İt piyi vərəmin dərmanı olduğundan Bakıda itlərin küçələrdə öldürülməsinə başlanıb
Bakı küçələrində küçə heyvanlarına qarşı az qala “heyvani” münasibət bəsləndiyi hamıya məlumdur. Bu yaxınlarda isə, paytaxt sakinləri daha betər qəddarlığın şahidi olublar. Belə ki, bir neçə gün öncə şəhərin "Nizami metrosu"na yaxı küçələrinin birində insanların gözu qarşısında dəhşətli mənzərə baş verib. Bir qrup gənc küçə itlərinin başını kəsərək bütün içalatlarını çıxarıblar. Bu hadisə cəmiyyətdə pis qarşılanıb. Ən qəribəsi isə odur ki, hadisənin şahidləri həmin adamların bunu itin piyindən vərəm xəstəliyinə qarşı dərman kimi istifadə etmək məqsədilə etdiklərini deyirdilər. Cəmiyyətdə küçə heyvanlarına belə işgəncələrin verilməsinə münasibət bildirən Azərbaycan Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev bunun vəhşilik, xuliqanlıq olduğunu düşünür. “Heyvana qarşı bu cür davranış yalnız xuliqanlıqdan irəli gələ bilər. Paytaxtda küçə itlərini öldürüb ətindən müalicə məqsədilə istifadə olunması fikri isə absurddur. Tibbdə belə bir anlayış mövcud deyil. Sahibsiz heyvanların insanların gözləri qarşısında vəhşicəsinə öldürülməsi cəmiyyətdə ciddi psixoloji problemlər yarada bilər. Biz bir qurum olaraq, analoji halların təkrarlanmaması üçün müvafiq dövlət qurumlarına müraciət etməyi düşünürük”. Azər Qarayevin sözlərinə görə, Azərbaycan qanunvericiliyində heyvanlarla rəhmsizcəsinə rəftar edilməsi məsələsi İnzibati Xəttalar Məcəlləsinin 129-cu maddəsində öz əksini tapıb. Həmin qanuna görə, heyvanlara qarşı zorakılıq tətbiq edən şəxs cəmi 25-45 manat cərimələnir. Onun fikrincə, bu törədilmiş əməl üçün olduqca yüngül cəzadır. Ölkədə qeyri-rəsmi rəqəmə görə, 600 mindən çox sahibsiz heyvanın olduğunu bildirən A. Qarayev bu cür halların qarşısını almaq üçün həmin məsələ ilə bağlı Cinayət məcəlləsinə də əlavələr olunmasını təklif edir. O, hətta qurum tərəfindən müvafiq qanun layihəsinin hazırlandığını, lakin bu günə kimi qəbul olunmadığını dedi. Heyvanların müdafiəçisinin bu fikri qətiyyətlə rədd etməsinə baxmayaraq, vərəm xəstəlikləri üzrə mütəxəssis həkim-fiziatr Elmira İsmayılova it piyi ilə vərəm xəstələrinin həyatını xilas etməyin mümkünlüyünün xalq arasında sınanmış üsul olduğunu deyir. Onun fikrincə, it və porsuq piyi həqiqətən də vərəm çöplərinin inkişaf etməsinin qarşısını alır və xəstənin ömrünü bir qədər uzadır. “İt və porsuq piyinin vərəm xəstəliyininin müalicəsinə effektiv təsirinin olmasını vaxtilə avstriyalı həkim Karl Trinçer subut edib. Lakin bu üsul, xalq arasında istifadə olunduğundan tibbdə geniş yayılmayıb. Vaxtilə bir neçə pasiyentimin həyatını xilas etmək üçün it piyindən mən də istifadə etmişəm”, - deyə E. İsmayılova bildirdi. Səbinə Əliyeva, Press24.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?