Azərbaycan vətəndaşlarının ad və soyadlarının milliləşdirilməsi məsələsi əsrlik problemə çevrilib ***
Hələ 110 il bundan qabaq dahi Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalında azərbaycanlıların soyad sonluqları ilə bağlı geniş məqalə yazmışdı. Böyük maarifçi ziyalı, kəskin şəkildə milli kimliyimizə yad olan soyad sonluqlarından istifadə etməyimizin əleyhinə çıxır, soyadlarımızın milliləşdirilməsinin vacibliyini vurğulayırdı.
Budur, 110 il sonra yenə də həmin problem haqqında yazılır, danışılır, müzakirələr açılır. Lakin ortada qaneedici nəticə yoxdur. Soyadların milliləşdirilməsi məsələsi artıq əsrlik problemə çevrilib...
Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında 1993-cü il fevralın 2-də qanun qəbul olunub. Bu qanuna əsasən, ölkə vətəndaşları "-ov", "-yev" sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.
İndi də fevral ayıdır və həmin qanunun qəbulundan artıq 22 il keçir. Maraqlıdır, artıq 25 ildir müstəqillik əldə etmiş respublikamızın vətəndaşları nəyə görə öz soyadlarını dəyişməkdə maraqlı deyillər? Şəxsiyyətini təsdiq edən sənəddə “ov”, “yev”, “zadə” kimi yad dildən keçmə ünsürlərin saxlanılması vətəndaşlarımızı niyə narahat etmir?
“Kosepsiya hazırlanmışdı” Hələ bir neçə il öncə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində yaradılmış Xüsusi Komissiyanın araşdırmaları nəticəsində konsepsiya hazırlanmışdı. Bu konsepsiyada adlar və soyadlar dövlət informasiya sisteminin yaradılması nəzərdə tutulmuşdu. Bu barədə danışan millət vəkili, dilçilik üzrə mütəxəssis Nizami Cəfərov onu da qeyd etmişdi ki, milli soyad formatı Azərbaycan vətəndaşları olan digər millətlərin nümayəndələri üçün nəzərdə tutulmayıb...
Mövzu ilə bağlı Ədliyyə Nazirliyindən mətbuata verilən məlumata görə,vətəndaşların soyadlarını mililəşdirilməsi istiqmətində nazirliyə kütləvi müraciət yoxdur. “Kim necə istəyirsə, o cür də soyadını yazdırır. Ancaq bu barədə vaxtilə Milli Məclisdə məsələ qaldırlmışdı. Soyadların dəyişdirilməsini məcburi və ya könüllü olacağı barədə qanunverici orqan qərar verməlidir”. Nazirlikdən o da bildirilib ki, əslində istənilən vaxt adları və soyadları dəyişmək mümkündür. Bunun üçün xüsusi qanuna və ya sərəncama ehtiyac yoxdur. Bu, vətəndaşın istəyindən asılıdır.
Milli Elmlər Akademiyasının nəzdində yaradılan Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasından mövzu ilə bağlı mətbuata bildiriblər ki, üzvü olduğu komissiyanın soyad sonluğu kimi “bəyli”, “xanlı” sonluğu ilə bağlı müzakirələr aparıb-aparmayacağı məlum deyil. Hələlik bu barədə müzakirələrə başlanılmadığı üçün konkret söz demək mümkün deyil. Müzakirələrin nəticəsi olaraq tövsiyələr, daha sonra isə qərar layihəsi hazırlana bilər.
Mütəxəssis fikirləri
Etnoqraf Emin Cəfərlinin sözlərinə görə, 20 ilə yaxındır müstəqil olmağımıza baxmayaraq, Azərbaycan vətəndaşları hələ də rus soyad sonluqlarından – “ov”, “yev”-dən istifadə edir. Bu da kökü çox qədimlərə gedib çıxan –lı, -li, -lu, -lü kimi soyad sonluqlarımızın unutdurulmasına
gətirib çıxarır. “Ancaq bizimlə eyni coğrafi məkanda yaşayan gürcülərin –dze, -şvili, ermənilərin –yan, -yanç soyad sonluqları dəyişdirilməyib”, deyə E.Cəfərli vurğuladı.
“Məsələn, Yaqub Yaqubov əvəzinə Yakubov, Qulu Quliyev əvəzinə Kuli Kuliyev, Qara Qarayev əvəzinə Kara Karayev, “oğlu” əvəzinə “oqlı”, “qızı” əvəzinə “kızı” yazılıb. Quba əvəzinə Kuba, Araz əvəzinə Araks, Qusar əvəzinə Kusar, Qax əvəzinə Kaxi, Balakən əvəzinə Belokan, Şamaxı əvəzinə Şemaxa və s. yazılıb”, deyə həmsöhbətimiz qeyd etdi.
Ziyalılar nə düşünür?
Ədəbiyyatşünas alim Əli Əmirov məsələnin müsbət həllinin tərəfdarıdır. “Əlbəttə, yaxşı olardı ki, soyadlarımız və adlarımız milli olsun. Məsələn, Əmirli, Əmirbəyli kimi. Ancaq Əmirsoy kimi olmasını istəməzdim”. Əli müəllim qeyd edir ki, bu problemin həlli ilə həm də ədəbiyyat adamları məşğul olmalıdır: “Yazıçılar, şairlər öz əsərlərindəki obrazları milli ad və soyadlarla təqdim etsələr, insanların şüuraltına təsir edər və gələcəkdə müsbət nəticə verər”.
Tanınmış memar Abbas Novruzov da bizimlə söhbətində bildirdi ki, soyadlarının əyişdirilməsinə normal baxır: “Amma "ov"u, "yev"i "zadə" ilə əvəzləcəyiksə və ya "zadə"ni əvəzləməyəcəyiksə, onda bu məsələ kampaniya xarakteri daşıyacaq. Mənim düşüncəmə görə, Məmmədov ilə Məmmədzadə arasında heç bir fərq yoxdur”, - deyə Abbas müəllim vurğuladı.
Bakuinfo.Az saytının baş redaktoru, şair və jurnalist Əvəz Qurbanlı bizə açıqlamasında bildirdi ki, zaman-zaman Azərbaycan soyadlarını ruslaşdırmaq məqsədilə soyadlarımızın sonuna “-ov”, “-yev” şəkliçisi artırılıb. “Lakin indi, necə deyərlər, zaman başqa zamandır. Artıq uzun illərdir müstəqilliyimizi bərpa etmişik. İndi taleyüklü bütün problemlərimizə özümüz cavabdehik. Eləcə də bu məsələ ilə bağlı artıq əməli işlərə başlamalıyıq”.
Əvəz Qurbanlı qeyd edir ki, şəxsən o, öz soyadını hələ on il bundan qabaq sənədlə dəyişib: “2005-ci ildən bura “-ov”dan “-lı”ya dəyişmişəm. Bununla yanaşı, övladlarıma da milli adlar qoymuşam: Nuray və Güntay. Mən bunu ona görə etdim ki, başqaları da nümunə götürsün. Hər kəs özündən başlamalıdır. Yalnız bu yolla problemdən birdəfəlik yaxa qurtara bilərik”.
Müsahibimizin fikrincə, milli soyad sonluqlarının məcburi qaydada tətbiq olunması üçün səlahiyyətli orqanlar tərəfindən qərarın verilməsi çox yaxşı olardı: “Yoxsa əks təqdirdə, 50 ildən sonra dünyaya sübut edə bilməyəcəyik ki, bu torpaqların sahibi bizik. Deyəcəklər ki, sizin adlarınız və soyadlarınız filan millətlərlə, filan dövlətlərlə bağlıdır. Yəni məsələ bu qədər vacibdir”.
Bakı Dövlət Universitetinin müəllimi Ələmdar Cabbarlı bizimlə söhbətində soyadların milliləşdirilməsi istiqamətindəki addıma müsbət yanaşdığını bildirdi.
“Hesab edirəm ki, vətəndaşa təkcə soyad sonluğunu deyil, bütövlükdə soyadı dəyişdirmək imkanı yaradılsa, daha yaxşı olar. Məsələn, kimsə “Məmmədov”, “Əhmədov” soyadını “Turan”, “Türkel” ilə əvəz etmək istəyir. Belə əvəzləmələrə də imkan yaradılmalıdır”, deyə Ə.Cabbarlı qeyd etdi.
BDU müəlliminin sözlərinə görə, müşahidələr göstərir ki, bir çox vətəndaşlar qanunda göstərilən soyad sonluqlarından başqa “- bəyli”, “- xanlı” kimi soyad sonluqlarına da maraq göstərirlər.
Gənc yazar Faiq Hüseynbəyli bu fikirdədir ki, əgər kiminsə əsil-nəcabətində bəylik, xanlıq olubsa, o zaman onun soyadına “-bəyli”, “-xanlı” sonluğu yazmaq mümkündür. “Amma eşitdiyimə görə, həmin şəxslər şəcərəsində bəylik, xanlıq olduğunu qanuni əsaslarla sübut etməlidir. Bunun üçün də arxivlərə və digər müvafiq qurumlara müraciət edib sənədlər toplamaq lazımdır. Lazımi sənədlər toplanıldıqdan sonra onları təqdim etməklə, müvafiq sərəncam əsasında soyad sonluğu kimi “-bəyli” və “-xanlı” götürülə bilər”.
Vətəndaşlar nə düşünür?
Ruslan Ağazadə adlı həmsöhbətimiz soyad sonluğunun məcburi dəyişdirilməsinin əleyhinə olduğunu deyir: “Bəlkə kimsə soyad sonluğunu dəyişmək istəmir. Bir dəfə Milli Məclisdə müzakirə gedirdi ki, “zadə” sonluğu götürülməlidir. Guya bu soyad sonluğu milli deyil, İran mənşəlidir. Şəxsən mən bunu qəbul etmirəm. Ola bilsin ki, İran mənşəlidir, lakin bu, mənim xoşuma gəlir. Qoy kim necə istəyir, soyadını da elə yazdırsın. Mən də belə xoşlayıram, belə də yazdırmışam”, deyə R.Ağazadə vurğuladı.
Vüqar Abbaslı adlı müsahibimiz də soyadların milliləşdirilməsinin tərəfdarı olduğunu bildirdi. “Şəxsən, mən rəsmi olaraq soyadımı dəyişdirmişəm: “Abbas” soyadı götürmək istəyirdim, amma müvafiq instansiya buna imkan vermədi. Ona görə də “Abbaslı” soyadını götürdüm”.
V.Abbaslı onu da əlavə etdi ki, soyad sonluqlarının məcburi qaydada dəyişdirilməsi düzgün addım olmazdı. “Məncə, vətəndaşlar psixoloji olaraq prosesə hazırlanmalıdır. Onlara öz tarixi kimlikləri izah olunmalı, nəyə görə soyadlarını dəyişməli olduqları başa salınmalıdır.Yalnız bundan sonra problemlə bağlı hansısa nəticələrin əldə olunacağına inanmaq olar.”
*** Mövzu ilə bağlı münasibətini öyrəndiyimiz şəxslərin siyahısını daha da böyüdə bilərdik. Lakin istər mütəxəssislər, istərsə də sadə vətəndaşlar demək olar ki, eyni fikirdədirlər: adlar və soyadlar milliləşdirilməlidir. Lakin ortada bir şey çatışmır – Vətəndaş təşəbbüsü. Bəli, biz oturub gözləməməliyik ki, hansısa qurumlar bizim adlarımızda və soyadlarımızda hansısa dəyişiklik etsinlər. Özümüzdən başlamalıyıq. Bax, elə aşağıdakı ad və soyad kimi:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?