Məhkəmədə çıxış edən vəkillər cinayət işinə xitam verilməsini tələb etdilər
Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edən Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, ata-oğul Vüqar və Elvin Dursunəliyevlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesin əvvəlində Azər Qəmbərovun vəkili məhkəmə istintaqının tamamlanmasına etiraz edib. O, bildirib ki, Suriyanın hazırkı prezidenti Bəşər Əsəd ölkəsi ərazisində olan əcnəbilərin əfv edilməsi üçün amnistiya aktı imzalayıb. Onun sözlərinə görə, həmin amnistiya aktını hələ də əldə edə bilməyiblər: “Biz həmin amnistiya aktını əldə edib və məhkəməyə təqdim etmək istəyirik”.
Digər tərəflərin fikirlərini ötən prosesdə öyrənən hakim heyəti yerində müşavirə keçirib və məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul ediblər. Çıxış etmək üçün söz dövlət ittihamçısı Rahil İsmayılova verilib.
Prokuror təqsirləndirilən şəxslərin ittiham olunduqları maddələri, ittihamın mahiyyətini şərh edərək təqsirləndirilən şəxslər - Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, Vüqar Dursuinəliyevin hər birinin 15 il, Elvin Dursunəliyevin isə 5 il
müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib. O, Elvin Dursunəliyev yetkinlik yaşına çatmadığı üçün cəzasının ümumi rejimli cəza çəkmə müəssisəsində, digər təqsirləndirilən şəxslərin isə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzalarını çəkməmələrini qeyd edib.
Vilayət Həsənlinin vəkili Səbirə Hacıyeva bildirib ki, müdafiə etdiyi şəxs dini əqidəsinə əsasən Suriyaya gedib. Onun sözlərinə görə, Vasif Həsənlinin əməlində cinayət tərkibi olmayıb: “Vasif Həsənli Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində iştirak etməyib. Ona həmin hərbi birləşmələrin tərkibində döyüşməsi tələb edilsə də, o, döyüşlərdə iştirak etməkdən imtina edib. Könüllü cinayət törətməkdən imtina etmək istəyəni cinayət məsuliyyətindən azad edir. Vasif Həsənli Azad Suriya ordusunun üzvləri tərəfindən əsir götürülüb. O, 10 gün əsirlikdə təzyiq altında qalıb. O, sonra Azad Suriya ordusunun üzvləri tərəfindən Suriyadan çıxarılıb və bir də Suriya ərazisində görünsə, öldürülməklə hədələnib. Hesab edirəm ki, Vilayət Həsənovun əməlində cinayət tərkibi yoxdur, onun barəsində olan cinayət işinə xitam verilməsini istəyirəm”.
Vasif Hacıyevin vəkili Şəms Qəmbərova deyib ki, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur. Vasif Hacıyevin Suriyada dini əqidəsi olan müsəlmanlara yardım etmək məqsədilə getdiyini vurğulayan vəkilin sözlərinə görə, onun təqsirləndirilən şəxslərlə əlbir olması barədə fakt olmayıb. O, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Prosesdə digər təqsirləndirilən şəxslərin vəkillərinə çıxış etmək üçün söz verilsə də, onlar çıxışa hazır olmadıqlarını, məhkəmədən əlavə vaxt istəyiblər. Hakimlər onların istəyini nəzərə alıb və məhkəmənin davamımı mayın 13-dək təxirə salıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?