“Siz həmin adamları kəsin (qeydiyyata almayın – Conflict.az), etiraz edənlərə isə mən cavab verəcəm. Mənə nə deyiblər onu da edirəm” Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkidə iştirak etmək üçün namizədliyini irəli sürmüş şəxslərin qeydiyyata alnması mərhələsi yerli icra hakimiyyəti başçılarının birbaşa müdaxiləsi ilə yekunlaşmaq üzrədir. Bu məsələdə xüsusi canfəşanlıq göstərən icra hakimiyyəti başçılarından biri də İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevdir. Hakimiyyət günəşi sönməkdə olan cənab Hacıyev seçki məsələsinin hakimiyyət üçün nə qədər önəmli oluğunu bildiyi üçün “bəlkə də” prinsipi ilə prosesə xüsusi olaraq, həm də birbaşa göstərişləri ilə diqqəti cəlb edir. Sentyabrın 30-da Prezident Admnistrasiyasına çağrılan Vilyam Hacıyev rayona qayıtdıqdan sonra namizədliyini irəli sürmüş müxalif düşüncəli şəxslərlə bağlı “profilaktik” tədbirlərə başlayıb. Hacıyevə yaxınlığı ilə seçilən ayrı-ayrı şəxslər vasitəsilə, real və potensial namizədlərə müxtəlif şirniklədirici təkliflər edilir. Bu tip təklifləri edən şəxs kimi ən çox adı hallanan isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri Saleh Səmədovdur. Conflict.az-a məlumat verən mənbə bildirir ki, sentyabrın 28-də axşam saatlarında namizədliyini elan etmiş şəxslərdən birinin evinə gedən S.Səmədov icra başçısının təklifini səsləndirdikdən sonra həmin şəxs tərəfindən qovulub. Məlumatda o da bildirilir ki, təkliflə razılaşmayanlar hüquq-mühafizə orqanlarının yerli şöbələri tərəfindən təxribata cəlb edilir. Beləliklə şəxs müxtəlif forma və vasitələrdən istifadə edilərək prosesdən uzaqlaşdırılır. Mənbə onu da qeyd etdi ki, Vilyam Hacıyev Prezident Admnistrasiyasından döndükdən sonra əvvəlki günlərə nisbətən daha cəsarətli görünür. Hətta aidiyyatı strukturlar rəhbərlərinin müxalif düşüncəli şəxslərin qeydiyyata alınmayacağı təqdirdə icra hakimiyyəti başçısının müxtəlif zorluqlarla üzləşəcəyi anonsuna, Vilyam Hacıyev: “Siz həmin adamları kəsin (qeydiyyata almayın – Conflict.az), etiraz edənlərə isə mən cavab verəcəm. Mənə nə deyiblər onu da edirəm” – deyə konkret cavab verir. Mənbə bildirir ki, V.Hacıyevin rayona döndükdən sonra cəsarətli görünməsi onun siyasi hakimiyyətin daha üst qatından tapşırıq alması ilə əlaqədardır. Lakin nə qədər qəribə olsa da əvvəlki görüşlərindən fərqli olaraq Hacıyev bu dəfə kiminlə görüşdüyü ilə bağlı hətta ən yaxın ətrafına belə məlumat vermir. İcra başçısı ötən gün günortadan sonra rayon prokuroru, polis rəisi və məhkəmə sədri ilə xidməti otağında qısamüddətli təcili müşavirə keçirib. Onlarala birlikdə rayon icra hakimiyyətinin binasından çıxan başçı, daha sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri Saleh Səmədovla görüşüb. Məlumatda o da qeyd olunur ki, S.Səmədovun siyasi savadsızlığından istifadə edən və çoxtərəfli oyunun peşəkarı olan V.Hacıyev hal-hazırda “Saleh Səmədov – Məmi Atakişiyev müharibəsi”ndə özünü Səmədov tərəfdarı kimi təqdim edir. Buna səbəb S.Səmədovun sahibkar-millət vəkili Əsabil Qasımov klanına yaxın olması, eyni zamanda hal-hazırkı situatsiyada V.Hacıyevin istəklərini qeyd şərtsiz yerinə yetirməsidir. Yazıda adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq. Mövzuya qayıdacağıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?