Parlament seçkisi ərəfəsində nazirin yaxın qohumlarının “vurulacağı” planlanıb; Nazirin qohumlarının özbaşınalıqları onları hədəfə gətirib
Bu ilin payızında keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədə ciddi kadr dəyişikliyinə start veriləcəyi haqda xəbərlərin intensivləşməsi, bəzi yüksək çinli məmurların “yuxu”sunu ərşə çəkib.
Bu barədə “Gündəm Xəbər”ə daxil olan məlumata görə, olimpiadadan sonra İlham Əliyevin yüksək çinli bəzi məmurlarla vidalaşacağı haqda xəbərlər bəzi vəzifə sahiblərinin, o cümlədən Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu da narahat etməyə başlayıb. Artıq hakimiyyət dəhlizlərində Səlim Müslümovun yaxın ətrafının qanunsuz əməllərinin geniş müzakirə olunduğu da vurğulanır.
Məlumata görə, hakimiyyətdə təmsil olunan bəzi nüfuzlu şəxslərlə kirvəlik, qudalıq və sair dolayı qohumluq əlaqələrinə baxmayaraq, seçki ərəfəsində ilk «çökdürüləcək» vəzifə sahiblərindən biri Səlim Müslümov olacaq: “Nazirliyin rayon şöbələrində yaşananlar, həmçinin bu təşkilatın qanunsuz əməlləri ilə bağlı məhkəmələrə edilən saysız müraciətlərin statistikası ilə bərabər, Səlim Müslümovun «yanlış düşərgə»yə meyllənməsi də, hakimiyyətin sərt addım atmasını zəruriləşdirib. Doğrudur, hələlik onun barəsində məsələ konkretləşməyib. Bəziləri Səlim Müslümovun uzun illər xidmətin nəzərə alaraq, onun yaxın qohumlarına toxunmayacaqlarını deyirlər. Ancaq kirvəsi nazir Heydər Əsədovla nəqliyyat naziri Ziya Məmmədovun qohumluğundan sonra nazir postuna da sahiblənən Səlim Müslümovun getdikcə daha da güclənməsi, onların rəqiblərini də düşündürməyə bilməz. Bir sözlə, bu qrupun, yəni Ziya Məmmədov-Heydər Əsədov-Səlim Müslümov birliyinin gələcəkdə hakimiyyətə təhlükə yarada biləcəyi ehtimalını qabardanlar tezliklə Səlim Müslümovun nəzarətində olan bir çox sahələrin, əsasən də Ağsu rayonunun çıxarılmasını vacib sayırlar».
Məlumata görə, Səlim Müslümovun nəzarətindən Ağsunun çıxarılması fikri hakim düşərgədə vahid fikir kimi qəbul olunub: «Artıq elə bir vəziyyət yaranıb ki, Səlim Müslümovun ailə üzvləri və yaxın qohumları ilə bağlı araşdırmalara başlayıblar. Eyni zamanda, Müslümovun yüksək
vəzifədə işləyən bütün qohumlarının fəaliyyəti addım-addım izlənilir. Məqsəd isə hər kiçicik bir səhvi kompromat halına gətirərək, Səlim Müslümova qarşı yönləndirməkdir. Rəqibləri belə hesab edir ki, bu yolla fond sədrinin təhlükəsiz şəkildə karyerasına son qoymaq olar. Düşnüdürücü budur ki, Səlim Müslümovun Ağsu və ətraf rayonlarda vəzifə tutan qohumları da özbaşınalıqlarından geri qalmayaraq, bu gizli plana özləri də bilmədən yardım etdiklərinin fərqində deyil».
Müsahibimiz deyir ki, Səlim Müslümovun yaxın qohumu olan Ağsunun icra başçısı Ənvər Seyidəliyev və oğlu ilə tez-tez mətbuata sızdırılan xəbərlər də təsadüfi deyil: «Səlim Müslümovun “dayı” deyə çağırdığı Ənvər Seyidəliyevin oğlu Dəyanət Seyidəliyevin hərbi xidmətdə olmadan Mərkəzi Bankda yüksək vəzifə tutması barədə bir müddət əvvəl xəbərlərin dövriyyəyə buraxılması da, razılaşaq ki, təsadüfi xəbər ola bilməz. Bu fakt onu göstərir ki, rəqibləri artıq Müslümovun əhatə dairəsində olanlara qarşı da kompromat toplamaqla məşğuldurlar. Eyni zamanda, bu, Səlim Müslümovun Ağsudakı imperiyasına son qoyulması planına xidmət edir».
Müsahibimiz deyir ki, Ağsu ilə bağlı planda Səlim Müslümovun son iki ildə neft sektorunda işləyən bir həmyerlisinin də rolu əvəzsizdir:
«Məndə olan məlumata görə, Ağsu rayonu Səlim Müslümovun həmyerlisinin nəzarətinə veriləcək. Həmin şəxsə yaxın biri bu rayona başçı təyin edildikdən sonra isə Səlim Müslümovun orada vəzifələrdə işləyən bütün qohumlarının fəaliyyəti ciddi təftiş olunacaq. Bu da Səlim Müslümovu fakt qarşısında saxlamaq üçün istifadə olunacaq».
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?