Bu il Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunlarının başlayacağı günə doğru gerisayım başlayıb. Avropa Oyunlarının baş tutacağı mərkəzlərin, stadionların tikintisi, eləcə də, şəhərdəki, yollardakı abadlıq işləri sürətləndirilir. Bakının ayrı-ayrı yerlərində - parklarda, metrostansiyaların giriş və çıxışlarında yenidənqurma işləri aparılır.
Stadionun içərisində hər şey hazırdır. Martın 18-də stadionun açılışı da olub. Təxminən 50 hektar ərazidə inşa olunan, 62 metr hündürlükdə və 6 mərtəbədən ibarət olan obyekt müasir tikinti üslubu ilə fərqlənir. Beynəlxalq standartlara tam cavab verən Bakı Olimpiya Stadionunun sahəsinə 4, tribunlara 26 qapıdan giriş nəzərdə tutulub.
Təməli 2011-ci il iyunun 6-da Azərbaycan Prezidenti İlham Əliyev, FİFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdullayevin iştirakı ilə qoyulan stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolaqları və digər infrastrukturlar yaradılıb. Ən müasir avadanlıqlardan və inşaat materiallarından istifadə olunan stadion 68 min 195 tamaşaçı tutumuna malikdir.
I Avropa Olimpiya Oyunlarının başlamasına az müddət qalmış tikinti işlərinin hansı vəziyyətdə olduğunu öyrənmək üçün Bakı Olimpiya Stadionuna baş çəkdik. Stadionun təmir işləri başa çatsa da, həmin ərazidə bəzi işlər hələ də davam edir.
Stadionun ətrafındakı avtomobil yollarında xırda təmir işləri gedir. Yolun kənarları rənglənir, metal qurğularla bəzədilir. Elektrik naqilləri çəkilir. Yolun kənarında olan işıqforlar quraşdırılır.
Əvvəlki günlərdən fərqli olaraq, stadiona yaxın ərazilərdə hərbi postlar qurulub. Yaxınlıqdakı körpüdə, yolların kənarlarında və stadionun yola yaxın bir neçə yerində silahlı əsgərlər dayanıblar. Onlar ərazinin təhlükəsizliyini təmin edirlər.
Stadiona yaxın ərazidə inşa edilən Olimpiya Şəhərciyində gedən proseslə yaxından tanış ola bilmədik. Çünki şəhərciyə daxil olmaq üçün xüsusi icazə alınmalıdır. Bu icazəni isə nə qədər çalışsaq da, ala bilmədik. Nədənsə, bizə süni maneələr yaradıldı. Sadəcə, kənardan gördüyümüzlərə dayanaraq, deyə bilərik ki, işlər hələ tamamlanmış kimi görünür.
Bəzi məlumatlara görə, Olimpiya Şəhərciyində idmançıların yaşaması üçün evlər, yeməkxanalar, istirahət mərkəzləri, poliklinikalar və digər Olimpiya kəndinin tələbinə uyğun obyektlər tikilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?