Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının ittiham aktını elan edəcəyi, təqsirləndirilənlərə iş istəyəcəyi gözlənilir.
Təqsirləndirilən şəxslərin vəkillərinin məhkəmə prosesinə gecikməsi A.Abdullayevi etirazına səbəb oldu: “Bunlardan ədalət gözləməyin. Hec olmasa siz ədalətli olun, məhkəməyə vaxtında gəlin. Leqallaşdırma ittihamı üzrə sübutlar siyahısını bizə təqdim edin ki, biz də müdafiəmizi qura bilək”.
Hakim buna belə reaksiya verdi: “İşin icində nə var odur, başqa hec nə yoxdur”.
A.Abdullayev buna etiraz etdi: “İttiham ittiham deyil, “fuflo”dur. Buna repressiya deyək, o, ittiham deyil. Həm də bu gün mənim hökmümü bitirin, nə verirsiniz verin, qurtarın”.
Bundan sonra söz dövlət ittihamcısına verildi. O, A.Abdullayevə 14 il, digər təqsirləndirilənlərin hər birinə - Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanova 10 il, Nadejda İsmayılovaya isə 9 il iş istədi.
Proses avqustun 25-də davam etdiriləcək.
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədir.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?