“Mən Əmir Teymur! Atamın sözlərindən sonra mən çoxlu araşdırma apardım. Xarəzm ölkəsinin tarixini monqolların gizli yazdırdığı tarixini öyrəndim. Yelusika cin alimi Çingiz xanin hər addımını izləyərək çin dilində gizlincə qələmə almışdı. Verdiyin əmrlər, qarətlər, neçə-neçə ölkələrin işğalı və s. mən bu kitabları Çinə yürüşümdə əldə etdim və oxudum. 1336-cı ildə 9 aprel tarixində dünyaya gəldim. Mənim 6 yaşım olanda atam bizim ailəmizi monqollar yaşayan ərazidən Mərkəzi Asiyanın Keş şəhəri yaxınlığındakı Hoca-İlqar kəndinə köçürdü. Etiraf edirəm ki, mən də Xarəzmşah nəslindənəm. Atam Əmir Məhəmməd Tarağay mənə danışmışdı ki, mənim babam Cəlaləddin Hindistana gedərkən monqol ordusunun qat-qat çox olduğunu görüb, əsir düşməmək üçün öz ailəsini çaya atmışdı. Həmin vaxt mənim atam, bir də əsir düşmüş yeddi yaşlı əmim sağ qalır. Çingiz xan onu edam etdi. Onda atam 4 yaşında olub. O axar çayda bir at arabasının təkərinə yapışaraq bir gün üzür və sahilə çıxır. Üç gün səhrada yeriyərək bir yana çıxmağa yol axtarır. Axırda onu bir monqol qəbiləsi tapır. Monqol qanunlarına görə, səhrada sahibsiz uşaq tapılardısa onu saxlamalıydılar. Monqollar uşağı övladlığa götürür və ona Tarağay adını verirlər. Həmin qəbilə atamı böyüdür. Atamın ayağında ox yarası vardı. O axsamağa başlamışdı. Atam böyüyür, Çingiz xanın xalası oğlu olan Caqatay öz qızını atamla evləndirir. Atam isə kimliyini monqollardan gizlədir. Monqol ordusunun basqın etdiyi ölkələrin ar¬xa¬sınca monqol qəbilələri gələrdi, yurd salardı. Monqol əsgərləri işğal etdikləri ərazilərdə əhalinin varını talayıb, yaxınlıqda məskunlaşan monqol qəbiləsinə verərdi. Xarəzm xanlığı yaxınlığında 7 monqol qəbiləsi var idi. Bu qəbilələrin heyvanları yerli sakinlərin ilxılarına qarışardı. Sürülər və ilxılar əsir düşmüş Xarəzm sənətkarları ilə birlikdə monqol torpaqlarına aparılardı. Amma həmin sürülər işğalçılar tərəfindən geri gətirilərdi. Əhalidən talan edilmiş varidatı arabalarla öz yerlərinə daşımaq üçün girov düşmüş adamlardan istifadə edərdilər. Atam deyirdi ki, məni övladlığa götürən qəbilə Xarəzm ölkəsinin lap yaxınlığına köçüb yurd salmışdı. O zaman yenə yerli əhalinin var-dövlətini monqollar talayırdılar. Hər əsgərin öz qəbiləsi var idi. Qarət etdikləri qənimətləri qəbiləsinə gətirirdilər. Bir gün Çingiz xan qımız içmək üçün öz qohumları olan qəbiləyə gəldi. Atam xatırlayırdı ki, onun 6 yaşı var idi. Çingiz xan qımız içdi, kefi kökəldi. Cabutay komutanıyla, anasının qohumlarıyla söhbət edirdi. Deyirdi ki, Xarəzm ölkəsini məhv etdik, tək bir Cəlaləddin qalıbdır, onun dalınca Hindistana ordu göndərsə də tapa bilməyiblər. Mən eşidəndə ki, atam sağdır, sevindim. Çingiz xan yurddan çıxarkən soruşdu ki, bu uşaq kimdir? Həm də gözünü qırpmadan gözümün içinə baxdı. Atalığım – məni himayəyə götürən insan dedi ki, kimsəsiz uşaqdır, onu övladlığa götürmüşük. Çingiz xan mənə yaxınlaşaraq dedi ki, bu uşağın gözləri Türkan Xatunun gözlərini xatırladır. Məndən soruşdu ki, Türkan Xatunu tanıyırsan? Mənsə susmuşdum, amma gözünün içinə baxaraq onu kinlə, nifrətlə lənətləyirdim, içimdə deyirdim ki, böyüyəndə səndən qisasımı alacam. Babamın, nənəmin, qardaşlarımın – bütün Xarəzmin qisasını alacam.
Çingiz xan əlini başıma qoydu. Atalığım dedi ki, Türkan Xatunu heç mən özüm tanımıram, uşaq hardan tanıyacaq?! Çingiz xan dedi ki, Türkan Xatun Xarəzmi ölkəsini o idarə edirdi, çox ağıllı qadın idi. Bizim tariximizi bizdən yaxşı bilirdi. Çox dözümlü, təmkinli və ötkəm idi. Nə qədər işgəncələr verdirdim, yenə dözdü, dayandı. Mənə xan demədi, dedi – sən at çobanısan. Yenilməzin birisi idi. Onu böyük oğlum Çuçi işgəncəylə öldürdü. Çingiz xan çoxlu qımız içmişdi, sərxoş idi. Deyirdi ki, “biz Cəlaləddinə dəstək çıxan, ona qoşulanların yurdlarını yandırdıq, viran qoyduq, daş üstə daş qalmadı. Uşaqdan böyüyə hamısını qılıncdan keçirdik. Amma bütün bunlara baxmayaraq, biz ilanı yaralasaq da başını əzməmişik. Nə qədər ki, Cəlaləddin sağdır, bizi rahat buraxmayacaq. Onun gücünü mən döyüş meydanında gördüm. Zalım oğlu bir qılınc zərbəsiylə iki əsgər yıxırdı. Mənə meydan oxuyurdu. Həmin vaxt biz xırda itki ilə Xarəzm üzərində qələbəni bayram edirdik. Məhəmməd şahın ölüm xəbərinin sevincini yaşayırdıq. Düşünürdük ki, artıq qəti qələbə çalmışıq. Amma gördünüz, böyürdən Cəlaləddin çıxdı. O, tamamən dağılmaqda olan bir ordunu toparlayıb yenidən meydana atılmağı bacardı. Tez bir zamanda aldığımız şəhərləri geri almağa başladı. Ordumun yarısını məhv etdi, monqol əsgərlərinin canına qorxu saldı. Yalan niyə deyim, özüm də qorxuya düşdüm. Hər kəs bilsin ki, nə qədər onu öldürməmişik, deməli qələbədən söhbət gedə bilməz!” Birnəfəsə danışdığı bu söhbətdən sonra Çingiz xan sözlərinə yenidən davam etdi: – Bilirik ki, Cəlaləddin ordu toplamaqla məşğuldur. Bir də qarşımıza çıxıb qələbə qazansa, sakit dayanmayacaq. Yəqin bilirəm ki, yer üzündə bir monqol da sağ qoymayacaq. Bunu deyib Çingiz xan getmək istəyirdi, yenə əlini başıma qoydu və dedi: – Bu uşağın nəyi var, suyun içindədir? Türkan Xatuna qarşı işgəncələrini eşidəndən sonra hiddətləndiyimdən məni tər basmışdı.Analığımı və başqalarını çağırdılar, aparıb mənim üzümü yudular və “uşaq xəstələnib” dedilər. Üç il sonra biz Bozqıra gəldik, atalığım öz yurduna döndü. Monqol qəbilələri o qədər heyvan sürüləri gətirmişdilər ki, Bozqırda otlaq sahələri çatmırdı. Heyvan sürüləri və ilxılar hər dəqiqə bir-birinə qarışırdı. Buna görə də qəbilələr arasında tez-tez münaqişələr olurdu. Amma çox da davaya getmirdilər. Çünki təzə qaydaya görə heyvanları əllərindən çıxa bilərdi. Kimlər heyvan üstündə dava-dalaş salırdısa, Çingiz xanın tapşırığına əsasən onun adamları dava salanların sürüsünü əlindən alırdı. Vətənimdən gətirilən sənətkarlar bir qarın yeməyə qul kimi işlədilirdi. Bizə uyğur dilində yazıb-oxumaq öyrədirdilər. Ərəb dili öyrədirdilər ki, surələri, ayələri oxuya bilək. Çin alimləri əsir və girovlar üzərində tədqiqat aparır, onların orqanlarında təcrübə edirdilər. Yaralıları sağaltmaq üçün dərslər keçirdilər.
Bir gün bizi – monqol uşaqlarını yurda yığaraq dərsə başladılar. Mən də Çingiz xanın nəslindən olan uşaqlarla birgə dərsdə idim. Çünki məni onun nəslindən sayırdılar. Mən Xarəzm sarayında qardaşlarıma dərs deyən Güylüz müəlliməni yaxşı xatırlayırdım. O bizim yurda gəlir, qardaşlarıma Qurandan dərs deyirdi və bizə ərəb əlifbası öyrədirdi. Bu dəfə də yurda gələndə gözü mənə sataşdı ki, gözümü qırpmadan ona baxıram. Birdən başladı Xarəzm xanlığından söz açmağa. Sultan Cəlaləddinin qəhrəmanlığından danışdı. Dedi ki, indi o Suryadadır. Sonra Cəlaləddinin övladlarının adlarını sadaladı, balaca oğlu Sayəddin deyə mənim də adımı çəkdi. Dərs bitdi. Sonra eşitdim ki, monqol əsgərlərinin işgəncə üçün vurduğu 60 çubuğa dözə bilməyən müəllimə ölüb. Mən soruşdum ki, niyə öldürdünüz, niyə müəlliməni cəzalandırdınız? Əsgərlər dedilər ki, bizim düşmənlərimizin adını çəkdiyinə, onların qəhrəmanlığını təbliğ etdiyinə görə öldürdük onu. Mən də əvvəlcə sevinirdim ki, kimisə tapmışam, gizlində də olsa onunla sevincimi paylaşacam. Onu da öldürdülər. Müəllimənin diqqətini çəkməyə şərait yaratdığıma görə özümü də günahkar hesab edirdim. Daha da pis olmuşdum. Amma sevinmişdim də. Çünki bir anlığa da olsa Xarəzm xanlığını xatırlamış, atamın sağ olmağından xəbər tutmuşdum. İki ildən sonra məni himayə edən qəbilə monqol ordusunun ardınca Çinə doğru hərəkət etdi. Qayda üzrə qəbilələr ordunun dalınca gedirdi, ordu haranı ələ keçirirdisə qəbilə həmin yerin varidatını talayıb öz yurdlarına gətirirdi. Bu da həmin yürüşlərdən idi. Atam bu dəfə də, yəni ikinci kərə Cingiz xanı orda görür. Danışdığına görə, o vaxt artıq atamın 10 yaşı olub. Çingiz xan onların qəbiləsinə yaxınlaşır və bir qab qımız içib deyir ki, sizin qımızınız anam düzəltdiyi qımıza oxşayır. On yaşlı uşağın qan dolu gözlərində Çingiz xana qarşı yenə həmin nifrət və qəzəb vardı. “Bizim qəbilə 3 il Çin sərhədində qaldı. Yenə qəbiləmiz sayı-hesabı bilinməyən heyvan sürüləri əldə etdi. Mən Bozqıra dönəndə artıq 13 yaşım var idi. Çingiz xan isə artıq ölmüşdü. Mən bir daha onu görmədim. İçimdəki nifrət özümlə bərabər böyüyürdü. Monqol ordusunda əsgər olmaq istəyirdim. Bəlkə bu yolla vətənimə gedə biləcəyimi düşünürdüm. Maraqlıydı: -Xarəzmin nəvəsi və monqol əsgəri… İstəyirdim ki, bu yolla atamın sağ olduğunu öyrənim və onun ordusuna qoşulum. Ona deyim ki, bu mənəm – Sayəddin – sənin kiçik oğlun. Monqollar mənə Tarağay adı veriblər. Onu qucaqlayıb – ata! – deyim. Amma bu arzum ilk günlərdəncə gözümdə qaldı. Məni monqol ordusuna götürmədilər ki, sən axsayırsan. Ordunun sərkərdələrinin çoxunu tanıyırdım, bizim yurda tez-tez gəlirdilər. Onlardan da xahiş etdim, amma məni aparmadılar. Sonra eşitdim ki, atam sağdır. Onun qəhrə¬man¬lığını eşidəndə ürəyim dağa döndü. Elə bilirdim, dünyada məndən xoşbəxt birisi ola bilməz. Xarəzm xanlığının yenidən qurulacağına sevinirdim. Sonra eşitdim ki, atam Sultan Cəlaləddin Azərbaycandadır. 18 yaşım olanda məni Temuçinin anasının nəslindən olan bir qızla evləndirdilər. Mən evlənəndən sonra Xarəzmə gedəcəkdim ki, atamı tapım. Amma eşitdim ki, atamı öldürüblər. Yenidən həyatımdan küsdüm. Amma bu mənə nə verəcəkdi? Özümü toparlayıb Xarəzm xanlığını bərpa etmək üçün planlar qurmağa başladım. Amma bütün ümidlərim boşa çıxdı. Artıq Xarəzm yer üzündən silinmiş bir ölkə idi… Əmir Teymur, Monqol imperiyasının axırına çıxdım. Çingiz xanı özünün hazırladığın qayda-qanunlardan yararlanaraq məhv etdim. Elə Çingiz xan qanunları əsasında qüdrətli bir dövlət yaratmağa nail oldum, bütün dünyanın fatehi ola bildim. Mən atamın 5 övladından sonuncusu idim. 6 yaşım olanda heyvan sürüsünə gedirdim. Bu vaxt bir ceyran gördüm, onu tutub heyvan sürüsünün içinə buraxdım, qaçdı, yenə tutdum, yenə qaçdı. Mən onu qoyun bilib tutur, heyvanların arasına qatırdım. Bunu izləyən monqol əsgərləri mənim qaçmağıma baxaraq heyran qalıblar. Deyiblər ki, uşaq ceyranı qaçaraq tutur. Hələ zarafatla deyən də olub: “Bu bizim atdığımız oxdan daha sürətli qaçır ki… Qaçmır ey, uçur elə bil”. Yəni, mənimlə maraqlanıblar. Hələ onda öz aralarında deyiblər ki, bu Xarəzm sərkərdələrindən birinin övladı ola bilər. Anası isə monqoldur. Onda monqol əsgərləri uzaq məsafəyə yaxşı ox atardılar. Məni çağırıb bir yarış keçirdilər. Onların atdığı oxa çatmalıydım. Oxu atdılar, mən sürət götürdüm. Təxminən 500 metrlik bir məsafədə yerə düşər-düşməz oxu tutdum. Onlar buna mat qaldılar. Yenə bir neçə belə sınaq keçirərək həm də mənim ox tutmağımla əylənirdilər. Növbəti belə bir cəhddə ayağıma oxla vurdular ki, gələcəkdə monqollara bir xətər yetirməyim. Ox ayağımın bu üzündən girib o üzündən çıxmışdı. Ayağıma üç ox sancılmışdı. Heç gözümdən yaş da çıxmadı, oxları çıxararkən ayağıma daha da ziyan elədim. Belə ki, oxu tərsinə çəkmişəm, ucluğundakı qarmaq şiş barmağımı dağıtdı. O biri oxları da çıxartdım. Mənim təmkinlə dözərək bu oxları ayağımdan çıxarmağım monqol əsgərlərini mat qoydu. Evə gəldim. Atam Əmir Məhəmməd Tarağay məni qan içində gördü. Amma mənim yıxılmamağım – sümüyüm sınsa da ayaq üstə dayana bilməyim atamı da təəccübləndirmişdi. Monqollar gəldilər, məni hansı əsgərin vurduğunu soruşdular. Bilmirəm! – dedim. Amma onları tanıyırdım, heç nə demədim. Atam anamın yalvarmağına məhəl qoymayaraq bizi köçürdü. Biz Monqolustanın Barlas şəhərindən Keş şəhərinin Hoca-İlqar kəndinə yerləşdik. Bu kənd atamın anasıgilin kəndi idi. Atam həmin kənddə doğmalarından, yaxınlarından heç kimi tanımadı. O uşaqlıq dövrünün həmin kənddə keçdiyini deyirdi. Amma Çingiz xan həmin kəndi viran qoymuş, adamlarını öldürtdürmüşdü. Oraya monqollar köçmüşdü. Onlar isə atamı tanımadılar. Hətta burada anamın qohumlarını tanıyan adamlar da var idi. Qardaşlarım böyük idi. Böyük qardaşımın 30 yaşı var idi. Atam artıq 60 yaşında idi. O vaxt atam Tarağay ayağım sağalandan sonra qardaşlarımla məni götürərək Sind-hind çayının sahilinə gətirdi. Orda bir çadır qurduq. Məni təklikdə bir dağın üstündə əyləşdirərək dedi: – Buraya diqqətlə bax. Bizim ailəmiz axırıncı dəfə bu dağda ayrıldı. Baban bax bu dağdan at belində özünü bu çaya atdı. Sağ-salamat o biri sahildən çıxdı. Bizi bu çaya atdı ki, monqollara əsir düşməyək. Bilirsənmi sən kimin nəvəsisən? Bunu deyən atam məni baxışlarıyla diqqətlə süzərək söhbətinə davam etdi: – 6 oğlum var, amma sən başqasan, sənə bir sirr açacam. Sənin baban Xarəzm şahı olmuş Cəlaləddindir – Xarəzm şahı Məhəmmədin oğlu. Anan isə Çingiz xanın nəslindəndir,Caqatayın qızı yəni südün də xan nəslindəndir, qanın da. Mən səni gələcəyin hökmdarı kimi görürəm. Səndə bu keyfiyyətlərin hamısı var. Dünyanın şahı sən olacaqsan. Buna əminəm. Sən bunu bacaracaqsan. Atam mənə Cəlaləddinin ən çox istədiyi Teymur adını verdi. Dedi ki, “mən Temur Malik adına çox hörmət edirəm, Temur Malik Xarəzm xanlığının komutanı olmuşdu amma ürəyimdə sənin adının mənasını belə bilirəm, baxmayaraq ki, insanlara bu adın mənasını Temuçin kimi başa salmışam. Amma bu dediklərimi kimsə bilməməlidir. Çünki qorxuludur. Heç qardaşların da bilməsin, nə bilmək olar… Həyatın üçün təhlükə olmasın.” Mən Əmir Teymur, bu xaqanlığı nə atamdan, nə anamdan aldım. Babam Cəlaləddinin ruhundan aldım. Mənə öz məmləkətimdə Əmir Teymur kimi müraciət edirdilər, atası xan olmayana xanlıq düşmür, deyirdilər. Xarici ölkələr məni xan kimi qəbul etsə də, öz ölkəmdə sadəcə Əmir Teymuram”.
Qeyd: “Çingiz xanın xəzinəsi” romanımda Soltan Cəlaləddinin, eləcə də Əmir Teymurun həyatı haqqında daha geniş, müfəssəl məlumatlar var.
CƏLALƏDDİN QASIMOV Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti, tarixi romanlar yazarı
Sorğu
Yeni dizaynımız necədir?