Məhkəmə qaynını öldürmək istəyən Ağdaş sakininə 10 il 6 ay cəza kəsdi
Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Ağdaş sakini, 1979-cu il təvəllüdlü Rəmzi Babazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Rəmzi Babazadə 17 avqust 2014-cü il tarixdə, saat 13 radələrində yaşadığı Ağdaş şəhəri, C.Cabbarlı küçəsi, ev 119, mənzil 4 ünvanındakı evdə həyat yoldaşı Günəş Babazadəni döyüb. Günəş əri tərəfindən döyülməsi ilə bağlı qardaşı Tural Hüseynova zəng edib və bu barədə məlumat verib.
Günəşin anası Nəzakət Hüseynova qızını aparmaq üçün kürəkənini evinə gəlib. Az keçəndən sonra ora Günəşin antası Rəhman Hüseynov, daha sonra isə qardaşı Tural Hüseynov gəlib. Bununla bağlı Rəmzi Babazadə Tural Hüseynovla mübahisə edib. Rəmzi Tural Hüseynovun dalaşmaq üçün gəldiyini güman edib. O, Tural Hüseynovdan qisas alaraq, onu öldürmək qərarına gəlib. Rəmzi Babazadə bu məqsədlə mətbəxə girib və bıçaq götürərək geri qayıdıb. O, Tural Hüseynovun bədəninin müxtəlif nahiyələrinə əlindəki bıçaqla ardıcıl olaraq çoxsaylı zərbələr vurub.
Həmin vaxt hadisə yerində olan Rəmzinin atası Məcnun Babazadə onları ayırıb. Həmin vaxta qədər Rəmzi qaynına 13 bıçaq zərbəsi vurub və bundan artıq zərbəni vurmağa imkan verməyib. Tural Hüseynov yaxın qohumları tərəfindən dərhal xəstəxanaya çatdırılaraq ona təcili tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib.
“Tural mənə nalayiq söyüşlər söydü”
Rəmzi Babazadə Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib. Hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Rəmzi Babazadə ittiham üzrə özünü qismən təqsirli bilib. Rəmzi Babazadə bildirib ki, Tural Hüseynov həyat yoldaşı Günəş Babazadənin qardaşıdır: “Avqustun 17-də, saat 12.40 radələrində yaşadığı Günəşlə aralarında mübahisə yaranıb. Mübahisə zamanı arvadıma bir sillə vurdum. Bu zaman Günəş qonaq otağına keçərək qardaşı Turala zəng etdi. O, telefonda qardaşına dedi ki, ərim məni döyür, gəl onun cavabını ver. Günəşin əlindən telefonu aldım, qaynım Turala yenidən zəng etdim. Tural telefonda “gəl şəhərə, şəhərdə səninlə söhbət edək”, -deyə bildirdi. Turala dedim ki, “gəlmirəm, gəl bacın Günəşi götür, öz evinizə apar”. Tural telefonda məni nalayiq söyüşlər söydü. Günəş paltarını dəyişərək atası evinə getdi. Buna görə də atama zəng etdim, Günəşin evdən getməsi, Turalın məni telefonda hədələməsi barədə məlumat verdim. Bu səbəbdən atam da evə gəldi. Günəş evdən getdikdən təxminən 20 dəqiqə sonra qayınanam Nəzakətlə birlikdə qayıtdı və nalayiq söyüşlər söyərək məni təhqir etdilər. Qayınanam və arvadım uşaqların paltarlarını yığışdırmaq üçün yan otağa keçdilər. Bir qədər sonra qayınatam Rəhman da gəldi, Rəhman atamı və məni nalayiq söyüşlər söydü. Sonra uşaqları da götürərək həyətə düşdü. Bu zaman qaynım Tural gəldi. Həmin vaxt dəhlizdə dayanmışdım. Tural söyüş söyərək üstümə gəldi və mənimlə dalaşmağa başladı. Turalla dalaşdığım zaman üzərimdə olan bıçaqla ona bir neçə dəfə xəsarət yetirdim. Bu zaman atam bizi araladırdı. Hadisə vaxtı Tural və özümdən başqa dəhlizdə heç kim olmayıb. Turalın anası və bacısı isə yan tərəfdəki otaqda olublar”.
“Rəmzi bıçaqla məni vurmağa başladı”
Rəmzi Babazadə həmçinin ifadəsində Turalı bıçaqla vurduğu vaxt öldürmək niyyətinin olmadığını və törətdiyi əməldən peşman olduğunu bildirib. Zərərçəkmiş şəxs qismində ifadə verən Tural Hüseynov deyib ki, avqustun 17-də bacısı Günəş zəng edərək əri Rəmzinin onu döyməsini və gəlib onu aparmağını söyləyib: “Mən də Rəmzinin telefonuna zəng etdim. Rəmzi telefonda bacımı aparmağımı söylədi. Rəmziyə şəhərdə görüşüb, söhbət etməyi təklif etsəm də, Rəmzi söyüş söyməyə başladı. Bu zaman mən də Rəmzini söydüm. Bundan sonra evə gedərək bu barədə anama dedim. Anam da Günəşi evə gətirmək üçün Rəmzinin evinə getdi. Bir qədər sonra atam zəng edərək uşaqları götürmək üçün Rəmzigilə getdiyini, uşaqları və onların paltarlarını götürmək üçün oraya gəlməyimi istədi. Buna görə də evdən çıxaraq bacım Günəşin yaşadığı evə getdim. Günəşin yaşadığı binanın yanına çatan zaman atam Günəşin uşaqları ilə birlikdə binanın blokundan çıxaraq maşına doğru getdiyini gördüm. Atam Günəşin və anamın Rəmzinin mənzilində olduğunu, onlara uşaqların paltarlarını götürmək üçün kömək etməyimi söylədi. Bacıma və anama uşaqların paltarlarını götürməkdə kömək etmək üçün pilləkənlərlə qalxaraq mənzilə girdim. Mənzilin koridoruna daxil olan zaman anam və bacımın yan tərəfdəki otaqda olduqlarını bildim. Otağa daxil olmaq istəyən zaman Rəmzi üstümə gəldi və mənimlə dalaşmağa başladı. Dalaşdığımız zaman anidən Rəmzi bıçaqla məni vurmağa başladı. Həmin vaxt anam və bacımın orada olduqlarını xatırlamıram”.
“Anam ərim və onun ailə üzvləri ilə mübahisə etdi”
Zərərçəkmiş Günəş Babazadə bildirib ki, avqustun 17-də, saat 13 radələrində evdə olduqları vaxt Rəmzi ona uşaqlara görə qışqıraraq irad tutub: “Rəmziyə cavab verərək öz otağıma getdim. Bu zaman Rəmzi arxadan yumruqla böyrəyimdən 2 dəfə vurdu, həmin vaxt özümü pis hiss etdiyimdən otağa daxil olaraq yataqda birtəhər
uzandım. Rəmzinin telefonundan qardaşım Turala zəng edərək Rəmzinin məni döydüyünü bildirdim. Həmin vaxt Rəmzi Turala dedi ki, gəlib məni aparsın. Bundan sonra evdən çıxaraq atamın evinə gedərkən yolda anam ilə qarşılaşdım. Anam ilə birlikdə geri qayıdaraq uşaqları götürmək üçün Rəmzigilin evinə gəldim. Evdə qayınatamın, balıdızımın və Rəmzinin olduğunu gördüm. Evə daxil olduqdan sonra yataq otağına keçdim və uşaqların paltarlarını toplamağa başladım. Anam isə qonaq otağında ərim və onun ailə üzvləri ilə mübahisə etdi. Uşaqların paltarlarının bir qismini yığdım və qonaq otağına keçdiyi vaxt orada anamın baldızım və Rəmzi ilə mübahisə etdiyini, qayınatamın isə öz otaqlarında telefonla danışdığını bildim. Bu vaxt atam da evə daxil oldu və uşaqları da götürərək getməyi bildirdi. Atam uşaqları götürəndən sonra aşağı düşdü. Özüm yenidən qonaq otağına qayıtdım və həmin vaxt Rəmzinin balkona çıxdığını, qayınatamın isə hələ də öz otaqlarında telefonla danışdığını, qonaq otağında anamın baldızım ilə mübahisə etdiyini gördüm. Otaqda olan zaman birdən evin dəhlizində səs-küy eşitdim. Həmin vaxt otaqdan çıxan zaman Turalın da dəhlizdə dayandığını, üst-başının qan içində olduğunu, Rəmzinin də öz yataq otağının qarşısında əlində bıçaqla dayandığını gördüm. Bütün bu hadisələrin qısa vaxt ərzində, bir neçə saniyə ərzində baş verib. Hətta Turalın evə necə gəlməsini də görməmişəm. Həmin vaxt qonaq otağında ucadan səs-küy olub. Atam yenidən içəri girərək niyə gəlməməyimizi soruşdu. Turalın üstünün qan olduğunu görən atam onu da götürərək aşağı endi. Bundan sonra Turalı Ağdaş rayon xəstəxanasına apardıq”.
Məhkəmənin hökmü ilə Rəmzi Babazadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?