Kapitan Fərid Kakavanın ölüm işini araşdıran istintaqdan şikayət var
Azərbaycan Ordusunun kapitanı Fərid Kakavanın 350 manata görə qətlə yetirildiyi iddia olunur. Bu barədə “Qafqazinfo”ya mərhumun qardaşı Ələsgər Kakavan göndərdiyi şikayət məktubunda bildirib. O, qardaşının qətli ilə bağlı başladılan istintaqın gedişindən narazı olduğunu bildirib. Ələsgər qardaşının ölümünün təfərrüatından da danışıb. Ələsgər Kakavan bildirir ki, qardaşı Fərid Kakavan dövlət xətti ilə 1994 cü ildən Türkiyənin Bursa şəhərində yerləşən İşiklar Askeri Lisesində Hərbi təhsil almaq üçün gedib: “Daha sonra Fərid 1998-ci ildən Ankarada yerləşən Kara Harp Okuluna daxil olub. Qardaşım həmin universitetin Leytenant rütbəsi ilə məzunu olub. Oxuduğu illərdə dəfələrlə təkmilləşdirmə kurslarında iştirak edərək nümunəvi tələbələr arasında daima adı çəkilib. O, İstanbulun Tuzla deyilən hissəsində yerləşən NATO ya məxsus qərargahda 1 illik kursda da olub. 2003-cü ildə Azərbaycana qayıdaraq Gəncədəki N saylı Hərbi hissədə çalışmağa başlayıb. 2006 ci ildən Bakidakı Heydər Əliyev adına Ali Hərbi Məktəbdə fərqli vəzifələrdə xidmət göstərib, daim olaraq xidmətinə görə vəzifəsi və rütbəsi artırılıb. Qardaşının Şirvanda borc üstündə iş adamı tərəfindən qətlə yetirildiyini bildirən Ələsgər Kakavan 3 il əvvəl vəfat edən atasının kreditə götürdüyü 30 000 dolların bir hissəsini sağlığında ödədiyini bildirib: “Atam öləndən sonra biz iki qardaş sıfırdan başladıq ki, hər şeyi yoluna qoyaq. Borclu olduğumuz şəxsləri tapıb görüşdük, vəziyyətimiz barəsində onları məlumatlandırdıq və borcu ödəmək üçün vaxt istədik. Sag olsunlar bizləri başa düşdülər. İki qardaş əl-ələ verib həm bankdakı krediti, həm də firmaların pullarının əksəriyyətini verib azaltmışdıq. Hər şeyi yoluna qoyandan sonra qardaşım Fəridi atamın ili çıxandan sonra evləndirdik”. Ələsgər Kakavan faciəvi hadisənin ötən il oktyabrın 30-da baş verdiyini qeyd edib: “Bakıda ailəsi ilə kirayə qalan qardaşım Fərid oktyabrın 12-də ata evinə, yəni bizim yanımıza gəldi. Elə oktyabrın 25-i atamızın adını verdiyimiz Fəridin balaca oğlunun ad günü idi. Onu birlikdə qeyd etdik. Ayın 30-u gecə saat 23:05 radələrində borclu olduğumuz şəxslərdən biri həmyerlimiz Hacı Məhəmməd adı ilə tanınan Abdullayev Məharət Əbülfəz oğlu mənə zəng vurdu. Ona olan 1400 manatlıq borcumuzu hissə-hissə ödəmişdik, cəmi 350 manat qalmışdı. Elə hadisədən bir ay əvvəl hacıya 200 manat ödəmişdim. Demişdi ki, ilin sonuna qədər borcu bağlayın. Mən də razılaşmışdım. Amma o gecə məndən borcu niyə qaytarmadığımızı soruşdu, mən də toylara başımın qarışdığını ona görə imkan etmədiyimi dedim. O isə hirsli şəkildə toya niyə gedirsən, gətir borcunu ver dedi. Mən də gətirəcəyimi dedim. Sonra başladı məni təhqir etməyə, söyməyə. Onun söyüş və təhqirlərindən sonra qardaşımla bərabər borcu qaytarmağa getdik. Yolda mənə zəng vurdu ki, gəl bizim həyətə. Qapıda oğlu bizi qarşıladı, qardaşım məndən bir az qabaqda idi. Atası qapıya çıxan kimi vinçestr ov silahı ilə qardaşıma tərəfə atəş açdı.Mən isə başımı aşağı əydim. Maşının şüşələrində hələ də güllənin izləri var. Gördüm ki, silahla üstümə gəlir, maşına mindim. Daha sonra onların tanışı Anar, Hacı və iki oğlu maşınla üstümə gəlirdilər. Birtəhər şəhərin ən gur olan yerində maşını saxladım, lakin o 3 nəfər beyzbol taxtası ilə gəlib məni döyməyə başladılar. Məni onların əlindən əmim xilas etdi”. Şikayətçinin sözlərinə görə, daha sonra əmisi ilə birgə həmin həyətə qardaşının dalıyca və məsələni sülh yolu ilə həll etmək üçün gediblər: “Biz ora çatanda artıq polislərin onların həyətində olduğunu gördük. Mən maşından düşüb qardaşıma tərəf qaçdım. Həmin an cinayətkar əlinə daş götürüb mənə atdı. Bu zaman polislər məni şöbəyə apardılar. Mən orda olanda qardaşımın qatili mənə dedi ki, səni də öldürəcəkdim”. Hazırda Şirvan şəhər prokrorluğunda qəsdən adam öldürmə ilə cinayət işi açılsa da, Ələsgər Kakvan istintaqın gedişindən narazıdır: “Məni döyən digər 3 nəfər (Abdullayev Gunalp Məharət oğlu, Abdullayev Əbülfəz Məharət oğlu, Anar Qurbanxan oğlu) barəsində məhkəmə başlasa da, çox gülünc şəkildə materiallar məhkəməyə daxil olub. Şirvan şəhər prokrorluğu cinayətkara pulundan dolayı ona vəkillik və himayədarlıq edir”. Qeyd edək ki, həlak olan zabitin ötən həftə bir oğlu doğulub. Adını da atasının xatirəsinə Fərid qoyublar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?