General “Lamiyənin uşağının atası kimdir” sualına aydınlıq gətirə biləcəkmi?
Neçə vaxtdır həbsdə uşaq dünyaya gətirən Lamiyə Quliyevanın məsələsi mətbuatın gündəmindən düşmür. Bu məsələyə aydınlıq gətirə biləcək qurum Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, düzgün məlumatı verə biləcək şəxs isə adı çəkilən qurumun rəisi Mədət Quliyevdir. Düzdür, Mədət Quliyev hadisə ilə bağlı açıqlama verdi. O, dedi ki, mətbuatda bu barədə yazılanlarla bağlı fikir bildirməsi
müdafiə kimi qəbul edilə bilər: “Guya mən özümü, Xidməti və ya kimisə müdafiə edirəm kimi qəbul edilə bilər. Bu mənim xasiyyətimə və həyat tərzimə ziddir. Heç vaxt müdafiədə olmuram. Mən öz xidməti işimi görürəm. Bu xəbərlər yazılmalıdır. Demokratik bir cəmiyyətdə yaşayırıq. Kimsə bu cəmiyyətdə öz fikirlərini bildirirsə, burada xətrə dəyəsi nə var ki? Burada narahatedici bir məsələ görmürəm. Cəmiyyətimiz inkişaf edir. Hər şey aydınlaşacaq. Bizim Xidmətə qarşı heç bir irad bildirilməyəcək. Bunu hər kəs görəcək. Allaha şükür ki, artıq Baş Prokurorluq bu məsələ ilə məşğul olur. Biz biləndə ki, Lamiyə hamilədir, ona kömək elədik ki, uşağını rahat şəkildə dünyaya gətirsin. Onun üçün bütün şəraiti yaratdıq. Bu adi bir haldır. Belə şeylər ola bilir”.
Mədət Quliyev “Lamiyə Quliyeva uşağının atasının da məhkum olduğunu bildirib. Həmin şəxs isə bu iddiaları təkzib edərək Lamiyə ilə şəxsi yaxınlığının olmadığını bəyan edib. Bu məsələ araşdırılacaqmı” sualına isə belə cavab verib: “Bu məsələ tərəfimizdən təbii ki, araşdırılacaq. O ki, qaldı həmin şəxs bunu təkzib edərək, ayrı şeylər deyir. Onun uşağının atası da müəyyən olunacaq. Hamı onu tanıyacaq”.
Məsələ ilə bağlı mətbuatda tənqid olunmasına gəlincə, Mədət Quliyev məsuliyyət daşıması barədə ittihamlara belə cavab verdi: “Heç belə bir şeyi yazmaq və düşünmək olar? Belə yazı yazmaq olar? Kim nə yazır-yazsın. Jurnalistlərin içində də xəyanətkar, satqın, pula, nəyəsə satılan adamlar var. Onlar müharibə şəraitində də satılırdılar. Onlar respublikanın xoş gününü istəməyən adamlardır. Mənə qarşı olan qara kampaniya kimlərinsə tərəfindən formalaşdırılır. Bunlar heç kimin qanını qaralatmamalıdır. Çünki demokratik cəmiyyətdə yaşayırıq. Hər kəs istədiyi fikri yaza bilər. Narahat olmağa heç bir əsas yoxdur. Hər şey yaxşıdır”.
Göründüyü kimi, Mədət Qulyev danışsa da, əslində heç nə demədi. Beləliklə, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürən Lamiyə Quliyevanın həbsdə necə uşaq doğmasını Penitensiar Xidmət əsaslandıra bilmir. Cəmiyyəti maraqlandıran suallara düz-əməlli cavab verilmir.
Maraqlıdır ki, Baş prokurorun keçmiş müavini Mətləb Mütəllimli L.Quliyevanın olduğu 4 saylı cəzaçəkmə müəssisənin eks-rəisi Müzəffər Məmmədovu ittiham edib. M.Məmmədov isə “Yeni Müsavat”a müsahibəsində ittihamları rədd edib.
Məlumatlara görə, Lamiyə keçmiş rəislə intim münasibət şansı olan üç-dörd qadın dustaqdan biri olub. İddiaya görə, həmin dövrdə Lamiyə heç kimi saymayıb, kefi istəyəni edib, hətta sələmçiliklə məşğul olub.
Lamiyənin qazancından evə pul göndərdiyi də söylənir. Lakin M.Məmmədov rəis postundan gedəndən sonra Lamiyənin həbsdə mövqeləri zəifləyib. Nəzarətçilərə qəzəbli olduğuna görə yeməkxanada çayniki onlardan birinin başına çırpıb. Nəzarətçinin şikayəti əsasında L.Quliyevaya 2013-cü ildə yeni cinayət işi açılıb. Sadəcə, məsələni bu şəkildə təqdim etmək istəməyiblər və Lamiyənin dustaq yoldaşı ilə dalaşdığı bildirilib.
Yazıda qeyd olunur ki, ötən qış Lamiyə istintaqla əlaqədar Bakı İstintaq Təcridxanasına aparılıb. Onun təcridxanada kişi nəzarətçilərdən bir neçəsi ilə münasibəti olduğu iddia edilir: “Güman ki, təcridxananın rəhbərliyinin də bundan xəbəri olub. Lamiyənin hamiləliyi abortdan qorumaq üçün dörd ayınadək gizlədilir. Lamiyə özü də uşağın atasının kimliyini dəqiq bilmir”.
Arxiv materiallarında isə mühüm bir detal var. Belə ki, 2009-cu ildə “Bizim Yol”un jurnalisti ilə söhbətində L.Quliyeva şəraitdən razılıq edib: “Ancaq bəzi işçilər dustaqların canını boğazına yığır, onları incidirlər. Rəis olmasa, dustaqlar burda ölər. Onun hünərinə burda nəfəs alırıq. Mən nəzarətçiləri nəzərdə tutmuram. Burda bir «oper» Həqiqət var, dustaqları sakit nəfəs almağa qoymur. Siz mənə inanırsızsa, onda mənim sözümü eləcə də qəzetə yazın. Bura elə bir yerdir ki, biri sözünü deyən kim o dəqiqə böyürdən-başdan şilləvuranlar çıxır. Xahiş edirəm, beləcə yazın. Hamı da bilir ki, mən yalan danışan deyiləm”.
L.Quliyeva bildirib ki, əsəbləri pozulsa da, sözün düzünü deyəndir: “Rəis olmasa, bəzi işçilər dustaqların gözünü çıxarar. Burda bir neçə dustaq dəfələrlə özünə xəsarət yetirmək istəyib. Onlardan da biri mənəm. Özümü atıb öldürmüşdüm az qala. Burda elə dustaqlar var ki, ”paqon"u müdafiə etmək üçün “işverənlik” edirlər".
L.Quliyevanın həbsdə doğması faktını ilk olaraq mətbuata açıqlayan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudova isə təzyiqlər başlanıb. Hadisəni ictimailəşdirdikdən sonra komitənin keçmiş üzvünün Behbudov əleyhinə həbsdən məktubu mətbuata ötürülüb.
Komitə sədrinin sözlərinə görə, bu məsələni ictimailəşdirməklə L.Quliyevanın könüllü, yoxsa təcavüz nəticəsində uşaq doğmasını aydınlaşdırmaq istəyib: “Baş prokuror Zakir Qaralova da etdiyim
müraciətin mahiyyəti bundan ibarətdir. Nə 4 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisi olmuş Müzəffər Məmmədovu ittiham etmişəm, nə adını hallandırmışam.
Kimlərsə nüfuzuma xələl gətirmək istəyirsə, alınmayacaq. Mən nə etmişəm ki? Hər bir qadın ana ola bilər. Bu, Lamiyənin hüququdur. Sadəcə, ehtimal edirik ki, Lamiyə təcavüzə məruz qalıb. Qaranlıq da budur ki, qapalı yerdə saxlanan dustaq hamilə olub, bu məsələ araşdırılsın”.
Hüquqşünas Müzəffər Baxışov bu faktın ictimailəşdirilməsini şəxsi həyata müdaxilə hesab etmir. Onun sözlərinə görə, hadisə qapalı yerdə baş verib və nəzarətçilər qadınlardır: “Yalnız rəis və müavini kişi olub. Bu halda ictimai əhəmiyyət kəsb etdiyi üçün şəxsi həyata müdaxilə yoxdur. İctimaiyyət hadisənin necə və hansı səbəbdən baş verməsini bilmək istəyir. Əgər obyektiv araşdırma aparılsa və Lamiyəyə təcavüz olunduğu üzə çıxsa, yenə də şəxsi həyata müdaxilə arxa plana keçir. İctimai ittiham qaydasında təqib önə çıxır”.
Qeyd edək ki, L.Quliyeva 2003-cü ildə həbs olunub. O, keçmiş nişanlısı Vüqar Əliyevlə bərabər Şəmkirin sabiq başçısının oğlunu öldürüb. Həbs müddəti 2013-cü ildə başa çatsa da, 2 il əvvəl CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay
müddətinə artırılıb. Lamiyənin nişanlısı Vüqar isə Qobustan həbsxanasında başqa qadınla evlənib.
Lamiyənin özünün açıqlamalarına diqqət edək. Qətlə görə məhkum edilmiş Lamiyə Quliyeva vəkili Fəxrəddin Mehdiyev vasitəsilə həbsdə ikən necə uşaq dünyaya gətirdiyi haqqında mətbuata məlumat göndərib.
Xüsusən, o bildirib ki, zorlama olmayıb. O, könüllü olaraq Kürdəxanı istintaq təcridxanasında adını istintaqa bildirdiyi bir məhbusla intim əlaqədə olub.
Onun sözlərinə görə, o, həbs müddətinin 5 il yarım artırılmasından sonra ümidsizlikdən bu addımı atıb:
“Mən 15 ildir həbsdəyəm və Xətai rayon məhkəməsi həbs müddətimi 6 il uzatdıqda və Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxladıqda depresiyaya düşdüm, ömrümün sonuna qədər həbsdə qalacağımı dərk etdim”.
Daha sonra o bildirib ki, apellyasiya şikayətinə baxılarkən istintaq təcridxanasında olarkən o, elə orada saxlanılan məhbusla intim əlaqəyə girib. “Bu şəxs mənim övladımın atasıdır”,- deyə Quliyeva iddia edir.
Quliyevanın iddiaları doğrudursa, bir sıra suallar yaranır: istintaq təcridxanasında rəhbərliyin icazəsi olmadan məhbuslar arasında intim əlaqə ola bilərmi? Bu əlaqə tək qalmağı tələb edir ki, administrasiyanın köməyi olmadan bu, mümkün deyil.
Bundan başqa, kişilər və qadınlar ayrı-ayrı korpuslarda saxlanılır, onları bir araya gətirmək üçün isə kişi qadınlar korpusuna gətirilməlidir.
Bu məsələ ilə də bağlı Penitensiar Xidmətdən şərh almaq cəhdləri nəticə verməyib.
Sadəcə , bir müddət əvvəl bu qurumun rəhbəri Mədət Quliyev bildirib ki, rəhbərlik Lamiyə Quliyevanın hamilə olduğunu hamiləliyin 5-ci ayında öyrənib. Həmin vaxtdan etibarən Penitensiar Xidmət uşağın atasını axtarır və axtarışlar indiyədək davam edir.
Lakin o, baş verənlərə görə kimin məsuliyyət daşıdığını, bəzi məhbusların qanuni həyat yoldaşı və yaxın qohumları ilə görüşünün qadağan edildiyi bir müəssisədə məhbusun özünə boy-frend “sifariş etməsinin” necə mümkün olduğunu izah etməyib.
Beləliklə, Mədət Quliyev Lamiyə Quliyevanın ana olması ilə bağlı məsələnin nəzarətdə olduğunu və uşağının atasının keçirilən DNT analizindən sonra məlum olacağını deyir: “Uşağın atası kimdirsə o, övladına sahib çıxmalıdır. Həmin şəxs kənara çəkilə bilməz. Atası kimdirsə aliment ödəməlidir. Bundan əlavə, Mədət Quliyev Lamiyə Quliyeva və övladının dövlət tərəfindən himayə olunduğunu, bütün lazımi vasitələrlə təmin olunduğunu bildirdi”.
İstər-istəməz soruşmalı oluruq: cənab general, hazırda Lamiyənin uşağının yaşı 3 aylıqdır. Siz isə deyirsiniz ki, «Biz biləndə ki, Lamiyə hamilədir, ona kömək elədik ki, uşağını rahat şəkildə dünyaya gətirsin». Deməli, Siz bunu ən azı 1 il bundan əvvəl bilmisiniz… Bəs bu müddətdə bu uşağın həbsxanada kəbinsiz qadından və kimdən doğulmasını niyə araşdırmamısınız? Burada belə bir şübhə və ehtimal var ki, siz bunu araşdırmısınız, amma uşağın atasının kim olduğu məlum olanda «hələlik susmaq qızıldır» məntiqi ilə hərəkət etmisiniz… Yoxsa, bu ata sıravi bir şəxs olsaydı, indi türmələrimizdə bir mərəkə qopmuşdu ki, gəl görəsən… Və Lamiyəyə adi bir çaynik davasına görə 5 il 6 ay verilmişdisə, bu qanunsuz doğuşa görə ona ən azı ömürlük verilməli, bir neçə nəfər isə əməkdaşınız cəzalandırılardı… Bunlar baş verməyibsə,
icazə verin şübhələnək ki, bu uşağın atasını elə rəhbərlik etdiyiniz qurumda axtaraq!
Qeyd edək ki, Lamiyə Quliyevanın cəzaçəkmə müəssisəsində uşaq doğması ilə bağlı rəsmi araşdırmalar davam edir.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1987-ci il təvəllüdlü Lamiyə Quliyevanın ötən ilin oktyabr ayında uşaq doğması və digər xüsusatlarla bağlı Baş Prokurorluq tərəfindən birgə müvafiq araşdırmalar aparılır.
Ümid edirik ki, prokurorluğun araşdırması nəticə verəcək və məsələ ilə bağlı ictimaiyyəti maraqlandıran suallara aydınlıq gətiriləcək.
Sorğu
Yeni dizaynımız necədir?