Siyasi partiyalar parlament seçkisi ilə əlaqədar kütləvi aksiyalara hazırlaşır. Cebhe.info xəbər verir ki, seçkiyə qatılan siyasi təşkilatlar mitiqlərdə öz namizədlərinin təbliğat-təşviqat kampaniyası ilə məşğul olacaq. Seçkilərdən imtina edən müxalifət qüvvələri isə etiraz aksiyaları keçirməyə üstünlük verir. Yeni Azərbaycan Partiyası seçkiöncəsi qanunun icazə verdiyi bütün formalardan istifadə edəcək. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Cebhe.info-ya bildirib ki, təmsil etdiyi partiyadan hər dairə üzrə namizədi yerli təşkilatla məsləhətləşmə nəticəsində onun formatını özü müəyyən edəcək. “Biz hər seçici ilə təmasları, hər bir problemi müzakirə etməyi daha vacib hesab edirik. Xatırladım ki, yerli icra hakimiyyəti orqanları seçicilərlə görüş üçün xüsusi yerlər müəyyənləşdirir. Namizədlərimiz qeydə alındıqdan sonra biz həmin yerlərlə tanış olacağıq və qanunun verdiyi imkanlardan istifadə edərək, maksimum görüşlər keçirmək istəyirik. Bu zaman bölgələr üzrə şərait də nəzərə alınacaq”, deyə A.Mirzəzadə bildirib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə aksiyalara oktyabrın 9-dan sonra başlayacaqlarını deyib: “Müsavat Partiyasının namizədləri hazırda imzatoplama kampaniyası ilə məşğuldur. Bu mərhələ başa çatandan sonra biz təşviqat kampaniyasına start verəcəyik. Müsavat Partiyasının namizədlərinin qeydə alındığı bütün dairələr üzrə aktiyalarımız olacaq”. Milli Şuranın üzvü Ədalət Yusubov isə bildirib ki, etiraz aksiyaları keçirilməsi ilə bağlı qərar yaxın günlərdə qəbul ediləcək: “Biz çalışacağıq ki, seçkiyə qatılan partiyaların şəxsi mənafelərini ümumxalq mənafeyindən üstün tutmaq istədiklərini ifşa edək. Mən özüm də bütün gücümü bu yöndə səfərbər edəcəm. Hazırda həmin məslələr müzakirə edilir və çox güman ki, yaxın vaxtlarda Milli Şuranın sessiyası çağırılacaq və orada mitinqlərin keçirilməsi barədə qərar qəbul olunacaq. Ondan sonra aksiyaların konkret vaxtı bəlli olacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?