Alim Quliyev: "Ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçiriləcək"
Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti sədrinin I müavini Alim Quliyevin "PA-ya müsahibə verib. Virtualaz.org toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin müsahibəni oxucularına təqdim edir:
- Son dövrlərdə ölkə rəhbərliyi tərəfindən ölkədə nağdsız ödənişlərin inkişafı istiqamətində bir sıra tapşırıqlar verilib. Ümumiyyətlə, nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişlənməsinin ölkənin inkişafındakı rolunu necə qiymətləndirirsiniz?
- Müasir maliyyə infrastrukturunun vacib seqmentlərindən biri olan Milli Ödəniş Sistemi iqtisadi subyektlər arasında hesablaşmaların daha sürətli həyata keçirilməsini və səmərəli formada təşkilini təmin edir. Təhlükəsiz və effektiv formada fəaliyyət göstərən Milli Ödəniş Sistemi ölkənin maliyyə sabitliyinin və iqtisadi inkişafın təminatında mühüm əhəmiyyət kəsb edir. Geniş çeşidli və innovativ ödəniş infrastrukturunun mövcudluğu iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarını artırmaqla, onların istehlakını yaxşılaşdırır.
Təsadüfi deyil ki, ölkə başçısı tərəfindən nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsinin sosial-iqtisadi əhəmiyyəti nəzərə alınaraq bu istiqamətdə bir sıra fərman və sərəncamlar verilmişdir.
Nağdsız ödənişlərin inkişafı və elektron ödəniş xidmətlərindən istifadənin kütləviləşməsi bank sisteminin resurs bazasını genişləndirir, iqtisadiyyatın kapitalizasiyasını və monetar siyasətin iqtisadiyyata təsir imkanlarını artırır. Milli Ödəniş Sistemi ölkənin maliyyə sabitliyində, effektiv monetar idarəetmə və iqtisadi artımın dərin maliyyələşməsində mühüm rol oynayır.
Beynəlxalq reytinq agentliklərindən olan “Moody`s”in hesablamalarına görə son 5 il ərzində elektron ödənişlərin inkişafı qlobal iqtisadiyyatda 1 trilyon ABŞ dollarına yaxın əlavə ÜDM və 2 milyon yeni iş yeri yaratmağa imkan vermişdir. Elektron ödənişlərin inkişafı ÜDM-i İEÖ-də 0.3% bəndi, İEOÖ-də isə 0.8% artırır.
- Qeyd etdiniz ki, qabaqcıl dünya ölkələrinin sosial-iqtisadi inkişafında nağdsız ödənişlər mühüm rola malikdir. Bu istiqamətdə ölkəmizdə hansı işlər görülmüşdür və aparıcı ölkələrlə müqayisədə haradayıq?
- Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunla müəyyənləşdirilmiş səlahiyyətləri çərçivəsində ölkədə ödəniş sistemlərinin, o cümlədən hesablaşma və klirinq sistemlərinin yaradılmasını və onların fəaliyyətinin təşkil edilməsini təmin edən dövlət orqanıdır. Son illərdə Mərkəzi Bank tərəfindən elektron ödəniş sistemlərinin yaradılması istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkədə ən müasir texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik olan Milli Ödəniş Sistemi yaradılmışdır.
Milli Ödəniş Sisteminin əsas komponentlərindən hesab olunan iri və təcili ödənişlər üzrə Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS) 2001-ci ildən, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) isə 2002-ci ildən müvəffəqiyyətlə istifadə olunur. Bu sistemlərin istifadəyə verilməsi ilə banklararası hesablaşmaların tam elektronlaşdırılmasına nail olunmuşdur. Vaxtilə həftələrlə vaxt aparan hesablaşma əməliyyatları hazırda bir neçə saniyə ərzində başa çatdırılır.
Milli Ödəniş Sistemi infrastrukturunun daha da genişləndirilməsi, regionlarda əhali və təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması məqsədi ilə görülən tədbirlər çərçivəsində Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə “Azərpoçt” layihəsi həyata keçirilmişdir. Nəticədə “Azərpoçt” MMC-nin geniş regional filial və şöbələrində maliyyə, o cümlədən nağdsız ödəniş xidmətlərinin göstərilməsinə imkan verən infrastruktur yaradılmışdır.
2015-ci ilin 1 iyul tarixinə ölkədə 926 filial və şöbəyə malik olan 43 bank, 1163 filial və şöbəsində maliyyə xidmətləri göstərilən “Azərpoçt” MMC və həmçinin 157 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir ki, bunlar da Milli Ödəniş Sisteminin əsas infrastruktur elementlərini təşkil edir.
2015-ci ilin 1 iyul tarixinə ölkədə emissiya edilmiş ödəniş kartlarının ümumi sayı 7 mln. ədədə yaxındır. Hazırda ölkədə Mərkəzi Bankdan alınmış lisenziya əsasında fəaliyyət göstərən “AzeriCard” MMC və “MilliKart” MMC, həmçinin 7 bank tərəfindən prosessinq fəaliyyəti həyata keçirilir. Ölkə üzrə ümumilikdə 2716 ədəd bankomat və 78391 ədəd POS-terminalın əhatə olunduğu kart infrastrukturu formalaşdırılmışdır.
Ölkədə 24 bank tərəfindən internet bankçılıq, 15 bank tərəfindən isə mobil bankçılıq xidməti müştərilərə təqdim olunur. Banklar tərəfindən elektron bankçılıq üzrə təqdim olunan xidmətlərin sayının artırılması, innovativ ödəniş alətlərindən təmassız ödəniş kartlarının emissiyası, daha müasir və çox funskiyalı ödəniş terminallarının quraşdırılması istiqamətində aktiv fəaliyyət göstərilir.
Lakin yaradılmış infrastruktur imkanlarına və bütövlükdə əldə edilmiş nəticələrə baxmayaraq, nağdsız ödəniş dövriyyəsi digər ölkələrlə müqayisədə əhəmiyyətli aşağıdır (nağdsız ödəniş dövriyyəsinin ÜDM-ə nisbəti Azərbaycanda 2.2 dəfə, İEÖ-də ortalama 70 dəfə, İEOÖ-də isə 25 dəfə). Ölkədə nağdlaşma səviyyəsi yüksək olaraq qalır (Azərbaycanda 58%, İEÖ-də 15-20% və İEOÖ-də 30-35%). Ödəniş kartları ilə əməliyyatların 92%-i isə nağd pulun bankomatlardan çıxarılmasına xidmət edir (Şərqi Avropada 70%, İEÖ-də isə 50%-i).
İnkişaf etmiş ölkələrlə müqayisədə qeyd olunan göstəriciləri nəzərə alaraq, Mərkəzi Bank yaradılmış Milli Ödəniş Sistemi infrastrukturundan istifadənin genişləndirilməsi və dövriyyə göstəricilərinin yaxşılaşdırılması istiqamətində aktiv fəaliyyətini davam etdirir.
- Mərkəzi Bankın ödəniş sistemləri sahəsində əsas layihələrindən biri də vergi, rüsum və bu kimi büdcə ödənişlərinin toplanılmasını təmin edən Hökumət Ödəniş Portalının yaradılmasıdır. Bu portalın yaradılması zərurəti nədən irəli gəlmişdir və elektron ödəniş xidmətlərinin inkişafı baxımından əhəmiyyəti nədir?
- Mərkəzi Bankın fəaliyyətində ölkədə yaradılmış Milli Ödəniş Sistemi infrastrukturundan daha səmərəli istifadə edilməsi, əhali və iqtisadi subyektlər arasında nağdsız hesablaşmaların genişləndirilməsi və ölkənin bütün regionlarında maliyyə xidmətlərinə çıxış imkanlarının yaradılması yüksək prioritetli istiqamətlərdəndir. Bu sahədə görülən işlərdən biri də vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılmasını təmin edən Hökumət Ödəniş Portalının yaradılmasıdır.
Dövlət sektorunda fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları, büdcə yığımlarının toplanılması ilə məşğul olan 12 dövlət orqanı, həmçinin stasionar və mobil rabitə xidməti göstərən 5 operator yaradılmış infrastruktura inteqrasiya olunmuşdur.
Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş təşkilatlar üzrə ümumilikdə 300-dən çox növdə xidmətlərlə bağlı ödənişlərin ölkənin bütün regionlarında (Naxçıvan Muxtar Respublikası daxil olmaqla) "Azərpoçt" MMC-nin və 40-dan çox bankın 1800-ə yaxın ödəniş məntəqəsində nağd formada və portalın internet resursundan istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada qəbul edilməsi imkanları yaradılmışdır.
Hökumət Ödəniş Portalının əsas üstünlüklərindən biri də odur ki, aparılan ödənişlər üzrə büdcə və digər ödənişlərin rekvizitləri (büdcə təsnifatının kodu, büdcə səviyyəsinin kodu, büdcə təşkilatının kodu və büdcə ödənişlərinin toplanılmasını həyata keçirən müvafiq dövlət qurumunun VÖEN-i və s.) avtomatik rejimdə sistem tərəfindən müəyyənləşdirilir və ödəniş haqqında məlumatlara əlavə edilir. Bununla da ödənişlərin qəbul edilməsi prosesi sadələşdirilərək, baş verən səhvlərin sayının minimuma endirilməsi təmin edilir. Hökumət Ödəniş Portalı vasitəsilə aparılan hər bir ödəniş haqqında məlumat real rejimdə büdcə ödənişlərinin toplanılmasını həyata keçirən müvafiq dövlət orqanlarının, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin və ya müvafiq kütləvi xidmət müəssisəsinin (kommunal və rabitə xidməti təşkilatları) daxili informasiya sisteminə ötürülür. Bu isə daxilolmalar üzrə uçotun avtomatlaşdırılmasını və şəffaflığı təmin edir.
2015-ci ilin yeddi ayı ərzində sistemdə ümumi məbləğ 793,5 mln. manat olmaqla, 16,1 mln. ədəd ödəniş tranzaksiyası emal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sistemdə emal olunan əməliyyatların həcmi 26.5% (210 mln. manat), əməliyyatların sayı isə 6% (0,96 mln. ədəd) artmışdır.
Hal-hazırda, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində yaradılmış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlər üzrə ödənişlərin HÖP vasitəsilə qəbul olunması və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış “Elektron Hökumət” informasiya portalının bu infrastruktura inteqrasiya olunması istiqamətində intensiv işlər aparılır. Eyni zamanda, dövlət tədris müəssisələrində pullu təhsil alan tələbələrin ödənişlərinin mərkəzləşmiş qaydada HÖP infrastrukturundan istifadə edilməklə toplanılması üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə fəaliyyət göstərilir.
- Qeyd etdiyiniz kimi, Milli Ödəniş Sisteminin inkişafı ölkənin maliyyə sabitliyi və təhlükəsizliyi baxımından olduqca vacibdir. Son dövrlərdə qlobal iqtisadiyyatda xüsusilə Rusiyada baş verən proseslər ölkənin ödəniş sisteminin müstəqilliyini və təhlükəsizliyini labüd edib. Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə hansı qabaqlayıcı işlər görüb və gələcəkdə bu kimi təhlükələrə qarşı hansı planları var?
- Yaradılmış Milli Ödəniş Sistemi infrastrukturunun sabit və etibarlı fəaliyyətinin təşkil edilməsi ilə yanaşı, onun nüvəsini təşkil edən əsas komponentlərin beynəlxalq aləmdə ödəniş sistemləri sahəsində, həmçinin informasiya texnologiyaları nailiyyətlərinin tətbiqi istiqamətində baş verən yeniliklər nəzərə alınmaqla inkişaf etdirilməsi də daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda qlobal iqtisadiyyatda baş verən proseslər izlənilir, ödəniş sistemlərinin müstəqilliyinin və təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlər görülür.
Bu istiqamətdə həyata keçirilən əsas tədbirlərdən biri hal-hazırda icrası başa çatmaq üzrə olan “Milli Ödəniş Sisteminin Modernizasiyası” layihəsidir. Layihə çərçivəsində görülən işlər nəticəsində Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi beynəlxalq infrastrukturlarla yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim olunan Lokal Telekommunikasiya Şəbəkəsi üzərindən də fəaliyyət göstərməyə başlamışdır. Eyni zamanda sistemdə informasiya təhlükəsizliyinin təmin olunması üçün artıq Mərkəzi Bankın “Bank Sertifikat Xidmətləri Mərkəzinin” xidmətlərindən istifadə olunur. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində Milli Ödəniş Sisteminin əsas komponentinin fəaliyyətinin müstəqilliyi və təhlükəsizliyi tam təmin olunmuşdur.
Layihənin növbəti mərhələsində Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin funksional imkanları təkmilləşdirilərək beynəlxalq praktikada geniş istifadə olunan birbaşa debitləşmə ödəniş aləti ilə ödəniş əməliyyatlarının aparılması imkanı yaradılacaq, informasiya təhlükəsizliyinin təmin olunması isə milli məhsullardan istifadə olunmaqla təmin olunacaqdır. Bu tədbirlərlə yanaşı, ödəniş sistemlərinin sabit və etibarlı fəaliyyətinin təmin olunması məqsədi ilə Mərkəzi Bankın ehtiyat mərkəz infrastrukturu müvafiq standartlar əsasında təkmilləşdiriləcəkdir.
Digər tədbir isə ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin tam şəkildə ölkə daxilində həyata keçirilməsinin təmin olunması məqsədilə həyata keçirilən “Kart Ödənişləri üzrə Milli Şəbəkə”nin yaradılması layihəsidir. Layihə çərçivəsində görüləcək işlər nəticəsində prosessinq fəaliyyəti göstərən bütün kart təşkilatlarının infrastrukturları arasında interfeys yaradılacaqdır və bununla da ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçiriləcəkdir.
Qeyd olunan hər iki layihənin realizasiyası ödəniş sistemlərinin təhlükəsiz və effektiv fəaliyyətinin təmin olunması, nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
- Ödəniş xidmətlərinin inkişafı və onun hüquqi normativ bazasının formalaşdırılması istiqamətində hansı işlər görülür?
- Mərkəzi Bank ödəniş xidmətləri bazarının inkişafı və elektron ödəniş xidmətlərindən istifadənin kütləviləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu istiqamətdə ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi ödəniş bazarında rəqabət mühitinin gücləndirilməsi və ödəniş xidməti istifadəçilərinin müdafiəsinin artırılması məqsədi ilə “Ödəniş xidmətləri haqqında” Qanun layihəsi hazırlanmışdır. Beynəlxalq təcrübənin təhlili əsasında hazırlanmış bu qanun layihəsi ödəniş xidmətlərini, bu xidmətlər üzrə hüquq və vəzifələri, ödəniş təşkilatları və elektron pul təşkilatlarının yaradılması və fəaliyyətlərinin iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Ölkədə innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi, mobil rabitə operatorlarının ödəniş xidmətləri bazarına cəlb olunması, habelə elektron pulun emissiyası və istifadəsinin institusional bazasının formalaşdırılması baxımından zəruri olan bu qanun layihəsinin hazırlanmasında beynəlxalq maliyyə qurumları ilə yanaşı, aidiyyəti hökumət qurumlarının rəy və təklifləri nəzərə alınmışdır. Qanun layihəsinin qəbul olunması hazırda ödəniş xidmətləri bazarında fəaliyyət göstərən ödəniş xidməti təchizatçılarının fəaliyyətinin daha effektiv formada tənzimlənməsini təmin edəcəkdir.
Hazırda aidiyyəti dövlət orqanlarının yekun rəy və təklifləri toplanılır. Yaxın vaxtlarda qanun layihəsi hökumətə təqdim olunacaqdır.
- Beynəlxalq təcrübədə nağdsız cəmiyyətin formalaşdırılması məqsədilə bir sıra stimullaşdırıcı və maarifləndirici təşəbbüslər həyata keçirilir. Son dövrlərdə Mərkəzi Bank bu sahədə müvafiq tədbirlərlə çıxış edib. Bu tədbirlərin nəticələrini necə qiymətləndirirsiniz?
- Mərkəzi Bank tərəfindən nağdsız hesablaşmaların inkişafı və elektron ödəniş xidmətlərinin istifadəsinin kütləviləşdirilməsi istiqamətində bankların fəaliyyətinin stimullaşdırılması, əhalinin və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə təşviq edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir.
2013-cü ildən etibarən banklar arasında maliyyə vasitəçiliyində innovasiyaların tətbiqinin genişləndirilməsi, elektron bankçılıq xidmətlərinin inkişaf etdirilməsi və nağdsız ödəniş alətlərindən istifadənin artırılması məqsədi ilə nominasiya müsabiqəsi keçirilərək illik əsasda qalib banklar seçilir.
Ödəniş sistemlərinin fəaliyyəti, nağdsız hesablaşmalar, ölkədə formalaşdırılmış kart infrastrukturu və bu sahədə həyata keçirilən son islahatlar haqqında ictimaiyyətin məlumatlandırılması məqsədi ilə bank nümayəndələri, jurnalistlər, universitet tələbələri və digər auditoriyalar üçün seminarlar təşkil olunur.
Eyni zamanda, beynəlxalq kart təşkilatları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bankların və xidmət mərkəzlərinin nümayəndələri üçün mütəmadi əsasda innovativ ödəniş texnologiyaları, ödəniş alətləri ilə əməliyyatların aparılması, elektron ödəniş xidmətləri üzrə fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri və digər mövzularda seminar və treninqlər keçirilir.
“Maliyyə Savadlılığı” layihəsi çərçivəsində son illər ərzində layihə tərəfdaşlarının dəstəyi və birgə iştirakı ilə müxtəlif yaş qruplarından olan insanlar, xüsusilə də məktəblilər, orta məktəb müəllimləri və tələbələrlə mütəmadi görüşlər və seminarlar keçirilir.
Keçirilmiş bu tədbirlər zamanı qeyd olunan hədəf qruplarına layihə çərçivəsində nəzərdə tutulan digər prioritet məsələlərlə yanaşı, həmçinin əsas bank məhsul və xidmətləri haqqında, yəni kommersiya banklarının təqdim etdikləri məhsul və xidmətlərlə tanışlıq, bu xidmətlərdən daha səmərəli istifadə yolları, depozitlər, ödəniş kartlarının növləri və onlardan istifadə qaydaları, pul köçürmələri ilə bağlı ətraflı məlumat verilir. Xüsusilə də ödəniş kartlarının mahiyyəti, qazandırdığı imkanlar, nağd ödənişlərlə müqayisədə nağdsız ödənişlərin daha təhlükəsiz və əlverişli olduğu konkret misallar əsasında izah edilmiş və bu yolla onların nağdsız ödənişlərdən istifadəsi təşviq edilir.
Həmçinin layihə çərçivəsində hazırlanmış “Maliyyə Savadlılğı Portalı”nda nağdsız ödənişlər mövzusu geniş işıqlandırılaraq, ödəniş sistemləri, ödəniş kartları və kart infrastrukturu haqqında məlumatlar, habelə bu sahədə izahedici animasiyalar yerləşdirilmişdir.
Ümumilikdə həyata keçirilən stimullaşdırıcı və maarifləndirici tədbirlər nağdsız cəmiyyətin formalaşdırılması istiqamətində ictimaiyyətdə nağdsız hesablaşma formaları, elektron ödəniş xidmətlərinin üstünlükləri, ödəniş alətləri və onlardan təhlükəsiz istifadə qaydaları haqqında zəruri biliklər formalaşdırmaqla əhalinin nağdsız hesablaşmalardan daha aktiv istifadəyə təşviq edilməsini təmin edir.
- Qarşıdan gələn dövrdə Mərkəzi Bank Milli Ödəniş Sisteminin inkişafı baxımından hansı təşəbbüslərlə çıxış etməyi planlaşdırır?
- Ölkədə yaradılmış ödəniş infrastrukturunun və nağdsız ödənişlərin inkişafı məqsədi ilə qarşıdan gələn dövrdə Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi yüksək ödəniş mədəniyyətinə malik cəmiyyətin formalaşdırılması, hesablaşmalarda nağdsız ödənişlər üzrə dövriyyənin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, elektron ödəniş xidmətlərinin institusional və hüquqi bazasının daha da gücləndirilməsidir.
Bu hədəflərə çatmaq istiqamətində məqsədyönlü fəaliyyət göstərilməsi və aidiyyəti qurumlarla birgə həyata keçiriləcək islahatların koordinasiya olunması məqsədi ilə Mərkəzi Bank tərəfindən “2015-2020-ci illərdə Azərbaycan Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Dövlət Proqramı” layihəsi hazırlanmışdır. Hazırda Dövlət Proqramı layihəsinin aidiyyəti qurumlarla yekun razılaşdırılması həyata keçirilir.
Dövlət Proqramı layihəsinin məqsədlərindən irəli gələn əsas vəzifələrinə Milli Ödəniş Sisteminin effektiv və təhlükəsiz fəaliyyətinin təmin edilməsi, əhali və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə cəlb edilməsi, elektron bankçılığın inkişafı, innovativ ödəniş alətlərinin, o cümlədən elektron pulun istifadə imkanlarının və bank xidmətlərində müasir texnologiyalardan istifadənin genişləndirilməsi, habelə bank xidmətlərinin iqtisadi səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi daxildir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?