Fuad Qəhrəmanlı: “Seçkidə hakimiyyətlə danışıqların aparılması, yerlərlə bağlı razılaşmanın əldə edilməsi fikrindən uzağıq”
Suallara Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın mitinq komitəsinin sədri Fuad Qəhrəmanlı cavab verir:
- Fuad bəy, Milli Şuranın aprelin 5-də təşkil etdiyi mitinq öz məqsədlərinə çatdımı?
- Milli Şuranın son mitinqində əsas maraq doğuran məsələ kütləvi iştirakçılıqla bağlı idi. Təbii ki, aksiyada iştirak etmə kəmiyyəti müxtəlif cür müzakirə edilir və qiymətləndirilir. Qeyd edim ki, 5 aprel mitinqi kütləvilik baxımından 15 mart mitinqi ilə eyni səviyyədə oldu. Fikrimcə, bu fakt onu göstərir ki, artıq Milli Şuranın çağırışına səs verərək meydana çıxan sabit elektoratı formalaşıb. Yeri gəlmişkən, bu gün Azərbaycanda yeganə təşkilat Milli Şuradır ki, meydanlarda kütləvi mitinqlər keçirmək üçün sosial bazaya malikdir. Aprelin 5-də təşkil edilən mitinqdə 15 mart mitinqinin nəticələrinin təkrarlanması bunu deməyə əsas verir ki, sabit elektorat formalaşıb. Təbii ki, qarşıya qoyulan məqsədin həyata keçməsi üçün bu kəmiyyət yetərli deyil. Mitinqlərin davam edəcəyi təqdirdə bizim gözləntimiz belədir ki, aksiyada iştirakçılığın kəmiyyəti artacaq, cəmiyyətin kütləvi etiraz aksiyalarında iştirakçılığı yüksələn xətlə davam edəcək. Bir reallığı hökmən nəzərə almaq lazımdır. Bu gün real müxalifət neçə illərdir ki, təzyiqə məruz qalır, sıxışdırılır, həbs edilir və s. Üstəlik daha bir faktor önəmlidir. Kütləvi informasiya vasitələri, televiziya kanalları faktiki olaraq real müxalifətin üzərinə bağlıdır, azad və sərbəst təbliğat aparmaq imkanları məhdudlaşdırılıb. Belə bir şəraitdə yalnız sosial şəbəkələrin və müxalif fəalların təbliğatı hesabına hələlik bundan artıq nəticə əldə etmək indiki şərtlər daxilində real deyil. Ancaq cəmiyyətin narazılıq potensialını nəzərə alsaq hesab edirəm ki, bu dinamikanın artması, aksiyanı təşkil edənlərin fəaliyyət və təbliğatından asılı deyil, bu daha çox cəmiyyətdəki narazılığın özü insanları aksiyada iştirakçılığa çağıracaq. Odur ki, biz mitinqləri davam etdirməklə Azərbaycan cəmiyyətinə narazılığını ifadə etməyə imkan saxlamış oluruq. Bu baxımdan Milli Şuranın təşkil etdiyi mitinqlər indiki şərtlər daxilində uğurlu hesab oluna bilər. Çünki yalnız Milli Şuranın çağırışı və təşkilatçılığı hesabına bu gün cəmiyyətdə kütləvi-demokratik etiraz mexanizmi formalaşıb. Yəni bunu ancaq Milli Şura həyata keçirməyə qadirdir. Əslində bu fakt göstərir ki, indi Azərbaycanda faktiki olaraq ikiqütblü sistem formalaşıb. Bir tərəfdə Azərbaycan hakimiyyəti, digər tərəfdə isə bu iqtidara alternativ olan və sosial təmsilçilik mandatına sahib olan Milli Şura. Yerdə qalan digər qüvvələr bu
iki qütb arasında seçim edir, onların durumundan asılı olaraq öz mövqelərini müəyyən edirlər.
- İddia edilir ki, insanlar Milli Şuranın mitinqinə az gəlir, şuranın ölkə üzrə elektoratı 3-4 mindən artıq deyil. Bu fikirlər sizcə, səmiyyətdən irəli gəlir, yoxsa narahatlıqdan?
- Bilirsinizmi, burada ilk olaraq söhbət insan sayından əvvəl aksiyanın mahiyyətindən və xarakterindən gedir. Mən hesab edirəm ki, mitinq indiki şərtlər daxilində uğurla keçirilib. İkincisi, bu gün Azərbaycanda başqa bir siyasi qüvvə varmı ki, belə aksiya təşkil etsin? Mənim şəxsi fikrimə görə, əslində istənilən mitinqi qiymətləndirən zaman konkret məkana, zamana, mövcud olan reallığa, şərtlərə söykənmək lazımdır. Əks təqdirdə, bu qiymətləndirmə obyektiv olmayacaq. Bu gün Azərbaycan siyasətində Milli Şuradan kənar min nəfər insanı bir araya toplayaraq meydanda mitinq keçirmək potensialına malik qüvvə varmı? Seçki kompaniyası dövründə heç indiki hakimiyyət belə kütləvi tədbirlər təşkil etmədi. Təbii ki, mitinqlə bağlı fərqli qiymətləndirmələr ola bilər. Ancaq reallıq ondan ibarətdir ki, Milli Şuradan savayı ölkədə minlərlə insanı meydanlara toplaya biləcək qüvvə yoxdur. Əlbəttə, hakimiyyətin Milli Şuranın mitinqinə qarşı mövqeyi aydındır və həm də anlaşılandır. Hakimiyyət birmənalı olaraq ona qarşı protest elektoratın olduğunu inkar edir, mitinqlərdə iştirakçıların sayını bir neçə dəfə az göstərir və s. Bu hakimiyyət üçün xarakterik haldır. Ancaq hakimiyyətdə olmayan bir çox insanlar da var ki, məhz onlarda anoloji fikirlərlə çıxış edirlər. Bunun da müəyyən səbəbləri var. Bu insanlar ya qısqanclıq səbəbindən Milli Şuranın aksiyalarını aşağılayırlar, ya da hakimiyyətə yarınmaq üçün. Ancaq maraqlıdır ki, bu şəxslər də özlərini siyasi qüvvə hesab edirlər, lakin bu günə qədər onların 100 nəfəri bir araya topladığını hüç kəs görməyib. Bunlar sosial bazaya, elektorata iddiaçı qismində davransalar da, ancaq bəlli olur ki, məhz Milli Şura cəmiyyətdə müxtəlif qrupların təmsilçisi olaraq meydanda özünü göstərir. Odur ki, Milli Şuraya və AXCP-yə bəzi şəxslər və qruplar narazılıq ifadə edirlər. Başqa sözlə, elektorata iddia edənlər 200 nəfəri bir araya gətirə bilmədiyi təqdirdə Milli Şuranı hədəfə gətirirlər və bu məsələdə onların çoxu eyni mövqedən çıxış edə bilirlər, çünki maraqları üst-üstə düşür. Ancaq kimsə, hansısa qüvvə özünü hakimiyyətə alternativ hesab edirsə, cəmiyyətdə böyük dəstəyinin olduğu iddiasındadırsa, buyurun meydana çıxsınlar, mitinqlər təşkil etsinlər, sosial bazalarını meydanlarda nümayiş etdirsinlər. Kimin potensialı, təşkilatçılıq baxımından intellekti varsa, cəmiyyətdə sosial etimada malikdirsə, buyurub təşəbbüslə çıxış etsin. Bunun ki, qarşısını Milli Şura almayıb. Mitinq məsələsi isə ümumiyyətlə monopoliyada olan məsələ deyil. İstənilən qüvvə mitinq təşkil etməkdə azaddır. Ancaq həmin qüvvələr bu təşəbbüslə çıxış etmirlər, mitinqi təşkil etmək haqqında düşünmürlər, əvəzində Milli Şuranın mitinqlərini tənqid edirlər. Bu da haradasa anlaşılandır. Yəni Milli Şuranın cəmiyyətdə sosial etimada sahib olması, onun çağırışlarına insanların səs verməsi, Milli Şura və AXCP-nin
təşkilatçılıq bacarığı və intellektual mübarizədə özünü təsdiqləməsi cəmiyyətdə öz qiymətini alır. İndiki şərtlər çərçivəsində cəmiyyətimizin potensialına uyğun olaraq biz mümkün olan kütləvi tədbirləri keçiririk. Əslində bu geniş mənada ölkədə demokratik dəyişikliklər istəyən, Azərbaycan xalqını narazı salan problemlərə görə narahat olan və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir insan mitinqləri müsbət qiymətləndirilməlidir. Anlaşılmalıdır ki, demokratik mübarizənin alternativi yoxdur, indiki halda demokratik mübarizədə kütlələrin iştirakını Milli Şura təmsil edirsə, onlar kənarda duraraq qərəzli atmacalar atmaq, görülən işə kölgə salmaqdansa, demokratik prosesə dəstək versinlər. Çünki bu onların da maraqlarına uyğundur.
- Müsavat Partiyası da mitinqlərə başlayır...
- Mən bildiyim qədər onlar mitinq keçirmirlər.
- Divanda qərar qəbul ediblər...
- Mənim bu haqda informasiyam yoxdur. Bildiyim odur ki, onlar mitinq deyil, yürüş keçirmək niyyətindədirlər. Başqa sözlə, yürüş təşkil edərək meydanda onu bitirmək istəyirlər.
- Milli Şuradan kənar siyasi qüvvələrin aksiyalar keçirməsi sizcə, müsbət haldır?
- İstənilən halda ölkədə demokratik azadlıqların təmin edilməsi, siyasi fəaliyyət dairəsinin genişlənməsi, cəmiyyəti narahat edən problemlərə görə, etiraz aksiyalarının təşkil edilməsi təqdir ediləsi haldır. Biz Milli Şura olaraq bu cür proseslərə pozitiv yanaşmağın tərəfdarıyıq. Bizim ölkədə demokratik dəyişikliklər o zaman reallaşacaq ki, daha çox insan demokratik mübarizədə iştirak edəcək, daha çox siyasi qüvvələr hakimiyyətə qarşı səmimi, prinsipial və müxalif mövqeyindən çıxış edərək cəmiyyətin fəallaşması istiqamətində işlər aparacaq.
- AXCP-nin qarşıdan gələn parlament seçkilərinə dair mövqeyi nədən ibarətdir?
- Bu gün qarşıdan gələn parlament seçkilərinə dair fikir söyləmək tezdir. Ona görə ki, biz seçkidən öncə demokratik seçki mühitinin yaradılması haqqında söhbət etməli, belə bir mühitin yaradılmasına nail olmalıyıq. Bu da, cəmiyyətin siyasi proseslərdə daha fəal iştirakına, seçki qanunvericiliyinin demokratikləşməsinə bağlı olan məsələlərdir. Mən hesab edirəm ki, Milli Şura olaraq bizim təşkil etdiyimiz aksiyalar həm də bu məqsədə xidmət edir. Ona görə də, konkret seçki prosesindən öncə, demokratik seçki mühitinin yaradılması istiqamətində səylər göstərmək lazımdır. Siyasi fəaliyyətin təzyiq altında olduğu, siyasi fəaliyyətə görə həbslərin aparıldığı, siyasi məhbusların mövcudluğu, seçki komissiyalarının hakim
partiyanın nəzarətində olduğu, təbliğatın məhdudlaşdırıldığı şəraitdə biz azad seçkidən danışa bilmərik. Odur ki, qarşıda duran vəzifə seçkidə iştirak deyil, mümkün olan həddə qədər seçki mühitinin demokratikləşdirilməsi olmalıdır. Məncə, bütün siyasi qüvvələr bu haqda düşünməlidir.
- Pənah Hüseyn seçki məsələsində hakimiyyətlə razılaşmağa gedilməsini vacib sayıb. Siz bu haqda nə düşünürsünüz?
- Biz seçkidə hakimiyyətlə danışıqların aparılması, hansısa yerlərlə bağlı razılaşmanın əldə edilməsi fikrindən uzağıq. Biz hesab edirik ki, hər bir proses şəffaf olmalı, demokratik mübarizə prinsipi əsasında namizədlər əldə etdiyi səsə uyğun olaraq parlamentdə təmsilçilik imkanını əldə etməlidir. Əlbəttə, bu msələdə hər kəsin özünün mövqeyi, fərqli yanaşması var. Pənah Hüseyn və onun təmsil etdiyi düşərgə hesab edirsə ki, parlamentə düşmək əsas məqsəddir, bunun üçün hakimiyyətlə sövdələşmələrə getmək lazımdır, bu onların şüurlu olaraq seçdiyi yoldur. Biz AXCP və Milli Şura olaraq Azərbaycan cəmiyyətinin etimadına əsaslanaraq fəaliyyət göstəririk. Biz hər hansı bir sövdələşməyə gedilməsinə normal yanaşmırıq. Hesab edirik ki, normal seçki keçirilməli, namizədlər də topladığı səsə uyğun olaraq təmsilçilik əldə etməlidir. Əlbəttə, kimlərsə danışıqlar aparmaqla parlamentə düşmək fikrində ola bilər. Bu indiyə qədər də müşahidə edilib. Elə parlamentdə də, belə insanlar var. İndi bu insanların sayının üzərinə 2-3 nəfərin də əlavə olunması vəziyyəti dəyişməyəcək. Çünki bunun cəmiyyətə aidiyyəti yoxdur.
Sorğu
Yeni dizaynımız necədir?