Sentyabrın 4-də baş vermiş zəlzələ zamanı ziyan görmüş Şəkinin iki kəndində çadırlar quraşdırılır.
Bunu Trend-ə açıqlamasında Şəki Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Ziya Vəliyev deyib.
Onun sözlərinə görə, proses dünən axşamdan başlayıb. Z.Vəliyev qeyd edib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Şəki Şəhər Fövqəladə Hallar Komissiyasının nümayəndələri zəlzələdən ziyan görmüş evlərə baxış keçirir və çadırlar hələlik iki kəndin sakinlərinə verilib: "Zəlzələ zamanı ən çox rayonun Bollu Dərə və Qara Torpaq kəndlərində olan evlər ziyan görüb. Bollu Dərə kəndində 2, Qara Torpaq kəndində isə 13 çadır quraşdırılıb. Turan qəsəbəsində də zəlzələdən zərər görmüş evlər var. Bu qəsəbədə də çadırların quraşdırılması istisna olunmur. Zəlzələdən zərər görmüş sakinlərdən Komissiyaya müraciətlərin daxil olması davam edir. Fövqəladə Hallar Komissiyası müraciət olunan evlərə baxış keçirərək dəyən ziyanın ciddiliyini konkretləşdirdikdən sonra çadırların quraşdırılıb-quraşdırılmayacağını müəyyənləşdirir".
Şəki Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi zəlzələ zamanı xəsarət alan evlərin sayının çoxalacağını da istisna etməyib. O, bunu əhalidən müraciətlərin çox daxil olması ilə əlaqələndirib: "Araşdırmalarımız davam edir. Düşünürəm ki, ziyan dəymiş evlər çoxdur. Hələlik konkret rəqəm deyə bilmərəm. Çünki bu ancaq ərazilərə, kəndlərə baxış zamanı ortaya çıxır".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?