Saxta və keyfiyyətsiz spirtli içkilər nədən satışdan yığışdırılmır?
Son vaxtlar Azərbaycanda saxta içkilərin çoxalması narahatlıq yaradır. Az qala hər gün spirtli içkidən zəhərlənmə halı baş verir. Xüsusən də restoranlarda belə hallar tez-tez baş verir. Problemlər həm spirtli, həm də spirtli içkilər seqmentində müşahidə olunur. Spirtli içkidən zəhərlənənlərin artması, əhalinin içkilərin keyfiyyəti ilə bağlı şikayət və narazılıqlarının çoxalması vəziyyətin nəzarət altında olmadığını deməyə əsas verir.
Spirtli içkilər dünyada ən çox istehlak edilən ərzaq məhsulları sırasına daxildir. Ölkəmizdə də spirtli içkilərdən istifadə edənlərin sayı az deyil. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, Azərbaycanda il ərzində orta hesabla 15 yaşdan yuxarı adambaşına 10.6 litr spirtli içki içilir. Bu göstəriciyə görə, Azərbaycan 188 ölkə arasında 38-ci yeri tutub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ilin ilk yarısında Azərbaycanda içki istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 14 faiz artaraq 18.25 min dekalitrə yaxın olub. Lakin ötən ilin yanvar-iyul ayları ilə müqayisədə araq istehsalı 15 faizdən çox azalıb. Hesabat dövründə ölkədə 410 min dekalitrə yaxın araq istehsal olunub.
Yerli istehsal əhalinin tələbatını tam ödəmir, Rusiya, Ukrayna və bəzi Avropa ölkələrindən də spirtli içki idxal olunur. Ölkədə istehsal olunan spirtli içkilər üçün xammal da yoxdur, etil spirti də həmin ölkələrdən gətirilir.
Satışda olan 2-3 manatlıq araq, konyak, şərab və digər spirtli içkilərin ucuzluğu, dadı və effekti şübhələrə əsas verir. Bu şübhələri spirtli içkidən zəhərlənənlərin artması da gücləndirir. Araq, konyak, çaxır kimi içkilərdən istifadə edənlər son vaxtlar əksər içkilərin süniliyinə əmin olduqlarını deyirlər. Pivəni içənlər isə “bu pivə deyil, nəsə ona bir az oxşadılmış naməlum bir şeydir” deyə şikayətlənirlər. Qeyd olunur ki, kafelərdə qablaşdırılmamış, açıq satışda olan çəllək pivələrinin əksəriyyəti süni “paraşok”dan hazırlanır.
Yerli bazarda saxta məhsulların payı həddən artıq çoxdur. Satışda olan içkilərin yarıdan çoxu saxta və ya keyfiyyətsizdr. Kustar sexlərdə istehsal olunan araq və konyak məhsullarının əksəriyyəti texniki spirtdən hazırlanır. Onun tərkibinə, dimidrol və ya oxşar tərkibli dərman vururlar və bu adamda sərxoşluq yaradır.
Ölkədə ən çox da paytaxtda saxta spirtli içki istehsalı ilə məşğul olan gizli obyektlər var. Belə sexlərdə kustar üsulla nəinki keyfiyyətsiz, hətta təhlükəli məhsullar istehsal olunub, üzərinə məşhur markaların yarlıkı vurulub baha qiymətə alıcılara sırınır. Bu sexlərin ucuz məhsulları isə yerli markaların saxtalaşdırılması ilə ortaya çıxır. Buraya 2-5 manat arasında olan araqlar və çaxırlar aiddir.
Hər il dünyada spirtli içkilər səbəbindən 2,5 milyon adam ölür. Azərbaycanda anoloji statistika aparılmır, lakin başqa ölkələrlə bizim daha bir fərqimiz də ondadır ki, bizdə insanlar daha çox saxta içki qəbul edirlər.
Keyfiyyətsiz, tərkibi müvafiq standartlara cavab verməyən spirtdən hazırlanan içki məhsullarından zəhərlənmə hallarının baş verməsi istənilən digər
məhsuldan zəhərlənmə ilə müqayisədə daha təhlükəlidir. Antifriz, odekolon və ya digər kimyəvi maddələrdən düzəldilən içkilər zəhərlənmələrin sayını xeyli artırır.
Vətəndaşlar qiyməti çox ucuz olan, məhsulun spesifik dadı və rənginə malik olmayan, orqanizmdə qeyri-təbii problem yaradan içkiərdən çəkinməlidir. “Belə içkilərdən 200-300 qram qəbul edəndən sonra adamı yuxu tutur, başgicəllənməsi olur, mədə qıcqırması baş verir, qusma olur. Bunun nə dərəcədə təhlükəli olduğunu istənilən kimyaçı və ya həkim tam izah edə bilər. Belə hallar baş verdikdə mümkün qədər tez həkimə müraciət edilməlidir.
Ən təhlükəli hallardan biri isə saxta alkaqollu içkilərə daha çox şadlıq evlərində rast gəlinməsidir. Şadlıq evlərinin çoxunda gizli sexlərdə hazırlanmış saxta araqlar Rusiya arağı adı ilə baha qiymətə qonaqlara verilir. Bu isə bəzi hallarda kütləvi zəhərlənmələrlə nəticələnir.
Şərablar təsnifatda yeyinti məhsullarına daxil olduğuna görə, ona bəzi zərərsiz təbii və kimyəvi birləşmələrin qarışdırılmasına icazə verilir. Kimyəvi analizlər nəticəsində onun tərkibində kənar maddələr
aşkar olunanda məhsulun saxta olduğu müəyyən edilir.
Spirtli içkilərdə saxtakarlığın əsas göstəricilərindən biri də onda etanol spirtinin yüksək olması ilə bağlıdır. Bir də dequstator üsulu ilə müəyyən etmək olur ki, məhsulıun tərkibində kənar qatqılar var, yoxsa yox. Bunu peşəkarlar dəqiq müəyyən edə bilər.
Adi vətəndaşın məhsulun keyfiyyətini təyin etməsi çətin olsa da, bəzi üsullar var. Ən yaxşı üsullardan biri qablaşdırmaya diqqət etməkdir. Kustar üsulla, ev şəraitində hazılanan məhsulun butulkasında, boğaz hissədə, qapağın yerləşdiyi yerdəki boşluq xəttində üzük formasında maska deyilən iz qalır. Bu da ondan irəli gəlir ki, həmin məhsulun hazırlanmasında təmizlənmiş sudan istifadə edilməyib.
Bu suyu adi şəraitdə əldə etmək mümkün deyil. Adi suyun tərkibində duz olduğuna görə orda iz buraxır. Zavod şəraitində isə su tamamilə duzdan təmizləndiyinə görə həmin iz qalmır. Bundan başqa, etiketdən də ayırd etmək olur. Saxta etiketlər tam dəqiq, düz vurula bilmir, keyfiyyəti fərqlənir.
Bazarda 2-3 manata araq, çaxır və s. spirtli içkilər satılması nə dərəcədə normaldır? Aydındır ki, belə qiymətə spirtli içki başa gələ bilməz. Dünyada orta səviyyəli kütlə üçün nəzərdə tutulmuş təbii şərab, konyak və ya arağın qiyməti 50 dollardan yuxarıdır. Azərbaycanda etil spirti istehsalı yoxdur, onu xaricdən- əsasən Ukraynadan, Rusiyadan idxal edirlər. Onun təkcə daşınma xərci ondan düzəldilmiş məhsulun bazarda satış qiymətindən baha başa gəlir. Bu səbəbdən Azərbaycanda bir neçə manata araq, çaxır istehsal etmək, satmaq mümkün deyil.
Ucuz məhsulların texniki spirtdən hazırlanması və belə məhsulun yaratdığı fəsadlara gəldikdə isə mətəxəssis deyir ki, texniki spirtdə etanolun faizi xeyli yüksək olur, çünki o tam təmizlənməmiş spirtdir. Bu spirt isə orqanizm üçün çox təhlükəlidir.
Mütəxəssislər hesab edir ki, Azərbaycanda təbii və keyfiyyətli arağın hazırlanması xərci 30 manatdan yuxarı olmalıdır. Şərabın isə maya dəyəri və səmərəsi daha yuxarı olduğuna görə Azərbaycan reallığında keyfiyyətli şərabın minimal qiyməti 50 manatdan yüksək olmalıdır.
Şərab tərkibinə görə araqdan və tünd içkilərdən çox xeyirli və keyfiyyətlidir. Onun tərkibində insan orqanizmi üçün xeyirli olan 300-dən artıq birləşmiş və sərbəst elementlər var. Amma toylarda, ziyafətlərdə baxın, hamı araq içir, şəraba əl vuran yoxdur. Bizdə daha çox tünd içkilərə üstünlük verirlər, ona görə də müxtəlif xəstəliklər artır.
Qeyd edək ki, Azərbaycan prezidentinin 2005-ci il aprelin 25-də imzaladığı 226 nömrəli fərmanına əsasən, etil spirti, alkoqollu içkilər və tütün məmulatı istehsalına, idxalına və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.
2002-ci ildən nazirlikdə Mərkəzi Dequstasiya Komissiyası (MDK) yaradılıb. Azərbaycanda lisenziya alan müəssisələr istehsal olunan məhsullarla bağlı komissiyaya müraciət edir. MDK təqdim olunan məhsulu ekspertizadan keçirir və standartlara uyğun olduqda lisenziya verir.
Lakin müəssisənin sonralar istehsal etdiyi məhsulun lisenziya almaq üçün təqdim etdiyi məhsul kimi keyfiyyətli olmasına inanmaq çətindir. Məlum olduğu kimi, indiyədək saxta məhsul istehsal etdiyi aşkar
olunan bütün müəssisələr müayinə üçün xüsusi məhsul təqdim ediblər və lisenziya alıblar.
Müvafiq dövlət qurumlarının rəsmiləri dəfələrlə bunu etiraf ediblər və bildiriblər ki, müəssisələrin fəaliyyətini davamlı yoxlamaq üçün onların maddi-texniki və işçi imkanları yoxdur. İstehsalçılar isə bu vəziyyətdən yararlanıb bazara çıxardıqları saxta və keyfiyyətsiz məhsulun həcmini artırırlar.
Mütəxəssislərin fikrincə, problemi həll etmək üçün müəssisələrdə istehsal prosesinin şəffaf olması üçün ictimai nəzarət mexanizmi yaradılmalı, tez-tez yoxlama aparılmalı, cəza tədbirləri xeyli sərtləşdirilməlidir. Məhsullar müayinə üçün müəssisədən yox, satışdan götürülməlidir.
Ümumiyyətlə, bu sahədə korrupsiya hallarının olması şübhəsizdir. Əks-halda bazara bu qədər saxta məhsul çıxarıla bilməz.
Onu da qeyd edək ki, standart tələb edir ki, arağın xarici görünüşü şəffaf olmalı, tərkibində kənar cisimlər olmamalı, dadı və aromatı araq məhsullarına xas olmalıdır. Arağın ekstra növlərində spirtin həcmi
38-56 faiz, lyuksda 40 faiz olmalıdır. Təbii ki, araq məhsullarının üzərində istehsal tarixinin yazılması da mütləqdir. Lakin yararlılıq müddəti deyil, tövsiyə olunan zəmanət müddəti şüşənin üzərində qeyd oluna bilər. Araq məhsullarının konkret yararlılıq müddəti 1-2-3 il göstərilmir, yəni bu müddət tələb kimi qoyulmur. Zəmanət müddəti araq məhsullarında beş il müəyyənləşdirilib. Yəni beş il ərzində araq istehlakının həyata keçirilməsi tövsiyə olunur.
Onu da deyək ki, araşdırmamız zamanı bəlli oldu ki, standartlara cavab verməyən, tərkibində zəhərlənməyə səbəb olan maddələrin çox olduğu araqların böyük hissəsi restoranların zirzəmilərində fəaliyyət göstərən sexlərdə hazırlanır. Buna görə də araqdan kütləvi zəhərlənmələr restoranlarda baş verir. Hətta bu sexlərdə istehsal edilən araqların bazara çıxarıldığı da deyilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?