Beynəlxalq Haqq və Ədalət Assosiasiyası Azərbaycan hökumətini xalqa qarşı vandalizm adətlərindən əl çəkməyə çağırır
Beynəlxalq Haqq və Ədalət Assosiasiyası son günlər Azərbaycanda baş verən hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Yalnız bu ilin ilk ayı ərzində Azərbaycanda baş verən hadisələr ölkədə ictimai – siyasi vəziyyətin nə dərəcədə gərgin olduğunu bir daha nümayiş etdirdi. Xüsusilə də, yanvarın 23 – 24 də İsmayıllıda xalqın haqlı tələblərlə küçələrə çıxaraq hakimiyyət orqanlarının özbaşınalığına, rüşvətxorluğa və dözülməz sosial vəziyyətə etiraz etmələri bunu bir daha sübut etdi. Əslində İsmayilli hadisələri yalnız bir regionun deyil, bütövlükdə Azərbaycandakı bütün regionların sosial - iqtisadi problemlərinin ümumiləşdirilmiş etiraz forması idi. Hakimiyyətin ölkədə sürətli sosial – iqtisadi inkişaf və regionların inkişafı haqqında apardığı yalançı təbliğatı İsmayilli hadisələri alt – üst etmiş oldu. Hakimiyyət vətəndaşların haqlı tələblərini dinləmək və mövcud problemlərin aradan qaldırılması istiqamətində adekvat tədbirlər görmək əvəzinə insanlara qarşı zor tətbiq etməyə başlamışdır. Hakimiyyət bu dəfə də, dinc insanlara qarşı silahdan istifadə etmiş, çox sayda insanlar bu və ya digər dərəcədə xəsarət almış, onlarla insan həbs edilərək vəhşicəsinə işgənclələrə məruz qalmışdır. Hətda bu azmış kimi polislər gecələr yerli əhalinin evlərinə silahlı basqınlar təşkil etmiş və kütləvi şəkildə evlərdə həbslər aparmışdır. Bu cür formalar ötən əsrin 30 cu illərində mövcud olmuş Stalinizm metodlarına Azərbaycan hökumətinin sədaqətini nümayiş etdirir. Eyni zamanda, yanvarın 26 da vətəndsaşlar Bakı şəhərində hakimiyyətin İsmayıllıda dinc insanlara qarşı kütləvi zorakılığın dayandırılması tələbi ilə etiraz aksiyası təşkil etmişlər. Lakin, həmin aksiya polis və mənşəyi məlum olmayan mülki geyimlilər tərəfindən zorakı metodlarla qarşısı alınmış, bir çox insanlara ciddi xəsarət yetirilmiş, onlarla dinc aksiya iştirakçıları həbs edilmişdir. Baş verən son hadisələr belə bir fikri bir daha təsdiq edir ki, İlham Əliyev başda olmaqla mövcud rejim əslində xalqa müharibə elan edib. Müasir dünyada az təsadüf edilən bu cür represiv rejimlər əslində beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükə mənbəyi və beynəlxalq terrorizmin potensial sponsoru rolunda çıxış edirlər. Beynəlxalq Haqq və Ədalət Assosiasiyası Azərbaycan hökumətini xalqa qarşı bu cür qeri – konstruktiv mövqedən cəkinməyə və vandalizm adətlərindən əl çəkməyə çağırır.” “Xəbər xidməti”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?