Moskvada 34 yaşlı “qanuni oğru” İlya Qaqloyev barədə çıxarılan məhkəmə hökmü qüvvəyə minib. Cebhe.info xəbər verir ki, kriminal aləmdə İlo Kalininqradski kimi tanınan “qanuni oğru” narkotik vasitələrin qanunsuz saxlanılmasında ittiham edilib. “Oğru” cəzasını ümumi rejimli islah-əmək düşərgəsində çəkməklə 6 il azadlıqdan məhrum olunub. Xatırladaq ki, İlya Qaqloyev bir il əvvəl “Sim-Sim” kafesində həmkarı Sergey Asatryanla görüşdə saxlanılmışdı. Hər iki "oğru"nun üzərinə baxış keçirilsə də, narkotik ancaq İlyanın üzərindən tapılmışdı. Bəzi məlumatlara görə, “qanuni oğru”larla bağlı son illərin praktikası budəfəki məhkəmədə pozulub. Belə ki, qanunsuz narkotik saxlanılmasına görə “oğru”lara verilən cəzalar bundan 2 dəfə az olub. Məsələn, Moskva Çertanovski məhkəməsi Tenqiz Korsaqiyanı eyni maddə ilə cəmi 3 il azadlıqdan məhrum edib. Korsaqiya barədə məhkəmə hökmü İlyanın məhkəməsindən cəmi 2 gün sonra çıxarılıb. Bu isə İlya Kalininqradskinin “cəzasını” xüsusi tapşırıqla müəyyən edildiyi barədə fikirlərə səbəb olub. Qeyd edək ki, İlya Qaqloyev Türkiyədə 70 “qanuni oğru”nun iştirak etdiyi “sxodka”da “taclandırılıb”. Onun “namizədliyini” irəli sürənlər Ded Xasan klanına yaxın dairələr olub. Bununla da Ded Xasan klanına qarşı düşmən münasibətlə zaman-zaman gündəmə gələn Rövşən Lənkəranski və bəzi gürcü “oğru”ların rəhbərlik etdiyi qruplaşmanın hədəfinə alınıb.
Sorğu
Yeni dizaynımız necədir?