Rasim Musabəyov: “Yaşam səviyyəsinin aşağı düşməsini hakimiyyət təbliğatla nəzarətdə saxlaya bilməyəcək”
Sabiq dövlət müşaviri, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ukrayna böhranı, Minskdə imzalanan sülh razılaşması, Rusiyanın iqtisadi və siyasi durumu haqqında fikirlərini açıqlayıb.
- Rasim müəllim, Ukrayna-Rusiya münasibətləri hazırda gərgin olaraq qalır. Tərəflər Minskdə görüşdü, hətta mharibənin dayandırılması üçün razılıq da əldə etdi. Bu barədə nə düşünürsünüz?
- Hər halda bu, böhran bir görüşlə həll olunacaq böhran deyil. Orada çox məsələlər açıq qalıb. Üstəlik həll edilən məsələlərin də icrası sual altındadır. Ancaq hər bir halda çox təhlükəli vəziyyət yaranmışdı. Özü də, bu lokal müharibədən Avropa müharibəsinə gətirib çıxara biləcək vəziyyət idi. Elə buna görə də, federal kansler Mergellə Fransa prezidenti Ollandın təşəbbüsü zəruri oldu. Ancaq əmin olmaq ki, bü görüşlər nəticə verəcək, müharibə dayandırılacaq, tərəflər geri çəkiləcək məsələsi fikrimcə, çox da real görünmür. Fevralın 15-dən tərəflər atəşkəsə sadiq qalmalıdır. Ancaq siz də görürsünüz ki, hazırda hərbi qarşıdurma yaşanır, hər iki tərəfdən ölülər və yaralılar var.
- Mergel və Olland nəyə görə, bu prosesdə son dərəcə aktiv idi?
- Bir daha deyirəm ki, bu lokal münaqişə Avropa müharibəsinə qədər gətirib çıxara bilərdi. İkinci, münaqişə faktı var. Nəzərə alın ki, bu vəziyyəti başlı-başına buraxsan ya nəticədə Rusiya Ukraynanı tamamilə dağıdacaqdı, orada böyük vətəndaş müharibəsi baş verəcəkdi, nəticədə yüz minlərlə insan Avropaya getməli olacaqdı. Üstəlik Avropaya qazın nəqli prosesi pozulacaqdı. Ümumiyyətlə soyuq müharibə başa çatdıqdan sonra müəyyən mənada dünya düzəni və Avropada olan bütün dövlətlər arasındakı münasibətlərin üzərindən xətt çəkiləcəkdi. Təbii ki, bunu nə Avropa Birliyi arzu edir, nə də bu birlikdə söz sahibi olan Almaniya və Fransa istəyir. Ona görə ki, bu, faciələr yaradar. Prezident Olland açıq ifadə etdi ki, danışıqlar baş tutmasa alternativ müharibə olacaq. Və məsələni dinc yolla cilovlamaq mümkün olmasa Amerika Konqresində qanun layihəsi təqdim edilmişdi. İlkin mərhələdə Ukraynanı hərbi cəhətdən silahlandırmaq nəzərdə tutulurdu. Bu nə deməkdir? O deməkdir ki, bölgədə müharibə qızışacaqdı. Bunu isə təbii ki, heç kəs istəmir. Xüsusilə, Avropada müharibə arzu olunmazdır.
- Demək Ukrayna məsələsində Amerikanın mövqeyi Avropadan bir qədər fərqlidir...
- Müəyyən mənada fərqli ola bilər. Nəzərə almaq lazımdır ki, Amerika münaqişə ərazisindən çox uzaqdadır, Avropa isə münaqişə ocağına yaxındır. Amerika bu
baxımdan daha sərt mövqe ifadə edir. İndi bir çox mütəxəssislər hesab edir ki, əslində Avropa ilə Amerikanın mövqeyində ciddi fərq axtarmağa dəyməz. Ona görə ki, mövqelər əslində yaxındır. Sadəcə olaraq sərt polis, yumşaq polis məsələsi var. Başqa sözlə, bu eyni siyasətin fərqli şəkildə həyata keçirilməsidir. Müəyyən mənada prezident Putini yumşaltmaq üçün vacib idi ki, ABŞ sərt mövqedən çıxış etsin, Avropa isə məsələni danışıq yolu ilə həll etsin.
- Əslində bir neçə ay əvvəldə Ukrayna ilə Rusiya, eləcə də Moskvanın bilavasitə nəzarətində olan Donetski və Luqanski separatçıları razılıq əldə etmişdi. Ancaq həmin razılaşmaya əməl olunmadı, əksinə müharibə qızışdı. Bu mənada Minskdə əldə olunan razılaşma nə dərəcədə etibarlıdır?
- Mart ayında müqaviləni Ukraynanın rəsmi nümayəndəsi ilə qondarma qurumların nümayəndələri imzalamışdı. Bu sənədin o qədər də əhəmiyyəti və ya məsuliyyəti yox idi. İndi isə qəbul edilən qərarlarda şəxsən dövlət başçılarının rəyi olub. Bu baxımdan əslində prezidentlərin imzaladığı sənəd martda imzalanmış sənədin icrasını tələb edir. Burada ATƏT tərəfindən nəzarət həyata keçirmək də nəzərdə tutulur. Bu da qərarların icra edilməsinə inam yarada bilər. Hesab edirəm ki, məsələ nisbətən sakit mərhələyə daxil olacaq.
- Ukrayna hadisələri artıq iki ildir davam edir. Faktiki olaraq Rusiya ilə ABŞ və Avropa arasında mübarizə gedir. Sizcə, bu mübarizədə udan və uduzan tərəf kimdir?
- Əlbəttə, burada udan yoxdur, uduzan isə hamıdır. Sadəcə olaraq kim daha çox uduzdu söhbəti gedə bilər. Mən hesab edirəm ki, hələlik ən çox uduzan Ukraynadır. Torpaq itirib, iqtisadiyyatı bərbad gündədir. Əlbəttə, Ukrayna hakimiyyəti müharibə olduğu və pul olmadığı halda islahatlar apara bilməz. Halbuki, camaat hakimiyyəti dəyişdirəndə həyat şəraitinin yaxşılaşmasını istəyirdi. Onlar böhran istəmirdi. Əslində deyim ki, bu məsələdə Rusiya da qazanc əldə etməyib. Onun iqtisadiyyatı yaman günə düşüb. Üstəlik dünya arenasında da Rusiyanın nüfuzu düşüb, faktiki olaraq təklənib. Avropa Birliyinin də maliyyə itkiləri var. Bu gərginlik heç də Avropa Birliyinin iqtisadiyyatının dirçəlməsinə xidmət etmir. Burada qazanc axtarmaq yanlışdır. Birinci dünya müharibəsindən qazanan olubmu? Heç qalib gələn tərəf də qazanmayıb…
- İkinci dünya müharibəsindən sonra zəifləyən tərəf SSRİ və Avropa, güclənən isə Amerika oldu...
- Müəyyən mənada ola bilsin ki, siz doğru deyirsiniz. Ancaq nəzərə alın ki, həmin müharibəni Amerika başlamamışdı. Təbii ki, sonda biri qazanır. Bəlkə də yaranan bu gərginlikdən Çin qazanacaq. Halbuki, Çin ümumiyyətlə bu proseslərdə iştirak etmir.
- Krım məsələsi gündəmdən çıxıb, əsas müzakirə Şərqi Ukraynadakı separatizmlə bağlı aparılır?
- Krım gündəmdən çıxmayıb. Əslində Krım məsələsi Rusiya üçün bəla olacaq. Əlbəttə, hazırda Krım məsələsini qabartmırlar. Ancaq bu o demək deyil ki, Krımın ilhaqı rəsmiləşib. Krım Rusiya ilə Ukrayna münasibətlərində daima problem yaradan faktor olacaq. Ukrayna heç vaxt bununla barışmayacaq. Hazırda ruslar təklif edirlər ki, yeni Helsinki aktına bənzər sənəd imzalansın. Yəni Kosovanı siz elədiniz, Krımı da biz elədik. Gəlin bununla da, məsələyə nöqtə qoyaq və daha belə hallar baş verməsin. Rusların təklifi budur. Ancaq mən hesab etmirəm ki, bu təklif ciddiyə alına bilər.
- Ruslarla ukraynalıların yenidən barışması, birləşməsi mümkündürmü?
- Əlbəttə, məsələlərə ancaq bu ölçü ilə yanaşmaq doğru olmaz. Ancaq hər bir halda ən böyük səhvi Rusiya edib. Məsələn, ukraynalılarla ruslar bir-birinə daha yaxın idi, nəinki azərbaycanlılarla türklər. Biz türklərlə heç zaman bir dövlətdə yaşamamışıq. Ruslarla ukraynalılar isə bir dövlətdə olublar, bir-birinə daha sıx bağlı idi. Əslində onları bir xalqda adlandırmaq olar. Beləcə, bu xalqlar arasında süni düşmənçilik yaradıldı. Məncə, Rusiyanın indiki rəhbərliyinin rus xalqı qarşısında ən böyük səhvi bundadır.
- Rusiyada yaranan indiki vəziyyəti, xüsusilə sosial-iqtisadi durumu necə qiymətləndirirsiniz?
- Çox gərgindir. Mən yanvar ayında Rusiyada olmuşam. İnsanlar çox narahatdırlar. Qiymətlər artır, əmək haqları artmır. Beləcə çətinlikləri görürlər. İndi rus xalqı dözümlü xalqdır və hələlik bunu büruzə vermir. Müəyyən mənada hadisələrlə bağlı televiziya və mediada vətənpərvərlik ruhunda verilişlər gedir, əhali bu istiqamətdə köklənib. Ancaq düşünmürəm ki, hakimiyyətin indiki siyasəti və bu siyasətin iqtisadi baxımdan ağır vəziyyətə gətirən nəticəsi insanlar tərəfindən dözümlə qarşılansın. Düşünürəm ki, uzun müddət belə olmayacaq. Hazırda inflyasiya 20-30 faizə qalxa bilər. İnsanların birinci növbədə istifadə etdiyi məhsulların qiymətində sürətli artım var. Məsələn, həkim 10 min rubl maaş alır. Bu da, 150 dollar etmir. Bizdə bu maaşı alan həkim deyir ki, yaşamaq mümkün deyil. Əslində bizdə 130 manat maaş alan həkim qalmayıb. Orada isə 40 il təcrübəsi olan həkim mənə deyirdi ki, 9600 rubl əmək haqqı alır və bununla da dolanmaq qeyri mümkündür.
- Rusiyada sosial narazılıq özünü hansı formada göstərə bilər?
- Fikrimcə, hər cür göstərə bilər. Məncə, mitinqlərdən tutmuş adi formalara qədər. Ola bilsin ki, seçkilərdə kommunistlərə daha çox səs verə bilərlər. Və ya başqa partiyalara.
- Bəyəm Rusiyada Putin hakimiyyətinin alternativi var?
- Hələlik yoxdur. Real alternativi bir qədər boğublar. Ancaq sizə deyim ki, əgər müharibə baş versə, ruslar dözəcək. Ancaq müharibənin nəticəsi olaraq onların yaşam səviyyəsinin günü-gündən aşağı düşməsini və narazılığı hakimiyyət təbliğatla uzun müddət nəzarətdə saxlaya bilməyəcək.
- Rusiya iki il əvvəl səs-küylə Avrasiya İttifaqı yaradırdı, hətta Putinə yaxın media bu birliyi SSRİ-nin bərpasına yönələn ciddi səy adlandırırdı. Bu ittifaqın taleyi necə oldu?
- İndi Qazaxıstan bir, Belarus digər tərəfdən başlayıb. Belarus deyir ki, mən Rusiya ilə ticarət və maliyyə münasibətlərini dollara keçirirəm. Çünki rubl ölür və itki baş verir. Qazaxıstan deyir ki, rublun aşağı düşməsi səbəbindən Rusiya malları yerli istehsalı boğur. Qazaxıstan gömrük qaydalarını tətbiq edəcəyini və ya kvota qoyacağını dilə gətirir. Bu isə o deməkdir ki, Avrasiya İttifaqı yaranmadan böhrana daxil olub. Mənim qənaətimcə, əslində Rusiyaya qarşı maliyyə və iqtisadi sanksiyalar davam etdikcə Avrasiya İttifaqını saxlamaq və inkişaf etdirmək məsələsi gündəmdə olmayacaq. Ermənistan heç ora düzəməlli daxil olmayıb, ancaq peşman olmaları haqda da fikirlər səsləndirirlər. Deyirlər ki, qazancımız olmayacaq, itkilərimiz olacaq. Hər halda mən düşünmürəm ki, bu layihənin üzərindən tam xətt çəkib arxivə göndərsinlər. Ancaq onun çevik və Avropa Birliyi ilə rəqabət apara biləcək təşkilata çevrilməsini gözləmirəm.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?