Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova millət vəkilləri qarşısında 2014-cü il üçün hesabat verib. Deputatlar qarşısında 30 dəqiqəlik çıxışı nəzərdə tutulan Ombudsman bildirib ki, təhlil və müşahidələr təhsilin inkişafına xidmət edən qanunvericilik aktlarının və yeni proqram sənədlərinin qəbul edilməsinə baxmayaraq, təhsilin keyfiyyətindəki bir sıra problemlər, eləcə də tədris prosesindəki nöqsanların hələ də qaldığını göstərir. Bu da haqlı narazılıqlara səbəb olur. Məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması zəruridir. Kənd rayonlarında, xüsusilə kənd yerlərində bir çox məktəbəqədər tərbiyə müəssisələrinin uyğunlaşdırılmış binalarda fəaliyyət göstərməsi, bir sıra belə müəssisələrin fəaliyyətinin tamamilə dayandırılması və bağlanması xüsusi narahatlıq yaradır. Bizə daxil olan müraciətlərdə müvafiq yaşayış ərazilərində uşaq bağçalarının olmaması, mövcud müəssisələrin uşaqların sayı baxımından təlabatı ödəməməsi, uşaq bağçalarına uşaqların qəbul edilməsi və ya bağçanın bəzi ehtiyacları üçün valideynlərdən pul tələb etməsi, bağçalara uşaq qəbulu üzrə növbəçilik prinsipinə əməl edilməməsi, mövcud uşaq bağçalarının bağlanılması kimi hallar öz əksini tapıb.
Rüşvət qarşılığında müəllimlərin məktəbdə repetitor kimi fəaliyyətinə icazə verilməsi müəyyən edilib
İllik məruzədə deyilir ki, təhsil hüququ ilə bağlı ötən il 129 müraciət daxil olub. Bu müraciətlər üzrə aparılan araşdırmalar nəticəsində bir sıra nöqsanlar aşkar edilib, günahkar şəxslər cəzalandırılıb: “Təhlillər göstərir ki, pedaqoji kollektivdə qarşılıqlı qərəzli münasibətlər, müəllimlər arasında olan qeyri-sağlam mühit tədris prosesinə mənfi təsir göstərməklə yanaşı, tərbiyə işinin də düzgün qurulmasına maneçilik törədir. Araşdırmalar zamanı xüsusilə məktəb direktorlarının müəllimlərə qarşı münasibətdə ayrı-seçkiliyə yol verməsi, dərs bölgüsünün düzgün aparılmaması, rüşvət qarşılığında müəllimlərin məktəbdə repetitor kimi fəaliyyətinə icazə verilməsi kimi hallar müəyyən edilib. Bir sıra məktəblərdə direktorlar tərəfindən dərsə davamiyyəti, eləcə də bilik səviyyəsi zəif olan uşaqların istər pedaqoji şuranın, istərsə də valideynin “sinifdə saxlamaq” hədəsi altında məcbur edilməsi yolu ilə şəxsi ərizəyə əsasən məktəbdən xaric edilməsi halları müşahidə olunub. Ali təhsilin təmin edilməsi ilə bağlı müraciətlərdə diplomu və diploma əlavənin verilməsi zamanı pul tələb edilməsi, diplomların verilməsində, eləcə də xarici ölkələrdə təhsil alan şəxslərin diplomlarının tanınması üzrə prosedurun həyata keçirilməsində süründürməçiliyə yol verilməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürməyə, eyni zamanda, təhsil haqqından azad edilməyə kömək göstərilməsi kimi hallar öz əksini tapıb”.
343 əməkdaş intizam məsuliyyətinə, 21 əməkdaş daxili işlər orqanlarından xaric edilib
Ombudsman qeyd edib ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, əvvəlki illərdə olduğu kimi, ötən il tutulan və ya həbs olunan şəxslərə işgəncə vermə, habelə qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və cəzaya məruz qoyma faktları qeydə alınmayıb: “ Lakin idarədaxili nəzarət qaydasında aşkarlanan əsassız saxlama, gətirmə və kobud rəftar kimi faktlar prosessual qanunvericilik çərçivəsində hərtərəfli və obyektiv araşdırılaraq hər biri üzrə qanuni qərarlar qəbul edilib. Ötən il ərzində təsdiq olunan 277 fakt üzrə (onlardan 133-ü vətəndaşlarla kobud rəftar, 69-u polisə əsassız gətirmə və saxlama, 52-si sürücülərin hüquqlarının pozulması, 3-ü əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 17-si isə digər faktlar) 343 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 21-i daxili işlər orqanlarında xidmətdən xaric edilib, 37 əməkdaş tutduğu vəzifədən azad edilib, 285 əməkdaş barəsində digər intizam tədbirləri görülüb. İllik məruzədə o da qeyd olunub k, Dövlət Yol Polis (DYP) əməkdaşları ilə bağlı ötən il daxil olan 172 müraciətdə bəzi əməkdaşlar tərəfindən sürücülərlə kobud rəftar, etik davranış qaydalarını pozma, qeyri-peşəkar münasibət kimi hallar öz əksini tapıb”.
İcra orqanları məhkəmə qərarı olmadan evləri sökür
Elmira Süleymanova deyib ki, ötən il Ombudsmanın ünvanına mülkiyyət hüququ ilə bağlı 2 103 müraciət daxil olub: “Müraciətlər mülkiyyətdə olan əmlakın (evin, tikilinin) müvafiq məhkəmə qərarı olmadan yerli icra
hakimiyyəti orqanı tərəfindən sökülməsi, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması və əvəzinin ödənilməməsi və ya əvəzində uyğun kompensasiyanın verilməməsi, torpaq payına dair dövlət aktında torpaq sahəsinin düzgün, eləcə də sərhədlərinin yerində göstərilməməsi, vətəndaşa məxsus evin və torpağın sənədləşdirilməsi ilə bağlı süründürməçiliyə yol verilməsi, sığorta haqlarının ödənilməməsi ilə bağlı olub. Yerli icra hakimiyyətləri tərəfindən müvafiq məhkəmə qərarı olmadan istənilən tikiliyə münasibətdə söküntü işlətinin aparılması qanunla qadağandır. Tikililiyin qanuniliyi yalnız məhkəmə tərəfindən müəyyən edilən bilər”.
Sənədləşdirmədə problem var
Bir sıra müraciətlərdə vətəndaşlar torpaq islahatı dövründə dövlət tərəfindən onlara verilən torpaq paylarının bölüşdürülməsi zamanı yol verilən səhvlər əsas tutulmaqla torpaq üzərində hüquqları təsdiq edən dövlət aktlarının və ya şəhadətnamələrin geri alınaraq “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verildiyini, su sənədə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin verilməsi zamanı dövlət rüsumunun tutulmasının ədalətsiz olduğu barədə fikirlər öz əksini tapıb”. Ombudsman daha sonra qeyd edib ki, 2014-cü ildə müvəkkilin fəaliyyəti dövründə onun ünvanına 13 150 müraciət daxil olub. Onların 74,2 faizi şikayətlərdən, 25,8 faizi isə ərizələrdən ibarət olub: “Şikayətlərin 49 faizi
baxılmaq üçün icraata qəbul edilib, bunların da 56,8%-i təmin olunub. Ötən il şəxsiyyət vəsiqəsi, habelə qeydiyyatla bağlı respublikanın şəhər və rayonlarından 70 müraciət daxil olub ki, onların da sayı ötən illərə nisbətən xeyli azalıb. Bununla belə müvafiq sahədə hələ də bəzi çatışmazlıqlar qalır. Rəsmi məlumata əsasən, bir sıra səbəblərdən şəxsiyyət vəsiqəsini təqdim etməyən hamilə qadınlar barədə məlumat müvafiq elektron bazaya daxil edilmədiyi üçün onların körpələrinə doğum haqqında tibbi şəhadətnamə verilməyib. Doğum şöbələri tərəfindən belə qadınlar barədə müvafiq polis orqanlarına məlumatlar verilməsinə baxmayaraq, məsələ öz həllini tapmayıb”. Ombudsman ipoteka krediti haqqında da danışıb, deyib ki, bu sahədə müəyyən islahatlar aparılmalı, bazar tələb təklif məsələsi nəzərə alınmalıdır. Hesabatdan sonra qanun layihəsinin müzakirəsinə başlanılıb. İpoteka kreditlərinin məbləği 70 min manata çatdırılsın, faiz dərəcəsi aşağı salınsın Deputat Əli Məsimli deyib ki, ombudsmanın rayonlarda, QHT və dövlət qurumları ilə olan təmasları, irəli sürdüyü təklifləri müsbət qiymətləndirir: “Hesabatın təkliflər hissəsi də, çox dəyərlidir. Təkliflər sırasında vətən uğrunda gedən döyüşlərdə şəhid olan, iştirak edənlərə sığorta verilməsi təklif edilir. Mən ombudsmanın bu təklifini dəstəkləyir, hesab edirəm ki, bu məsələ həll edilməlidir. İkinci təklif banklarla bağlıdır. Hesab edirəm ki, əlaqədar təşkilatlar öz funksiyalarını vaxtında yerinə yetirməlidir. Konstitusiyada, ölkə qanunlarında açıq göstərilib ki, hesablaşmalar manatla aparılmalıdır. Üçüncü ciddi məsələ ipoteka kreditləri ilə bağlı məsələdir.
İpotekanın məbləği 70 minə qaldırılsın, faiz 8-dən aşağı endirilsin. Eləcə də ipoteka kreditləri regionlarda da verilsin”.
“İsveçrə səfirliyində bir adamı 6 aydır ki, gizlədirlər”
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov hesabatı dəstəkləsə də, deyib ki, son dövrlər bir qrup beynəlxalq təşkilatlar Azərbaycan dövləti haqqında olmazın şərini aparır: “Eurovision” ərəfəsində də, belə kampaniya gedirdi. Onlar erməni mənşəli şəxsləri, qrant verib sonra şapka aldığı insanları, Azərbaycanın dövlət və hərbi sirlərini ermənilərə satan şəxsləri dəstəkləyir. Buradan bir qrup şəxsdə onlara material ötürür. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafı, erməni mənbəsindən alaraq saxladığı QHT-lərdir. Hesab edirəm ki, millət vəkilləri, ombudsman öz xətləri ilə bu məsələdə mövqeyini ortaya qoysun. Belə bir möhtəşəm tədbir bizim ölkəmizdə keçirilir. Hörmətli Mehriban xanım ölkələri bir-bir gəzərək təqdimatlar keçirir. Fikrimcə, bu işdə hər kəs imkanı daxilində dəstəyini göstərməlidir. İsveçrə səfirliyində bir adamı 6 aydır ki, gizlədirlər: “Bu adam milyonlarla qrant alıb, 240 min manat vergidən qaçıb. Mən təklif edirəm ki, ombudsman İsveçrə səfirliyinə müraciət etsin. Qoy bu səfirlik 3 gündə məcburi köçkünü və ya müəllimə yemək versin. Hələ bir dəfə eşitməmişik ki, bu qurumlar həkimi, müəllimi müdafiə etsin”.
Həbsdə olan jurnalistləri, siyasətçilərin və hüquq müdafiəçiləri nəzərə alınmasın
Millət vəkili Musa Quliyev də, ombudsmanın hesabatını dəstəkləyib, müvəkkilə təşəkkürünü bildirib: “Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində dinamik işlər gedir, dövlət və hökumət bu istiqamətdə lazımi tədbirlər görür. Hesab edirəm ki, insan hüquq və azadlıqlarının qorunması iki tərəfli işdir. Biri hüquq-mühafizə orqanları, digəri vətəndaş. Təcrübə göstərir ki, öz hüquqlarını bilən şəxsin hüquqlarını pozmaq mümkün olmur. Ancaq hesabatda həbs edilən hüquq müdafiəçilərinin, siyasi fəaliyyəti olan insanların və mətbuatda işləmiş, sonradan həbs edilən şəxslərin adları xüsusilə qeyd edilib. Təbii ki, bu şəxslər törətdiyi konkret cinayətə görə, həbs edilib. Hesab edirəm ki, ya onların adları xüsusilə qeyd edilməməlidir, ya da bütün müraciət edən şəxsləri sadalanmalıdır”.
Ombudsman nüfuzundan istifadə edərək məhbusları azad etsin
Millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı ölkə qadınlarını, xanım deputatları təbrik edib. Millət vəkili daha sonra təklif edib ki, ombudsman öz imkanlarından istifadə edərək Avropa Yay Olimpiya Oyunlarının tanıdılması işində aktiv olsun: “Biz bilirik ki, erməni diasporu, Azərbaycanı sevməyən qüvvələr var. Onlar beynəlxalq hüquq müdafiə təşkilatlarını maliyyələşdirirlər. Dünyada insan hüquqları sahəsində ictimai rəyi beynəlxalq hüquq müdafiə təşkilatları yaradır. Odur ki, Elmira Süleymanova da imkanlarından və nüfuzundan istifadə edərək bəzi şəxslərin azadlığa
çıxmasına nail olsun və bu beynəlxalq idman yarışına kölgə salmaq istəyənlərə imkan verilməsin”. Deputat daha sonra deyib ki, bazar iqtisadiyyatı şəraitində qiymət tələb və təklif əsasında formalaşır. O, dövlət qurumlarını bu məsələyə müdaxilə etməməyə çağırıb: “Bizə çoxlu sayda müraciətlər daxil olub. İstərdim ki, bu məsələyə ombudsmanın diqqətini çəkim”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?