Mingəçevirdəki mənbələrimizdən ilginc məlumat daxil olub.
Bildirilir ki, Mingəçevir DRES-ində çalışan 2 minə yaxın işçinin Yeni ilin gəlişi münasibətilə bir neçə günlük bayram keçirməsinə dekabrın 27-də quruma daxil olan "qara xəbər" mane olub. Belə ki, "Azərenerji"dən yanvarın 1-dən etibarən 200-dən yuxarı işçi ilə yeni əmək müqaviləsi bağlamamaq tapşırığı gəlib və bu xəbər DRES-də ciddi narahatçılığa səbəb olub. Hamının həmin qara siyahıya düşməmək üçün əl-ayağa düşməyə başladığı deyilir. İşçilər onu da bildirirlər ki, onlarla bağlanan əmək müqaviləsində də hansı hüquqlara sahib olduqlarını bilmək şansları yoxdur. Belə ki, mətnini oxumağa icazə vermədikləri bir sənəd imzalamaq üçün onlara təqdim edilir və buna etiraz edənlər müxtəlif bəhanələrlə işdən qovulurlar. Bunu görən digər işçilərsə onları da oxşar aqibət gözləməsin deyə səssizcə təqdim olunan sənədi imzalayırlar. Üstəlik, əvvəllər bağlanan əmək müqaviləsinin bir nüsxəsi işçiyə verildiyi halda son illər məhkəməyə müraciət etmək şanslarının heçə endirilməsi üçün əmək müqaviləsinin surətini onlara vermirlər.
Redaksiyadan: Biz əldə etdiyimiz məlumatın nə dərəcədə dəqiq olduğunu yoxlamaq imkanından məhrumuq. Amma hörmətli əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova müraciət edərək Əmək Müfəttişliyinə adıçəkilən müəssisədə işçilərlə əmək müqaviləsinin hansı şərtlər daxilində bağlandığını araşdırmağı xahiş edirik. Heç şübhə etmirik ki, yoxlama nəticəsində bütün pozuntular qısa zamanda üzə çıxarılacaq. Çünki bizə bu informasiyanı ötürən şəxslərin mötəbərliliyinə zərrə qədər də şübhə etmirik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?