Azərbaycan ədəbiyyatının ağır itkisi Vaqif Səmədoğlunun vəfatı oldu. Ağır xəstəlik, onu ömrünün 75 yaşı keçməsinə imkan vermədi. Böyük şair Səməd Vurğunun oğlu olan Vaqif Səmədoğlu özü də Azərbaycan ədəbiyyatında dərin iz qoyan yazıçılardan olub. Son illər ağciyər xərçəngindən əziyyət çəkən şair bir neçə dəfə İsraildə müalicə kursu keçmişdi. Xalq onunla sabah Akademik Milli Dram Teatrında vidalaşacaq. Xalqın şairi sabah Fəxri xiyabanda dəfn ediləcək.
Salam, ata, salam. Bilirəm, arxamdasan. Məzarından cəmi əlli-altmış addım bu yanda dayanıb trolleybus gözləyirəm. Trolleybusa minib, sənin yanına gələnə qədər yaşamağa gedəcəyəm. Ömür bu imiş, ata? Gəldi... Salam trolleybus, əlvida ata...
1982-ci ildə yazmışdı bu şeri Vaqif Səmədoğlu. Yaxşı bilirdi ki, ömür deyilən şey elə bir trolleybus dayanacağı qədər qısadır. O, bu gün illər qabaq əlvida dediyi atası ilə salamlaşdı, bizə əlvida dedi.
İndi atasından cəmi əlli-altmış addım o yanda məzarı qazılır Vaqif Səmədoğlunun. Ölüm adlı gerçəyi bir saniyə də yaddan çıxartmayan şairin. Çoxları onu pessimist adlandırırdı. O, isə əlbəttə ürəyi deyəni dilə gətirirdi. Ölüm bir gün də tək qoymur məni, qoymur onsuz sevib-sevilməyə, xəyallarda özümü-özümə basdırır. Hələ 43 yaşında o, ölümün bir addımlığındaydı. 20 il sonra da yenə ölümdən yazırdı. Məzarıma nə başdaşı qoyun, nə heykəl, bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin.
“Nə varım var, nə barxanam. Ömür yükü bağlamağa. Allah, məni yarı öldür, Yarı saxla ağlamağa... Bütün həyatım və ömrüm boyu ən çox məni düşündürən məsələ ölüm olub. Onun üçün anam mənim adımı “ölüm şairi” qoyub. Məndən çox ölümdən yazan olmayıb Azərbaycan poyezyasında. Xərçəng xəstəsi nə haqda fikirləşər”.
Bu müsahibəni Mirşahinə 75 yaşının ərəfəsində vermişdi. Onda bu geyim-geçimi ilə o mənə tərki-dünya olan Nəsimini xatırlatmışdı. Nəsimi də bu yorğun vücud ilə ölümünə doğru gedirdi. Vaqif Səmədoğlu da.... İsrailə, müailcəyə getsə də, sağalacağına inanmırdı, amma o biri dünyaya tələsdiyini də zənn etmirəm. Hər kəs kimi həyatdan ikiəlli yapışmışdı. Azdramada, yubiley gecəsindəki çıxışı da bunun sübutuydu.
Özünün aforizm qədər dəyərli bir sözün vardı. Deyirdin ki, Qələm yola düşəndə dalınca ya Allah su atar, ya da şeytan. Bu gün sən özün yola çıxdın şair. Və əminəm ki, dalınca Allah su atacaq. Çünki, şairlərin məhz cənnətdə ağaclardan asıldıqlarına hamıdan çox Sən özün inanırdın.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?