Rasim Ağayev: “Rusiya siyasətçiləri və politoloqları deyirdi ki, Tramp biznesdən gəlib, xeyrini güdən...”
Azərbaycan prezidentinin sabiq müşaviri, siyasi analitik Rasim Ağayevlə müsahibəni təqdim edirik.
- Rasim müəllim, son günlər Donbas separatçıları ilə Ukrayna silahlı qüvvələri arasında müharibə şiddətlənib. Sizcə, qəfildən hərbi əməliyyatların başlamasına səbəb nə ola bilər?
- Bəli, hərbi əməliyyatlar aktivləşib. Biz postsovet məkanında eyni konfliktləri götürsək görərik ki, həmin ölkələr münaqişəni hərbi yolla həll etməyə çalışanda müharibə qızışır. Ukraynada indi vəziyyət mürəkkəbdir. Əvvəla ölkə daxilində siyasi həmrəylik yoxdur, üstəlik kasıbçılıq mövcuddur. Prezident Paraşenko komandası ümidini daha çox Qərb-Rusiya qarşıdurmasına bağlayırdı. Hesab edilirdi ki, bu qarşıdurma kəskinləşdikcə rəsmi Kiyevə qərbin dəstəyi daha da artacaq. Ancaq indi Avropa öz hayına qalıb, ABŞ prezidenti Tramp isə elan edib ki, biz başqa ölkələrin işinə qarışan deyilik. Belə bir vəziyyətdə Poraşenko məsələni həll etmək üçün dil tapmalıdır və sülh yoluna üstünlük verməlidir. Ancaq vaxtı ilə Avropa ona lazımı qədər xərc verib ki, bu məsələni qaynatsın. Həm də prezidentin öz tərəfdarları da qoymaz ki, sülh yolu ilə irəli getsin. Odur ki, Ukrayna prezidenti bığla saqqal arasında qalıb. Bu mənada ola bilsin ki, indi məsələni hərbi yolla yoluna qoymaq görüntüsü yaradır. Bu olaylar göstərir ki, Kiyevin əlində problemin həllinə dair ideya, təşəbbüs və təkliflərə malik deyil. Poreşonkonun vəziyyəti çıxılmazdır. Bu saat Ukrayna Rusiya ilə böyük müharibə etmək imkanında deyil. Əlbəttə, belə müharibə Rusiyanı da pis vəziyyətə qoyardı, ancaq indiki halda Ukrayna daha pis duruma salardı. Mənə elə gəlir ki, Ukrayna indi düzgün yol tapa bilmir.
- Hesab edirsiniz ki, günahkar Ukrayna hökumətidir?
- Bəli. Rusiya istəyir ki, məsələni həll etsin. Rusiyanın daxili durumu da bunu tələb edir. Avropalılarda deyirlər ki, münaqişəni başa çatdırın, razılıq əldə edin. Çünki münaqişə həllini tapsa Avropa-Rusiya münasibətləri də yumşalar və buna onların da ehtiyacı var.
- İndi Donbasda separatçıların belə aktiv hərbi addımları Rusiyanın maraqlarına uyğun deyil?
- Xeyir, uyğun deyil. Rusiyanın öz vəziyyəti gərgindir. O istəyərdi ki, bu konfliktləri ya dondursun, ya da həll etsin. Razılığa isə gəlmək olmur.
- Prezident Putinin qərarına əsasən Donetski və Luqanski kimi separatçı rejimlərin vətəndaşları öz pasportları ilə Rusiyaya sərbəst girib-çıxacaq, işləyəcək və s. Bu nəyin göstəricisidir?
- Rəhmətlik Elçibəy demişkən, bu təbii prosesdir. Nəzəri baxımdan yeni dövlətlər yaranıb. Onlar rusdilli əhalidir, Rusiya ilə qardaşdırlar. Bu baxımdan vizasız gediş-gəlişi aradan qaldırmaq təbii haldır.
İkincisi, əgər vəziyyət belə qalacaqsa gələcəkdə bu qurumların Rusiya ilə birləşməsi təbii olacaq.
- Deməli rusların marağı həm də odur ki, gediş-gəliş güclənsin və gələcəkdə bu oyuncaq qurumların Rusiya ilə birləşməsi daha asan olsun?
- Təsəvvür edin ki, 30 ildən sonra Ukrayna ilə dil tapılır, münasibətlər düzəlir və s. Bu halda indiki Luqanski və Donetski hansısa qərar verirlər Bu qərardan biri də Rusiyaya birləşmək ola bilər. Mən dediklərim istiqamətin bir yoludur. Bəlkə sabah onlar ümumiyyətlə Ukraynaya yox dedilər və 10-16 ildən sonra Rusiyaya birləşmək qərarını verdilər. Və ya mümkündür ki, sabah Ukrayna Donbasla dil tapsın, onlara muxtariyyət versin. Bu baş versə, deməli qazancdır. Biz bilmirik axı 2 ildən sonra Ukraynada iqtisadi vəziyyət necə olacaq. Yəni bu qərar bir çox variantları nəzərdə tuta bilər. İndi faktiki hər iki tərəfin vəziyyəti ağırdır. Faktiki müharibə gedir. Rusiyada Donbasdakı ruslara bu formada kömək edir.
- Bir çox mütəxəssislər hesab edirlər ki, əslində Moskvanın xeyir-duası ilə Luqanski və Donetski separatçı rejimləri Ukrayna ordusu ilə döyüşlərə girir...
- Mütəxəssislər çox şey deyə bilər. O cümlədən mən özümdə. Ancaq belə qərarları qəbul edənlər politoloq və jurnalistlər deyil. Əksinə, bu qərarı qəbul edənlər Rusiyanı və ya Ukraynanı idarə edən komandadır. Mən inanıram ki, əgər Putinlik olsaydı, bu haqda qərarı indi verməzdi. Çünki siyasi baxımdan bu Rusiyanın xeyrinə deyil.
- Ukrayna prezidenti Münhendə ABŞ-ın vitse-prezidenti ilə görüşdü, sanki Tramp Rusiya ilə yaxınlaşma siyasətindən geri çəkilir. Bundan sonrakı vəziyyəti necə görürsünüz?
- Mən Poraşenko və komandasının tutduğu yolun perspektivini görmürəm. Onların tutduğu yol müharibədir. Bununla sülh yaratmaq olmaz. Sən hakimiyyətə demokratik seçki ilə gəlmisən, hüquqi dövlət yaradırsan və s. Sən faktiki 3-4 ildir müharibə aparırsan. Məncə, bu xəttin sonu uğurlu ola bilməz. Odur ki, müharibə davam edəcəksə, bu bir siyasətçi kimi Poreşenkonun məğlubiyyətinə gətirib çıxaracaq. Yox, əgər prezident Poreşenko müharibəni saxlasa, bu da onun tərəfdarları və millətçiləri arasında olan nüfuzunu aşağı salacaq. Bu da prezidentin məğlubiyyəti olacaq və həm də siyasi səhnəni tərk edəcək. Nə müharibə, nə sülh yolunun da sonu pisdir. Çünki prezident və komandası Ukraynanı qaldırmalıdır, ölkəni inkişaf etdirməli, əhalinin sosial durumunu normallaşdırmalıdır və s. Ancaq buna da qadir ola bilməyəcək. Müharibənin bir xüsusiyyəti var-o qədər pul yeyir ki, sanki əhalinin 50 faizi artıb. Rusiya zəngin ölkədir və bunu edə bilər. Amma Ukrayna axı zəngin ölkə deyil.
- Donetski ə Luqanski separatçılarına silahları Rusiya ötürmürmü?
- Təbii. Rusiya ötürür, müxtəlif yerlərdən də ala bilərlər. Əsas odur ki, pul olsun. Pul olandan sonra bu problem deyil. Ermənilər silahı haradan alır? Təbii ki, Rusiyadan, qərbdən və s.
- Ancaq ruslar ermənilərə silahı həm də pulsuz verir. Deməli Donbas separatçılarına da pulsuz silahlar ötürülür...
- Əlbəttə, pulsuz ötürür. Ona görə də deyirəm ki, vəziyyət çətindir və ağır məsələdir. Biz gərək Putinin vəziyyətini nəzərə alaq. Donbasda yaşayanların əksəriyyəti rusdur. Rusiya dövləti bu amili nəzərə almasa rus xalqı prezidentinə necə baxar? Deməz ki, sənin xalqını orada qırırlar, sən onlara dəstək göstərmirsən, ölkəyə gəliş-gedişlərini asanlaşdırmırsan. Onda nəyə lazımsan?
- Qarabağda yaşayanlar ruslar deyil, ermənilərdir. Amma onlarada silahı pulsuz ötürürlər...
- Yox, burada məsələ bir qədər fərqlidir. Ermənilər rus deyil, amma müttəfiqdir. Ermənilər yüz illərdir ki, Rusiyanın daimi müttəfiqidir. Bu səbəbdən də, onlara dəstək verilir.
- Sizə elə gəlmirmi ki, Rusiyada Trampla bağlı illüziyalar artıq özünü doğrultmadı?
- Əslində Rusiyada Trampla bağlı illüziyalar yox idi, sadəcə ara söhbətlər var idi. Rusiyada bəzi politoloqlar canfəşanlıq edirdi. Rusiya siyasətçiləri və politoloqları deyirdi ki, Tramp biznesdən gəlib, xeyrini güdən şəxsdir. Odur ki, əvvəlki administrasiyanın qərarlarına yenidən baxacaq və dəyişikliklər edəcək. Əslində Tramp doğurdan da biznesmendir, ancaq indiki halda Tramp şəxsi biznes maraqlarını deyil, dövlətin maraqlarını güdəcək. Dövlət maraqları da onu deyir ki, Amerikanın harada marağı varsa, o istiqamətə diqqət artırsın. Məsələn, Ukrayna ilə Rusiyanın arasında problemlər var. Tərəflər bir-birini ittiham edir və s. Belə götürəndə bu Trampın nəyinə lazımdır? Əgər Rusiya ilə əlaqələri genişləndirsə, deməli Rusiyanın bütün sərvətləri düşəcək Amerikanın əlinə. Bu halda ticarət daha da artır. Ukrayna Amerikaya nə verə bilər?
- Ancaq iş ondadır ki, bu cür düşünənlər səhv ediblər və artıq Tramp Rusiya ilə yaxınlaşmaqdan imtina edir...
- Xeyir söhbət imtina etməkdən getmir. Nəzərə alın ki, Tramp Rusiya ilə yaxınlaşmaq haqda bəyanatları seçki kampaniyası dövründə verib. İndi isə seçki kampaniyası yoxdur, Tramp prezidentliyə namizəd deyil, artıq prezidentdir. İndi tərəflər oturub söhbət edəcək, kimin nə istədiyini, hansı maraqlarının olduğunu bildirəcək. Yəni işgüzar kurs ola bilər.
Onu da qeyd edim ki, ABŞ-da ciddi dövlət strukturları, partiyalar və qruplar var ki, onlar istəmirlər ki, Rusiya ilə işgüzar kurs baş tutsun. Obama, Hillari Klinton və digərləri də bu cür düşünür. Bu reallıqdır. İndi tərəflərdən kimin qalib gələcəyini gələcək göstərəcək. Öz-özlüyümdə əminəm ki, Rusiya-Amerika münasibətləri genişlənsə, tərəflər dil tapa bilsə, bu hər iki ölkəyə xeyir gətirəcək. Üstəlik beynəlxalq vəziyyətdə bunu tələb edir, Avropada bunda maraqlıdır. Müharibə və dava yerinə əməkdaşlıq daha yaxşıdır.
- Brüsseldə NATO müdafiə nazirlərinin toplantısında bir sıra mühüm qərarlar verildi və bu qərarlar Rusiyanın əleyhinədir. Söhbət Qara dənizdə NATO hərbi kontingentinin sayını artırmaqdan, kəşfiyyat-operativ fəaliyyəti gücləndirməkdən gedir. ABŞ-da Gürcüstanda hərbi döyüş hazırlığına dair əlavə bir baza açmaq qərarı verib. Bütün bunlar Rusiyaya qarşı deyilmi?
- Bir var seçki ərəfəsi namizədin dediyi fikirlər, bir də var prezidentin fikirləri. Seçki kampaniyası zamanı nə istəsən deyə bilərsən. Prezident oldunsa deməli ABŞ-ın ənənəvi siyasətinə arxalanaraq yeni siyasət qurmalısan. Üstəlik də bu halda öz və müttəfiqlərinin maraqlarını göz önünə qoyasan. Təbii ki, dəyişikliklər olacaq. Həm də seçki kampaniyası dövründə deyilən sözlərə diqqət etmək olardı, amma inanmaq yox. Söhbət Amerikadan gedir, dılğır Ermənistandan getmir. ABŞ super dövlətdir və Moskvada da bunu anlayırlar. Bilirlər ki, Moskva ABŞ-la əməkdaşlığa nə qədər irəliyə apara bilsə bir o qədər xeyir qazanacaq.
- ABŞ-Rusiya yaxınlaşması baş tutsa MDB məkanında mövcud olan münaqişələrin həlli prosesi passiv mərhələyə girəcək?
- Mənə elə gəlir ki, əgər ABŞ-Rusiya arası məsələlər əməkdaşlığa çevrilə bilsə, konfliktli məsələləri həll etmək daha əlverişli olar. Çünki bu münaqişələrin çoxu Rusiya ilə Qərb dünyası arasında olan konfliktin nəticəsidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?