Ailə Məcəlləsində uşağa ad, ata adı və soyad verilməsi ilə bağlı hüquq normaları Nazirlər Kabinetinin "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nda da öz əksini tapıb
Həyat tərzi Bəzən valideynlər yeni doğulmuş övladlarına öz soyadlarını deyil, uşağın ata, baba adını soyad kimi vermək istəyirlər. Valideynlər bu sahədəki qanunlardan xəbərsizliyi səbəbindən müəyyən problemlərlə üzləşməli olurlar. Uşağa soyad qoyulması Azərbaycan qanunvericiliyi ilə necə tənzimlənir? Valideynlərin istədikləri soyadı uşaqlarına seçmək hüququ varmı? Trend-in məlumatına görə, vəkil Dünyamin Novruzov bu məsələyə aydınlıq gətirib.
D.Novruzov bildirib ki, uşağın soyad daşımaq hüququ Ailə Məcəlləsində təsbit edilib. Ailə Məcəlləsinin tələbinə görə uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir: "Ailə qanunvericiliyində qeyd olunur ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Məsələn, "Məmmədov" və "Hüseynov", onda valideynlər qarşılıqlı razılığa gələrək uşağın soyadını ya "Məmmədov", ya da "Hüseynov" qoya bilərlər".
Hüquq məsləhətçisi bildirib ki, valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən həll olunur.
Onun sözlərinə görə, Ailə Məcəlləsində uşağa ad, ata adı və soyad verilməsi ilə bağlı hüquq normaları Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nda da öz əksini tapıb.
D.Novruzov bildirib ki, uşağa valideynlərin soyadından fərqli soyadın verilməsi, habelə ata adına uyğun soyadın verilməsi Ailə Məcəlləsində və adı çəkilən Qaydalarda nəzərdə tutulmayıb. Başqa sözlə, qüvvədə olan qanunvericilik uşağa valideynin və ya valideynlərdən birinin soyadına uyğun soyadın verilməsinin mümkünlüyünü nəzərdə tutur.
Hüquqşünas soyad sonluğuna dəyişiklik edilməsi ilə bağlı məsələyə də aydınlıq gətirərək qeyd edib ki, bu məsələ Milli Məclisin 2 fevral 1993-cü il tarixdə qəbul etdiyi "Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında" qərarına, eləcə də, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən 12 may 2011-ci il tarixli Qərarına uyğun olaraq həyata keçirilir. Onun sözlərinə görə, soyad sonluqlarının dəyişdirilməsində heç bir məcburiyyət yoxdur.
Qeyd edək ki, Milli Məclisin 2 fevral 1993-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası vətəndaşları mövcud soyadının kökünə -lı, -li, -lu, -lü, -zadə, -oğlu, -qızı soyad sonluğu artırmaqla və ya heç bir sonluq artırmadan (Məsələn: Ağayev soyadında "yev" sonluğu atılır Ağa olur, Əliyev soyadında "yev" sonluğu atılır və Əli soyadı qalır) soyad seçə bilərlər. Nazirlər Kabinetinin yuxarıda adı çəkilən 12 may 2011-ci il tarixli Qərarına görə Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?