İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib. Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqında məlumat verilib.
KXCP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin partiyanın Mingəçevir və Şamaxı rayon şöbələrində keçirilən yığıncaqlarla bağlı məlumatları dinlənilib. Məlumatlar nəzərə alınıb və yığıncaqların nəticələrin tanınması haqqında qərar qəbul edilib.
KXCP rayon şöbələrinin həftə ərzində keçiriləcək konfranslarına QHTK-dən nümayəndələr təyin edilib. Yığıncaqda ictimai-siyasi vəziyyət müzakirə edilib. Yığıncaqda vətəndaş cəmiyyətinə qarşı hakimiyyət orqanlarının apardığı repressiyaların davam etməsindən narahatlıq bildilrilib. KXCP tanınmış vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasından qanunsuz şəkildə uzaqlaşdırılması, Azadlıq radiosunun əməkdaşı Yafəs Əkrəmoğluna və ailə üzvlərinə qarşı edilən qanunsuz hərəkətləri pisləyib və bu qanunsuzluqlara son qoyulmasını tələb edib. Yığıncaqda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üz tutması ilə bağlı son günlər mətbuatda yayılan məlumatlar, bu istiqamətdə Rusiya hökümətinin verdiyi açıqlamalara rəğmən rəsmi Bakının susmasından ciddi narahatlıq ifadə olunub. KXCP hesab edir ki, Qərb dünyasından uzaqlaşaraq Azərbaycanın Rusiyaya və onun daxil olduğu, təməl prinsipləri bəlli olmayan, türk dünyasına qarşı həmişə düşmən münasibətdə olan bir sıra ölkələrin yer aldığı quruma sürüklənməsi yol verilməzdir. KXCP rəsmi Bakının ŞƏT- ə yaxınlaşması ilə bağlı son günlər mətbuatda yayılan məlumatlara hakimiyyət tərəfindən aydınlıq gətirilməsini zəruri hesab edir. Yığıncaqda Bakının “Sovetski” adlanan hissəsində 160- dan çox tarixi abidənin dağıdılması ilə bağlı yayılan məlumatlardan narahatlıq ifadə olunub. KXCP- nin Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqına bayram təbriki ünvanlanması qərara alınıb. Yığıncaqda KXCP adından Azərbaycan Xalq Cəbhəsinin yaranmasının ildönümü münasibəti ilə Azərbaycan xalqının təbrik edilməsi və 16 iyulda saat 12.00-da Fəxri xiyabanda Elçibəyin məzarının ziyarət edilməsi qərarlaşdırılıb.
Sorğu
Yeni dizaynımız necədir?