Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsi zamanı xəsarət alanların hamısına ilkin tibbi yardım göstərilib.
Bu barədə Şəki şəhər icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Həsən Həsənov bildirib.
O, qeyd edib ki, yaralılardan 4-ü helikopterlə Bakıya göndərilib. Hadisə zamanı ümumilikdə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Onlardan 13-ü ambulator müalicə alıb və evə buraxılıb. Yaralılardan 4-ü Bakıya göndərilib. Daha 2 nəfərin müalicəsi Şəki şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir", - deyə o bildirib.
İcra başçısının müavini əlavə edib ki, yaralıların həyatı üçün təhlükə yoxdur. "Ərazidə elə bir dağıntı olmayıb. Hazırda istintaq gedir. Bu səbəbdən təmizlik işləri aparılmayıb. Ərazi yəqin ki, sabah səhər təmizlənəcək".
Qeyd edək ki, hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlət başçısının xüsusi nəzarətindədir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?