Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Vahib Zülfüqarov, Elbəy Qədirov, Amlet Xankişiyev və Niyal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
gundemxeber.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.
Vahib Zülfüqarov ifadəsində özünü qismən təqsirli bilib.
“Mən qızı 1-ci sinifdən sevirəm. İki dəfə elçi göndərmişəm. Amma qızı valideynləri vermədilər. İndiyə qədər qızla heç bir söhbətim olmayıb. Cəmi 1 dəfə qıza məktub yazmışam. Həmin vaxt qonşuları məktubu çatdırmadı. 2-ci dəfə yox cavabı alandan belə qənaətə gəldim ki, qızı qaçırım. Evdə valideynlərimə də dedim bu barədə. Onlar dedilər ki, qızın razılığı varsa, qaçırmağıma bir söz demirlər. Sonra məsələni dostlarım Niyal, Amlet və Elbəylə danışdım.
Onlara yalandan dedim ki, qız razıdır. Məktublaşırıq, valideynləri vermir. Bir neçə dəfə cəhd elədim ki, qızı qaçıram. Amma alınmadı. Qızı qaçıran gün həyətə girdim. Dostlarım Elbəylə Niyal evə girdi. Qızı onlar evdən çıxardılar. Mən isə ərazini güdürdüm. Dostlarım maşınla qızı birinci qışlaqa, ordan da bacımgilə gətirdilər. Mən yolda onlara qoşuldum. Qız bacımgildə çox səs-küy saldı. Evdəkilərdə nə qədər etdilər qızı azı sala bilmədilər. Məcbur qaldıq apardıq evlərinə qoyduq. Mən o qızı çox sevirəm, dostlarımı aldatdığıma görə peşmanam. Yoxsa, ölənə qədər o qızdan əl çəkən deyiləm. Burdan çıxım yenə qaçıraram”.
Vahib Zülfüqarovdan sonra ifadə verən Elbəy Qədirov də elədiyi əmələ görə peşman olduğunu, Vahibin yalanına inandığını bildirib.
“Kənddə bir adətdir qız qaçırmaq. Biz vəziyyətin bu cür olacağına inanmırdıq. Vahibin yalanına qurbanı olduq. O, bir neçə ay idi ki, gəlib bizdən xahiş edirdi ki, biz ona kömək edək. İllərdir, qız ilə məktublaşdığını, qızın qaçmağa razı olduğunu, valideynlərdən qorxduğunu deyirdilər. Biz məsələ ilə bağlı Vahibin atası Vahid Zülfüqarovla danışdıq.
O bizdən xahiş etdi ki oğluna kömək edək. Bizə dedi ki, nə olsa, nə problem olsa, arxanızdayam. Polisə düşsəniz, mənlikdi. Biz də razı olduq. Həmin günü qızın yaşadığı evə getdik. Evdə qızın özü, qonşuları, anası vardır. Evə mənimlə Niyal girdi.
Mən qızı qolundan tutub çıxardım mindirdim maşına. Onu əvvəlcə fermaya apardıq. Orada, Vahibin atası bizi gözdəyirdi. Özü də maşına mindi və qızıgilə sürməyi tapşırdı. Qız yolda ağlayırdı, Vahid dayı qıza təsəlli verərək, artıq sən mənim gəlinimsən deyirdi. Yolda mən də, uşaqlar da bildik ki, qız razı deyilmiş. Amma geri dönüş yox idi. Vahibin bacısıgilə gəldik.
Digər təqsirləndirilən şəxslər də ifadələrinə özlərini təqsirli biliblər, dostları Vahib Zülfüqarovun yalanına inandıqlarını deyiblər.
Məhkəmə prosesi yanvarın 20-də davam edəcək.
Qeyd edək ki, keçən il Qobustan rayonunda Vahib Zülfüqarov sevdiyi qızı qaçırmaq üçün dostları Elbəy Qədirov, Amlet Xankişiyev və Niyal Tağıyevlə birlikdə dəstə yaradıb. Dəstə üzvləri zorla Vahib Zülfüqarovun sevdiyi qızı zorla qaçırıblar. Qızın valideynləri Polis Şöbəsinə şikayət ediblər. Şikayət əsasında dəstə üzvləri həbs edilib.
Sorğu
Yeni dizaynımız necədir?