30 il həbsxana həyatı yaşayan və azadlığa çıxandan 6 ay sonra iki nəfəri bıçaqlayan 56 yaşlı kişi işinə baxan hakimləri ittiham etdi
Balakən rayon sakini, 1959-cu il təvəllüdlü Həsən Mirəliyevin cinayət işinə baxılıb. İttihama görə, Balakən rayonunda toy məclisi iki nəfərin bıçaqlanması ilə başa çatıb. Hadisə ötən ilin iyunun 5-də rayonun Qazma kəndində Rafiq adlı şəxsin oğlunun toy məclisində qeydə alınıb.
Balakən rayonu Qazma kənd sakini, 1978-ci il təvəllüdlü Bayram Vəliyev, Həsən Mirəliyev və daha bir neçə şəxsin arasında oynamaq üstündə mübahisə yaranıb. Bundan sonra içkili vəziyyətdə olan Həsən Mirəliyev evinə gedib və bıçaq götürərək toy məclisinə qayıdıb. O, oynamaq üstündə mübahisə etdiyi Bayram Vəliyevlə yenidən mübahisə edib və əlindəki bıçaqla onun sağ döş qəfəsinə xəsarət yetirib. Bundan sonra Həsən Mirəliyev Bayram Vəliyevin bacanağının anası, 1953-cü il təvəllüdlü Mahizər Abduləziz qızı Quliyevanın qarın boşluğundan daxilə nüfuz edən bıçaq zərbəsi vurub.
Bayram Vəliyev və Mahizər Quliyeva Balakən rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hər iki yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Həsən Mirəliyev ömrünün 30 ilini məhkumluq həyatı yaşayıb və hadisədən 6 ay əvvəl həbsdən çıxıb.
Həsən Mirəliyev Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə sağlamlığa ağır xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Həsən Mirəliyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib.
Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Həsən Mirəliyev ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, 5 iyun 2014-cü ildə qonşusu Firudinin toy məclisinə çağırılıb: “Bu zaman həbsxana yoldaşım olan Müşviq evimdə qonaq olub. Müşviqi evdə qoyaraq toya getmişəm. Özüm alıb apardığım pivəni toyda gələcək qudam Zöhrabla içdim. Toyun axırına yaxın oynamaq üçün səhnəyə çıxdım”.
“Gecələr parkda yatmışam”
Təqsirləndirilən şəxsin sözlərinə görə, oynayan zaman kimsə onu arxadan itələyib: “Geri baxanda gördüm ki, camaat məni toydan çıxarmaq üçün üstümə gəlir. Həmin vaxt hərə məni bir tərəfə dartaraq köynəyimi cırdılar. Bu səbəbdən toydan çıxaraq evimə getdim və evdə paltarımı dəyişib geri qayıtdım. Yenidən toya qayıtmaqda məqsədim Elvini başa salmaq olub. Səbəb o, nahaq yerə məni arxadan vurub. Məclis olan həyətə girəndə Elvini gördüm. Üzərimdə gəzdirdiyim cib bıçağını çıxardaq ona tərəf getdim. Elvinə “məni niyə vurursan” deyəndə, Elvin “məni tanımırsanmı?” deyərək cavab verdi. Özüm isə ona “tanıyıram” dedim. Elvin əlimdə bıçaq olduğunu görərək geri çəkildi. Bu zaman kirvəm Bayram gələrək məni kənara aparmaq üçün
qucaqladı. Lakin onun əlindən dartınaraq çıxdım. Həmin anda Elvinin anası Mahizər üzərimə gələrək mənə cırmaq atmaq istədi. Onun əlindən çıxaraq qapıya tərəfə getdim”.
Həsən Mirəliyev qeyd edib ki, yola çıxarkən qardaşı oğlu Vahid ona yaxınlaşıb: “Vahid dedi ki, Bayram məni tutarkən əlimdəki bıçaqla yaralanıb. Həmçinin, Vahid bıçağın Mahizərə də dəydiyini dedi. Oradan birbaşa evimə gəldim. Ailə üzvlərimə heç bir söz demədən yaşadığım evin həyətində olan bağ sahəsinə gedərək orada gizləndim. Sonrakı gün gecə Danaçı kəndi yolu ilə Zaqatalaya, oradan isə avtobusla Bakıya getdim. Bakıda qohum evinə getmək təhlükəli olduğundan, gecələr parklarda yatmışam, gündüzlər isə gündəlik işlərdə işləmişəm”.
“30 il həbsxana həyatı yaşamışam”
Onun sözlərinə görə, 23 avqust 2014-cü ildə taksi ilə Balakən rayonuna, evinə gəlib: “Fikirləşdim ki, oğlumun toyundan sonra polisə təslim olaram. Lakin avqustun 26-da polis əməkdaşları məni tutaraq polis şöbəsinə apardılar. Cinayət əməlini törətdikdən sonra gecə vaxtı çöldə gedərkən bıçaq cibimdən düşüb, bıçağın harada düşdüyünü bilmirəm. Beş dəfə məhkum olunmuşam, 30 il həbsxana həyatı yaşamışam. O demək deyil ki, həmin cinayəti qəsdən törətmişəm. Keçmişimə görə ağır ittiham verilməsi ədalətli deyil. Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə verilən ittihamla razılaşsam da, 221-ci maddə ilə verilən ittihamla razı deyiləm. Mahizərə ağır bədən xəsarəti yetirməmişəm. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm”.
O, daha sonra qeyd edib ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli hökmü maddi və prosessual hüquq normalarına, CPM-in, Azərbaycan Respublikası
Konstitusiyasının və Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinin pozulması ilə çıxarılıb: “Bu səbəbdən də hökm tam əsassız, ədalətsiz və qanunsuzdur. Həmin hökm mötəbər sübutlara deyil, ancaq fərziyələrə, zərərçəkmiş şəxsin qərəzli ifadələrinə əsaslandığından ləğv edilməli və Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində dəyişiklik edilməlidir. Bu Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində göstərilən şəkildə hadisənin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət hesab edilir. Uzun illər, yəni 30 ilə yaxındır müxtəlif maddələrlə cəza evində cəza çəkmişəm. Sonuncu dəfə 21 avqust 2013-cü ildə azadlığa buraxılmışam. Yaşımın ötdüyünü, həyatımın qalmaqallı olmasını başa düşərək cinayət və spirtli içkilərdən uzaq olmaq, sakit həyat yaşamağı qərara almışam”.
Həsən Mirəliyevin vəkili Emil Əliyev müdafiə etdiyi şəxsin apelyasiya şikayətinin təmin olunmasını istəyib. Dövlət ittihamçısı Rəhim Xudiyev isə apelyasiya şikayətinə etirazını bildirib. O, qeyd edib ki, birinci məhkəmə instansiyası ədalətli qərar çıxarıb. Tərəfləri dinləyən hakim heyəti sonda Həsən Mirəliyevin apelyasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar açıqlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?