Azərbaycanda saxta spirtli içkilər əsasən şadlıq evləri, kafelər, restoranlar və İpək yolu üzərində yerləşən restoranlara satılır.
Gundemxeber.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri, ekspert Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, insanlar saxta içkiləri ayırd edə bilmirlər. “İstehlakçılar spirtli içki alanda onun aksiz markasına baxmalıdırlar. Aksiz markasının üstündə gümüşü zolaq var və onun içərisində Azərbaycanın gerbi görsənməlidir. Yoxdursa, demək saxtadır. Əhali bilməlidir ki, araq bir ildən, şərab 6 aydan, konyak isə 3 ildən artıq saxlanılmır. Hansı içkinin üzərində istehsal tarixi və son istifadə müddəti varsa, ondan istifadə etsinlər. Əks halda zəhərlənə bilərlər”. AİB sədri vurğulayıb ki, saxta içkidən zəhərlənmə halları hamının bahalı zənn etdiyi və etibar etdiyi restoranlarda da baş verir. “Müştərilərə brend adı ilə saxta içkilər təklif edirlər. İnsanlar da bunun fərqində olmurlar. Bir il öncə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Baş Mübarizə İdarəsi saxta spirtli içkilərlə bağlı araşdırma aparıb və bu haqda cəmiyyətə məlumat verib. Biz təəssüflər olsun ki, ölüm halı baş verdikdən sonra araşdırma aparırıq. DİN sübut etmişdi ki, Azərbaycanda saxta, naməlum şəraitdə hazırlanan içkilər brend şüşələrə tökülür və ya brend şüşələr fabrikdə yığılıb yenidən istehsala verilir. DİN bu sahədə geniş iş gördü və problemin olduğunu bildirdi. Bütün hallarda vətəndaşlar diqqətli olmalıdırlar. Saxta içki hazırlayan şəxslərə qarşı hamılıqla mübarizə aparmalıyıq, əks halda bundan zərərçəkənlər çox olacaq". Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda 6 nəfər saxta spirtli içkidən zəhərlənib, onlardan ikisi dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?