Mirqasımov adına Respublika Klinik Xəstəxanasında əsaslı təmir işləri aparıldığından bütün ümidlər Müqəddəs Sadıqovanın kollektivinə dikilib
Xeyli vaxtdır ki, Mirqasımov adına Respublika Klinik Xəstəxanasında əsaslı təmir işləri aparılır. “Gündəm Xəbər”in araşdırmasına görə təmir işləri növbə ilə korpusların bir tərəfində, yaxud bir mərtəbəsində aparılırdısa, son bir ayda xəstəxananın bütün korpuslarını öz ağuşuna alıb. İş o yerə çatıb ki, tibb personal yardımçı binalarda, qazanxanada, analiz götürülən lobaratoriya künclərində, bir sözlə, harda gəldi, öz peşə borclarını yerinə yetirmək məcburiyyətində qalıbdır. Amma xəstəxanaya üz tutanların sayı azalmaq bilmir. Yenə də əvvəlkitək xəstəxana arı pətəyi kimi qaynayır. Sırf təsadüfdən Abşeron rayon, Xırdalan şəhər sakini Cavad Behbudovdan öyrəndim ki, o, da adıçəkilən xəstəxanaya müraciət edənlərdən biri olub. “Bilsəm ki, ölürəm, bir də Müqəddəs xanıma müraciət etmərəm. O, necə həkimdir? Az qalmışdı məni öldürə. Təzyiqimi ölçdü və bir dərman yazdı. Özü də dedi ki, tərkibi zəifdir, iki-iki at. Mən də aptekdən alıb ikisini dərhal ataraq evə döndüm. Evə gəlib çatana kimi halım pisləşdi. Yaxınlarım təcili yardım çağırdılar. Həkim gəlib təzyiqimi yoxladı və soruşdu ki, səni kim bu günə salıb? Tez iynə vurdu və vəziyyətimi düzəltdi”. Elə dəhlizdə gözləyərkən həmsöhbət olduğum xəstələrin əksəriyyəti belə qənaətdə olduqlarını vurğuladılar. “Bəs nə edək? Hara gedək, kimin yanına gedək? Yenə burda ucuzluqdur, hara getsək dərimizi soyacaqlar”. Baş həkimin poliklinika üzrə müavini Müqəddəs Sadıqovanın, doğrudan da başını qaşımağa vaxtı yoxdu. Dəhliz xəstələr və onların yaxınları ilə dolu olduğundan otağında da üç-dörd xəstə bir-birini gözləmək məcburiyyətindəydi. Daha subordinasiya gözləyən olmurdu. Dərdini bildirib göstərişini alan, reseptini yazdıran elə hamının yanında da “hörmət”ini edirdi. Soruşanda da “burda qəribə nə var ki?” deyə cavab verib gözlərini döyürdülər. “Xəstəxananın bütün korpuslarında əsaslı təmir işləri aparıldığından baş həkim bütün tapşırıqlarını Müqəddəs xanıma verərək, xəstələri onun üzərinə yönləndiribdir. O, isə öz komandasını səfərbər edərək bu çətin işin öhdəsindən gəlməyə çalışır. Elə bilirsiniz bu darısqallıqda bir bu qədər xəstəni yola vermək asandır?” Adının çəkilməsini istəməyən tibb personal fikirlərini belə ifadə etdi. Müqəddəs xanımın cavabı isə bizi lap heyrətləndirdi. “Qardaşım ürəyindən əməliyyat olunmalıdır. Onun üçün gecəmi gündüzümə qatıb çalışıram”. (Allah kömək olsun. Son vaxtlar televiziya kanallarında “Şərhsiz” yazısı altında görüntülər nümayiş etdirirlər. Məncə, onun bu sözlərinin də şərhə ehtiyacı yoxdur. Azərbaycan reallığında hər şey hamıya gün kimi aydındır) Ramazan ayının son günləridir, yəni bayram günləri. Müsəlman sayılanlar bu əziz və müqəddəs günlərdə daha mehriban və mərhəmətli olurlar. Elə bunu nəzərə alan rəhbərlik də həmin müqəddəs günlər ərəfəsində və Ramazan bayramı mərhəmətilə axını Müqəddəs Sadıqovanın üzərinə yönəldib. Böyüklərin məsləhəti qarşılığında... biz nə deyə bilərik ki?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?