14 yaşlı övladı ilə kirayələrdə yaşayan Elşad Abbasov, üz-üzə qaldığı probleminin həll olunacağı günü səbirsizliklə gözləsə də, deyəsən onun hələ gözləməli günləri çox olacaq Hələ ötən saylarımızın birində dədə-baba torpaqlarından didərgin düşən və Azərbaycana pənah gətirən Abbasov Elşad Abbas oğlunun üz-üzə qaldığı problemlərdən, acınacaqlı həyat tərzindən az-çox bəhs etmişdik. Yazıb bildirmişdik ki, bu gün minbir əzab-əziyyətə düçar olan və yaşamaq uğrunda mübarizə aparan Abbasovun döymədiyi qapı, narahat etmədiyi vəzifə sahibi qalmayıb. Amma, nə fayda! Çünki, o, redaksiyamıza ünvanladığı müraciətində bildirir ki, “mən bu günədək aidiyyəti dövlət qurumlarına, bir çox vəzifə sahiblərinə, əksər KİV şikayətlər ünvanlamışam, teleqramlar vurmuşam ki, üz-üzə qaldığım problemin həllinə bir kimsə köməklik etsin. Amma, nə bir köməklik edən, nə də ki, canıyananlıq edən tapıldı” deyir. Onun üz-üzə qaldığı problemin varlığı ondan ibarətdir ki, əvvəla səhhətində ciddi problemləri var, həyat yoldaşını vaxtsız itirmiş, himayəsində 14 yaşında tək bir övladı var və onların yaşamağa evləri yoxdur. Azərbaycana pənah gətirdiy gündən bu günə kimi, Nərimanov rayon Polis İdarəsində qeydiyyatda olsa da, o, müxtəlif ünvanlarda kirayədə yaşamaqdadır. Eyni zamanda sağlamlıq durumu imkan vermədiyindən o, uzun illərdir ki, fiziki işlərdə də işləyə bilmir. Nə qədər çətin olsa da, kitab satışı ilə məşğul olan, bir tikə çörək pulu qazanan, tək övladı ilə kirayələrdə yaşayan və həyatın hər cür ağrılı-acılı üzlərini görən Abbasov onu da vurğulayır ki, “məni düz 4 aydır ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini cənab Şahmar müəllim süründürməkdədir. Yəni, ümumi vəziyyətimi danışıb onlardan xahiş etmişəm ki, mənə az-çox şəraiti olan və heç olmasa təkotaqlı evdən də kiçik olan bir yer verin ki, 14 yaşlı övladımla həmin ünvanda yaşaya bilim. Düzdür, Nərimanov rayon İcra Hakimiyyəti Aparatından mənə birbaşa rədd cavabı verilməsə də, üzləşdiyim problemin həllinə bu günədək köməklik edən bir kimsə də tapılmır. Elə bu səbəbdən də aylar, illər uzunudur ki, olmazın müsibətlərlə, get-gəllə, müəyyən süründürməçiliklə üz-üzə qalmışam” deyir. Artıq bu gün ümidi hər yerdən üzülən Elşad Abbasov “Gündəm xəbər” qəzetinə üz tutur ki, üzləşdiyi problemin ictimailəşməsinə çalışsın. “Mənim ev problemim ictimailəşdikdən sonra, bəlkə Nərimanov rayon İcra Hakimiyyətinin səlahiyətliləri insafa gəldilər və 14 yaşlı övladımla mənə, köməklik etmək üçün əl uzatdılar” deyərək, hələ də onlardan ümidini üzmədiyini bildirir. Bəli, bu bir azərbaycanlının Azərbaycana pənah gətirdiyi, qoynuna sığındığı dövlətdə üz-üzə qaldığı problemin görünən tərəfidir. Problemin varlığını diqqətdə saxlayacağıq. “Gündəm xəbər”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?