dəqiq, həqiqətdən uzaq, yalan, əksər hallarda təhrif olunmuş, ictimaiyyəti çaşdıran, narahat edən, olduqca zərərli məlumatlar yayıldı və bu məlumatların axını qısa bir müddətdə media məkanını “işğal” etdi. Ancaq vətənpərvər, peşəkar, Vətəni, Ordunu, həqiqi mənada sevən, onun uğurlarına sevinən media nümayəndələrimizin sayı daha çoxdur. Həmin günlərdə kütləvi informasiya vasitələrinin nümayəndələri, televiziya kanalları, informasiya agentlikləri, qəzetlər sözün əsl mənasında səfərbər oldular. Müdafiə Nazirliyinin təşəbbüsü ilə onlar döyüş bölgələrinin müxtəlif istiqamətlərinə ezam edildi. Məhz bu tədbirlər nəticəsində cəbhədəki real vəziyyət və Silahlı Qüvvələr haqqında obyektiv informasiya vaxtında ictimaiyyətə çatdırıldı. Ümumilikdə, son dövrlər kütləvi informasiya vasitələrində Silahlı Qüvvələrin təbliğinə daha çox diqqət verilir. Şəhidlərimizin əsgəri ənənələrə uyğun olaraq son mənzilə yola salınması, vida mərasimlərində dövlət qurumları və ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin iştirakı, Milli Qəhrəmanların və keçmiş döyüşçülərin anım mərasimlərinin keçirilməsi, döyüşlərdə fərqlənən hərbçilərə dövlət təltiflərinin təqdim edilməsi Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunu, düşmən üzərində qələbə əzmini daha da artırır. Mətbuat xidməti olaraq ilk növbədə Silahlı Qüvvələrin təbliğ olunmasında kütləvi informasiya vasitələri nümayəndələri tərəfindən göstərilən dəstəyə görə minnətdarlığımızı bildirmək istərdik. Ümid edirik ki, qarşıdan gələn yeni ildə media nümayəndələri Silahlı Qüvvələrimizi təbliğ etmək, ordumuzun müsbət imicini formalaşdırmaqla düşmən üzərində qələbəmizi bir qədər də yaxınlaşdıracaqlar”.
Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova: “Bu il də həmişə olduğu kimi, KİV-lə çox sıx və səmərəli əməkdaşlıq etdik. Mənim fəaliyyətim bu il iki hissəyə bölünür. Dekabr ayına kimi ADU-dakı, dekabrdan isə Bakı Ali Neft Məktəbindəki işim... Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr departamenti bu vaxtadək bütün mətbuat nümayəndələri ilə qarşılıqlı işgüzar şəraitdə çalışıb. Müxtəlif media orqanlarının sorğularını cavablandırdıq. Bir neçə sayt və qəzetdə, fəaliyyətimizlə bağlı müsahibələrimiz də oldu. Dekabr ayından artıq Bakı Ali Neft Məktəbində çalışmağa başladım və elə ilk gündən də dəyərli həmkarlarım burda da məni "tək qoymadılar". Artıq stolumun üstündə bir necə müsahibə təklifi və ya hazır müsahibə var. Bununla yanaşı, BANM-də keçirilən tədbirlər haqda media məlumatlandırılır və jurnalistlər bu tədbirlərin ictimaiyyətə çatdırılmasında bizə yardımçı olurlar. Mənim harda olmağımdan asılı olmayaraq, bütün KİV nümayəndələri, həmkarlarım mənim üçün doğmadır, onların fəaliyyətini çox yüksək qiymətləndirirəm. Mən hamıdan razıyam, istər TV-də, istər sayt və ya agentlikdə, istərsə də, yazılı mətbuatda çalışanlar olsun...”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli: “Hər sahədə olduğu kimi, jurnaslitikada da peşəkarlar və qeyri-peşəkarlar var. İkinci katqoriyadan olanları mən jurnalist adlandırmıram. Təbii ki, yüksək səviyyədə işinin öhdəsindən gələn mətbuat nümayəndələrimiz çoxdur. Onlarla bu il ərzində əməkdaşlığımızı sıx şəkildə davam etdirmişik, yenilərilə də tanış olmuşuq və bundan çox məmnunam. Bir sözlə, yeni ildə öz həmkarlarıma can sağlığından başqa, peşəkarlığı artırmağı arzu edərdim. Media orqanları arasında mövcud olan əsas problem ancaq peşəkarlqla bağlıdır. Ona görə məhz peşəkar olmağı arzu edirəm”.
Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova: “Mətbuatdan narazı qalmaq yox, onunla işləməkdan zövq almaq lazımdır. Biz mətbuat xidməti rəhbərləri olaraq, təmsil etdiyimiz universitet haqqında medianın maraqlandığı suallara cavab verməliyik. Yəni, informasiya vermək bizim vəzifə borсumuz, informasiya hazırlamaq da jurnalistin peşə borcudur. Bakı Dövlət Universitetinin mətbuat sözçüsü olaraq mətbuata hər zaman açığam. Jurnalistlərin suallarını sosial şəbəkələr, ya da digər vasitələrlə cavablandırıram. Özüm jurnalist təhsilli olduğum və bir vaxtlar mətbuatda işlədiyim üçün informasiyanın qələm əhli üçün daşıdığı əhəmiyyəti çox yaxşı başa düşürəm. Mətbuatla incikliyim və narazılığım yoxdur. Hər mətbuat orqanı və hər bir jurnalist ilə onun öz dilində danışmağı bacarıram”.
Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev: “Maliyyə Nazirliyinin mətbuat katibi kimi jurnalistlərlə sıx və işgüzar əlaqələrim var. İqtisadi sahə ilə bağlı yazan jurnalistlərin demək olar ki, hamısında mənim həm iş, həm də mobil telefon nömrələrim var. Həmçinin, sosial şəbəkələrdə fəal istifadəçi kimi, jurnalist həmkarlarımla sıx əlaqədəyik. Hesab edirəm ki, bu qeyd etdiklərim mənim daşıdığım vəzifənin mahiyyətindən irəli gəlir və məhz belə də olmalıdır. Eyni zamanda mən özüm də jurnalistikadan gəldiyim üçün həmişə həmkarlarıma qarşı açıq, səmimi və diqqətli olmağa çalışıram. Jurnalist dostlardan elə bir şikayətim yoxdur. Amma bəzən iş prosesində narazı qaldığım məqamlar olur. Bəzi KİV-lər var ki, əsasən də saytları nəzərdə tuturam, bir jurnalist bütün sahələrdən yazır ki, burada da peşəkarlıqdan söhbət gedə bilməz. Elə olur ki, tədbirə gələn jurnalist press-relizi alan kimi, heç tədbirin başlamasını da gözləmədən gedir. Başqa bir məsələyə toxunmaq istərdim. Məsələn sorğu ilə müraciət edən jurnalist informasiyanı operativ şəkildə alıb yaymaq istəyir. Təbii ki, bu başa düşüləndir. Amma nəzərə almır ki, müəyyən informasiyaya malik olmaq həm də məsuliyyət daşımaq deməkdir və ona görə də hətta bildiyimiz bir rəqəmi, bir göstəricini də dəqiqləşdirdikdən sonra açıqlayırıq. Bu, bəlkə də mənim təmsil etdiyim nazirliyin fəaliyyət sahəsi ilə bağlıdır, amma istənilən halda hər bir mətbuat katibi cəmiyyət qarşısında, öz rəhbərliyi qarşısında məsuliyyət daşıyır. Fürsətdən istiafadə edib bütün jurnalist həmkarlarımı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İtimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev: “Mən peşəkar jurnalistlərdən heç vaxt narazı olmamışam. Təmsil etidiyim nazirlik barədə yazılan bütün yazıları bu sahəyə məsul şəxs kimi yaxından izləyirəm. Nazirlik barədə obyektiv yazı yazan bütün jurnalistləri qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlıların Həmrəylik günü münasibətilə təbrik edirəm. Amma təəsüf ki, müəyyən KİV-də tanıdığım, müəyyən vaxtlarda bir yerdə çalışdığım jurnalistlərin qərəzli yazılarını görəndə qəlbən təəssüflənmişəm. Sağlam obyektiv tənqidə isə həmişə hörmətlə yanaşmışıq və ciddi şəkildə rəhbərliyin tapşırığına uyğun olaraq həmin yazılarda yer alan məqamlar araşdırılıb. Ad çəkməyə ehtiyac görmürəm. Mən mətbuatla işləyən şəxs kimi özümü onlardan biri hesab edirəm və hamıya uğurlar arzulayıram”.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev: “Peşəkarlıq baxımından nəzər salsaq, hal-hazırda narazı qaldığım elə də məqam yoxdu. İlin əvvəlində bu işə yeni başlayanda narahatlığım var idi. O da informasiyaların birtərəfli getməsilə bağlı idi. Bu məsələdə kimisə günahlandırmaq fikrim yox idi. Çalışdım ki, bütün KİV nümayəndələrilə sıx əlaqələr qurum. Mənə elə gəlir ki, istəyimə nail oldum. Peşəkar jurnalistika ilə məşğul olan bütün KİV nümayəndələrinə münasibətim eynidir. Təbii ki, şəxsi münasibətlər istisna olmaqla, mətbuatda çoxlu dostlarım var. Bir çoxunu da yeni qazandım. Çox səmimi deyirəm, məsələyə hərtərəfli baxanda heç bir KİV nümayənsədindən narazılığım yoxdur. Bütan televiziya kanallarını, saytları, radioları izləməyə çalışıram”.
ADİU-nun Marketinq və Kommunikasiya Departamentinin direktoru Rasim Şərifov: “AzərTAc-dan multmedia bölümünün rəhbəri Aygün Həsənova, Elvira Məmmədova, APA-dan Könül Kamilqızı, Lent.az-dan Anar Məcidzadə, Vesti.az-dan Mətin Məcidli, Modern.az-dan Gülşən Raufqızı, Məltəm Talıbzadə, “Gündəlik Teleqraf” qəzetindən Sevil Zeynalqızı, AzTV-nin “Tələbə dünyası” verilişinin müəllifi və redaktoru Faizə Mehdiyeva, İctimai Televiziyadan Bəxtiyar Səlimov, “Lider” TV-nin baş redaktoru İlham Abdulov, “Azərbaycan müəllimi” qəzetindən Rüfanə Günəş, “525-ci qəzet”dən Aydın Bağırovla çalışmaqdan məmnunuq. “Azərbaycan”, “Respublika”, “Xalq Qəzeti”, “Yeni Azərbaycan” qəzetləri ilə işləmək çox rahatdır”.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı: “Biz jurnalistlərlə dostuq. Ən azı mənim jurnalist ixtisasımın olması və jurnalist kimi vaxtilə çalışmağım bu fikri ürəklə söyləməyə imkan verir. Hər bir uğurmuzu, problemimizi çətinliyimizi, gördüyümüz işləri və s. sizinlə bölüşəndə sevinirik. Bu, məncə belə də olmalıdır. Bütün işlərin nəticəsi ictimaiyyətə açıq olmalıdır. Bizim sahədə məlumatlandırma vacib şərtdir. Bunu həm qanunvericilik, həm də vəzifə təlimatları tələb edir. Qaldi ki jurnalitlərə, hər sahənin peşəkarı olduğu kimi qeyri-peşəkarları da var. Bəzən tədbirlərə, müsahibəyə gələndə jurnalistlər hazırlıqsız olurlar, bəziləri komitənin adını belə, düzgün çəkə bilmirlər, bəziləri komitənin hansı işlə məşğul olduğundan xəbərsizdilər. Siz deyə bilərsiz günah özünüzdədir, amma mən bu fikirlə razı deyiləm. Jurnalist araşdırmağı və bunun nəticəsində informasiya çıxarmağı bacarmalıdır. Bir sözlə, biz sizdən razıyıq, amma yəqin ki, siz bizdən narazısız. Hər birinizə uğurlar!”.
“Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev: “Ümumiyyətlə indiyə qədər heç bir vaxt narazılığım olmayıb, bu gün də belədir. Reallıq budur. Həm işimizdə, həm də münasibətlərimizdə həmişə sıcaqlıq görmüşəm. Kimliyindən asılı olmayaraq dostluğumuz işimizlə başlayıb və belə də davam edir. Fərq qoymadan bütün KİV nümayəndələri ilə səmimiyyətimiz var və təmənnasızdır. 13 gündən sonra KİV-lə olan münasibətlərimizin yaranmasının düz 13 il tamamlanır. Fürsətdən istifadə edib hər birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edir, hər birinizə can sağlığı və ailə səadəti, firavan həyat və işıqlı gələcək arzulayıram. Yolunuz daim işıqlı olsun”.
Rabitə və Yüksək Texnoologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov: “Bütün mətbuatdan və mətbuat işçilərindən razıyıq. İl ərzində bizimlə sıx əməkdaşlıq etdilər. İKT sahəsində görülən işləri yetərincə işıqlandırdılar. Ona görə də, mətbuat işçilərinin hər birinə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm”.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əmrah Fəqanoğlu: “Təbii ki, mən yalnız sosial-iqtisadi məsələlərin mətbuatda necə işıqlandırılması barədə danışa bilərəm. Sevindirici haldır ki, təmsil etdiyim qurumun sferasına daxil olan məsələlərin işıqlandırılması sahəsində yazan peşəkar jurnalistlərimiz yetərincədir, onların obyektiv fakt və dəlillərə söykənən məqalələrini də maraqla oxuyuram. Bizim qurumla əməkdaşlıq edən bütün media təmsilçilərindən də heç bir narazılığım yoxdur. Yalnız özünü reket kimi aparan bəzi saytlar var ki, heç bir fakta istinad etmədən ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salmağa çalışırlar. Guya, hansısa yerli şöbənin işində nöqsanlar var. Amma araşdırma zamanı məlum olur ki, bu yazılanlar cəfəngiyyatdan savayı bir şey deyil. Təbii ki, bu əməllər jurnalistika adına ləkədir. Çünki müxbir hər hansı araşdıma yazısı hazırlayarkən real və rəsmən təsdiqlənmiş faktlara istinad etməli, səsləndirilən ittihamlarla bağlı hökmən qarşı tərəfin də mövqeyini işıqlandırmalıdır. Təhsil aldığım BDU-nun jurnalistika fakültəsinin müəllimiləri də bizə məhz bu prinsiplərə əməl etməyi öyrədiblər. Məncə, jurnalistikaya başucalığı gətirən, onu cəmiyyətdə böyük nüfuz sahibi edən də elə bu amildir. Fürsətdən istifadə edib, bütün jurnalist həmkarlarımı qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edirəm. Hamımıza dövlətimizin və xalqımızın mənafelərinin müdafiəsində həmrəylik arzulayıram. Gəlin arada olan xırda-para inciklikləri unudub, yeni ilə pozitiv əhval-ruhiyyədə, xoş aurada qədəm qoyaq. KİV nümayəndələrinə bir arzum da bundan ibarətdir ki, öz peşəkarlıqlarını daim artırmaqla yanaşı, həmişə obyektiv olsunlar”.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiriCəsarət Valehov: “İlk növbədə bütün media nümayəndələrini qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edir, can sağlığı, uzun ömür arzulayıram. İkincisi, düşünmürəm ki, bizim narazı qaldığımız jurnalistlər var. İş prosesində müəyyən narazılıq ola bilər, bu da təbiidir. Söz elə bir şeydir ki, onun düzgün təsvir olunması, düzgün deyilməsi ustalıq tələb edən bir şeydir. Sözdən söz düzəltmək, onu yaymaq məharət tələb edir. Bununla bağlı olaraq hesab edirəm ki, jurnalistikada peşəkarlıq problemimiz var. Arzu edərdim ki, növbəti ildə peşəkarlıq probleminin cilalanması, peşəkarlığın artırılması daha yaxşı səviyyəyə çatsın. Həmçinin düşünürəm ki, bəzi jurnalistlərimiz sualın düzgün qoyuluşunu bilmirlər. Bəzən tələskənlikdən, fikirlərini dərhal çatdırmaq istəyərkən mahiyyətə xələl gətirirlər. Nəzərə alsaq ki, bu, müsahibdə başqa fikirlər formalaşmasına gətirib çıxara bilir. Nəticədə müsahibə istənilən keyfiyyətdə alınmır. Yəni ilk növbədə sualı düzgün verməyi öyrənək, deyirəm. Və ilin sonunda mənim təsəvvürümdə müsbət notlar var, hər kəsə uğurlar arzulayıram. Narazılıq doğuran məqamlar olsa da belə, indi onu dilə gətirməyə lüzum görmürəm. Hesab edirəm ki, hər bir yazar yazını yazarkən onun vicdanı və peşəkarlığı gözünün önündə dayanmalıdır”.
Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova: “2014-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsi olaraq media qurumları və jurnalistlərlə əlaqələrimizi qarşlıqlı əməkdaşlıq çərçivəsində daha da genişləndirmək və gücləndirməyə çalışdıq. Bu istiqamətdə bəzi media orqanları ilə birgə layihələrimiz oldu. Ümumiyyətlə, il ərzində bütün kütləvi informasiya vasitələri ilə normal əməkdaşlığımız olub və sonrakı illərdə də ənənəni bu cür davam etdirəcəyik. Yəni dövlət qurumu kimi biz media nümayəndələrindən razıyıq. Ümid edirəm ki, bu, qarşılıqlıdı, bizim fəaliyyətimiz də jurnalistləri qane edib. Yeri gəlmişkən, bütün KİV nümayəndələrinə bizimlə əməkdaşlığa görə təşəkkür edirəm, xüsusilə də Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı məlumatları vaxtaşırı ictimaiyyətə çatdıran media qurumlarına minnətdarlığımı bildirirəm”.
Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin əməkdaşı Sevda Süleymanova: “Dövlət Statistika Komitəsinin mətbuat xidməti olaraq bildiririk ki, KİV nümayəndələri ilə ünsiyyətdə olmaq təmsil etdiyimiz qurum üçün çox önəmlidir. Komitədə media ilə əlaqələrə xüsusi əhəmiyyət verilir. Dövlət Statistika Komitəsi ölkədə fəaliyyət göstərən bütün televiziya, radio, xəbər agentlikləri, portalları və qəzetlərlə sıx əməkdaşlıq edir. Komitə tərəfindən təşkil olunan bütün tədbir və mətbuat konfranslarına ölkədə fəaliyyət göstərən KİV nümayəndələri dəvət olunur. Əməkdaşlıq etdiyimiz jurnalistlərin peşəkarlıq səviyyəsi, intellektual səviyyəsi bizi qane edir. Dövlət Statistika Komitəsi tərəfindən görülən işlər, həyata keçirilən layihələr, tədbirlər hər zaman mətbuat nümayəndələri tərəfindən ətraflı işıqlandırılır. Qəzetlərə göndərdiyimiz bütün materiallar çap edilir, komitənin veb səhifəsində yerləşdirilən mətbu məlumatlar və xəbərlər dərhal digər saytlarda öz əksini tapır. Sonda bir mətbuat xidməti olaraq KİV nümayəndələri ilə əməkdaşlıqdan olduqca məmnun olduğumuzu bildiririk”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov: “İl ərzində razı və narazı qaldığımız məqamlar olub. Xüsusilə də, sentyabr ayında Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin KİV nümayəndələrilə birgə keçirilən görüşdə səslənən fikirlər hər kəsin yadındadır. Bir sıra KİV orqanlarının hələ də ucuz sensasiya dalınca qaçaraq dövlətimizin maraqlarına zidd, ölkəmizin təhlükəsizliyinə xələl gətirən, şaiə xarakterli məlumatları müvafiq dövlət qurumları ilə dəqiqləşdirmədən yaymaları ən çox narahatlıq doğuran məsələdir. Və təəssüf ki, hələ də qalmaqdadır. Düzdür, cənab Ramiz Mehdiyevin sözügedən toplantıdakı çıxışından sonra müəyyən irəliləyişlər oldu. Arzu edirəm ki, 2015-ci ildə mətbuatımız bu səhvlərdən uzaqda duracaq və yalnız dövlətin, millətin maraqlarını ifadə edən tutarlı yazıları ilə bizləri sevindirəcəklər”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov: “Bu il jurnalistlərlə olan münasibətlərimiz ümumilikdə qarşılıqlı anlaşma ilə keçib, hər hansı problem yaşanmayıb. Amma bəzən narazı qaldığım məqamlar olub. Belə ki, hər hansı məsələ ilə bağlı verdiyim açıqlamanı təhrif olunmuş şəkildə yaymaqla cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olublar. Eyni zamanda sərlövhəyə yazıya adiyyatı olmayan başlıq çıxarıblar. Təəssüf doğuran odur ki, mən dediklərimi jurnalist özününüləşdirərək ifadə edib və açıqlama öz mahiyyətindən çıxmış vəziyyətdə cəmiyyətə çatdırılıb. Ona görə də, hesab edirəm ki, deyiləni olduğu kimi yazmaq məqsədəuyğundur. Hər birinizə uğurlar arzu edirəm”.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov: “Son illər Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir. Ölkəmizdə demokratiyanın inkişafında uğurlu addımlar atılır, söz, fikir, mətbuat və digər azadlıqlar təmin edilir. Demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın rolu əlbəttə ki, danılmazdır. Bu gün Azərbaycanda sıralarında kifayət qədər yüksək intellektə, insani keyfiyyətlərə malik peşəkar jurnalist ordusu formalaşıb. Jurnalistləri özümə yaxın dost hesab edirəm. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsində işlədiyim 6 ildən artıq müddətdə daim onlarla sıx təmasda olmaqla, çalışmışam ki, fəaliyyətimizdən narazı qalmasınlar. Buna nə dərəcədə nail olmuşuq, artıq bu sualı jurnalistlərin öhdəsinə buraxıram. Şadam ki, bu gün prokurorluq orqanları ilə kütləvi informasiya vasitələri arasında sağlam və qarşılıqlı səmərəli əməkdaşlıq formalaşıb. Əldə etdiyimiz nailiyyətlərlə kifayətlənməyərək, gələcəkdə də bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.
Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva: “Mən hesab edirəm ki, Azərbaycan jurnalistikası nə qədər zəif olsa da, cəmiyyətə verdiyi faydalı tərəfləri çoxdur. Düzdür, bəzən jurnalistlərimizin dilindən, üslubundan, məsələlərə yanaşmasından narazılıq edirik, amma eyni zamanda görünən odur ki, jurnalistikada, mətbuatda cəmiyyətimizi narahat edən məsələlərə yer verilir. Bəzən səthi olsa da, bəzən kifayət qədər olmasa da, problemlər işıqlandırlır. Olduqca vətənpərvər jurnalıstlərimiz var. Bəzən bu vətənpərvərlik hissi aşırı dərəcədə özünü göstərir və, son ucda, qeyri-obyektivliyə, lazımsız canfəşanlığa gətirib çıxarır, necə ki, son dönəmlərdə şahidi olduq bəzi hadisələrin. Hər şey qədərində yaxşıdır. Meyarlar, ölçü hissi həyatımızın harmoniyasıdır, deyir klassiklər! Mən dəfələrlə demişəm və yenə də deyirəm ki, jurnalıstikamızın sabahına ümidlə baxıram. Bütün peşə sahibləri arasında olduğu kimi, jurnalistlər arasında da yaxşıları da, pisləri də, peşəkarları da, qeyri-peşəkarları da , jurnalistikada olmaması gərəkənlər də var. Zaman, ümumi media cameəsi özü onları ələyəcək. Kənardan bir baxış var ki, hər kəsi olduğu kimi görür. Bu oxucu, tamaşaçı və peşəkar baxışıdır! Bəzən təhrif olunmuş, araşdırılmamış faktlar üzərində qurulan , doğru, dürüst mənbəyə əsaslanmayan xəbərlər, əlbəttə ki, fiaskoya uğrayır, yəni iflasa... Çox şükür ki, insanlarımız ağı qaradan seçə bilir və həqiqət üzə çıxır. İnformasiya çox güclü bir silahdır. Ondan düzgün istifadə edəndə o doğrudan da öz bəhrəsini verir”.
Fövqəladə Hallar Naziriliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov: “Mən öz sahəmə aid olaraq deyirəm ki, çox təəssüf ki, Fövqaladə Hallar Nazirliyinə aid olan qeyri-dəqiq informasiyalar gedir. Məqalələrdəki əsassız iddiaları kənara qoyub, faktların təhrif olunmasına diqqət çəkmək istəyirəm. Bu sahədə qeyir-dəqiqlik çoxdur. Deməli, Cəfər Cabbarlı adına kitbaxanada bir qadının dili qatlanmışdı və səhvən 102 xidmətinə zəng vurmuşdular. Bir mətbuat orqanı da yazmışdı ki, kitabxana yanır və onun söndürülməsi istiqamətində işlər davam etdirilir. Digəri isə “Nizami” kinoteatrının yanması ilə bağlı yalnış informasiya yazmışdı. Belə faktlar məndə çoxdur, hamısını da özümdə qeyd etmişəm. İstədiyim odur ki, jurnalistlər faktlarla işləməyi bacarsınlar. Hətta Prezident Administrasiyasında mətbuat xidməti rəhbərlərilə müşavirə zamanı da jurnalistləri faktlara söykənməyə çağırdılar. Hərənin öz vəzifəsi var və vəzifəsinin məsuliyyətini dərk etməlidir. Savadlı jurnalistlərimiz var, amma təəssüf ki, son zaman artan internet saytlarında dil-üslub cəhətdən kasıb olan və heç bir faktlara söykənməyən məqalələr yazan jurnalistlər çoxdur. Mətbuatda jurnalistlərin öz məsuliyyətini dərk etməsi də əsas məəslədir. Ölkəmiz böyük olmasa da, mətbuat orqanlarının sayı həddindən artıqdır. Xüsusilə demək istəyirəm ki, jurnalistlər diqqətli olmalı, insanların şərəf və ləyaqətinin qorunmasına həssas yanaşmalıdrlar. Özünə rəva bilmədiyini heç kimə etməməlidir. İnsanlar bəzən bir-birinə güzəşt edir, məhkəmələrə müraciət etmir, amma əsassız iddialarla dolu məqalələr mətbuatda çox gedir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?