İstanbul haqqında ilk dəfə 1992-ci ildə eşitmişdim. Həmin dövr Azərbaycanda milli qüvvələr iqtidara gəlmişdi, ölkəmizdə müharibə gedir, torpaqlarımız işğal olunurdu. Hər kəs kimi məndə Azərbaycan-Ermənistan münaqişəsində Türkiyəyə daha çox güvənirdim. Xatırlayıram, o zaman milliyətcə rus olan qonşularımız ermənilərin Rusiyaya güvəndiyini deyəndə, bizdə Türkiyəyə güvəndiyimizi deməklə sanki xristian dünyası qarşısında aciz olmadığımızı sübut etmək istəyirdik. Axı nə qədər olmasa da, Bizans imperiyasının paytaxtı olan qədim Konstantinapolu Sultan Mehmet Fateh 1453-cü il, mayın 29-da ələ keçirmiş və dünyada bir türk millətinin olduğunu bu yolla qərb dünyasına duyarmışdı. Konstantinapol fəth olunandan düz 560 il sonra tanrı mənə bu qədim və möhtəşəm şəhəri görmək imkanı yaratdı. Əlbəttə ki, bir jurnalist kimi məni daha çox İstanbulla Bakının oxşar və fərqli cəhətləri maraqlandırırdı. Məndə fürsəti hədər verməyib elə hava limanından bu fərqləri aydınlaşdırmağa çalışdım...
İlk fərqlər...
İlk öncə Azərbaycanda ciddi narazılıqlardan biri Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanına avtobus marşurutlarının işləməməsidir. Ümumiyyətlə ekspertlərdə deyir ki, beynəlxalq statuslu hava limanına avtobus marşurutlarının işləməməsi çox gülməli, biabırçı və analoqu olmayan bir hadisədir. Ancaq biz bilirik ki, Azərbaycanda vəzifədə olan iri məmurlar daha çox zənginləşməyi, oturduqları kreslodan şəxsi mənfəət qazanmağı xalqa xidmətdən daha üstün tuturlar. Bu hava limanımızda da, özünü açıq göstərir. Məsələn, hava limanına cəmi bir avtobusun, özüdə 2 saatdan bir işləməsinə səbəbdə AZAL rəhbərliyinin daha çox pul qazanmaq istəyindən irəli gəlir. AZAL rəhbərliyi bu yolla çalışır ki, onların nəzarətində olan və hava limanına gəlib-gedən müştərilərə xidmət göstərən taksilər daha çox pul qazana bilsin. Çünki bu taksi sürücülərinin qazandığı pulları məmurlara çatır. Bakıda hava limanından şəhərin mərkəzinə gəlmək üçün taksiyə 25-30 manat ödəmək lazımdır. İstanbul hava limanının birinci mərtəbəsində isə 1 manat 40 qəpik ödəməklə metroya əyləşib şəhərin mərkəzinə doğru irəliləmək mümkündür. Daha bir fərq isə özünü Dövlət Sərhəd Xidmətinin pasport nəzarəti xidmətindən keçən zaman göstərir. Əgər bizim sərhədçilər zənnlə vətəndaşa baxaraq ondan gözlərini kameraya zilləməyi tələb edirsə və bu davranışla vətəndaşın üzərində nəzarətin olduğunu elə sərhəddəcə bildirirsə, İstanbul hava limanında pasport kontrolundan keçərkən belə halla rastlaşmaq qeyri mümkündür. Əksinə, burada normal şəkildə pasport kontrolundan keçib şəhərə daxil olmaq mümkündür. Bəndənizdə Mustafa Kamal Atatürk adına hava limanında pasport kontrolundan asanlıqla keçdim. Bu zaman sərhədçi xanımın mənə “siz digər sərhədçiyə yaxınlaşıb möhür vurdurmalısınız, çünki əcnəbi vətəndaşsınız” düzəlişinə, mənim “əcnəbi deyiləm, türkəm” cavabım sərgədçi xanımın xoşuna gəldi. Bir söz demədən pasportuma möhür vurub təşəkkürümü qəbul etdi. Bununla da, İstanbula daxil olmaq şansı əldə etmiş olduq.
İstanbulun qəribə iqliminin özəl səbəbləri
İstanbul özünü həmdə havasının təmiz olması, ekoloji probleminin olmadığını insana hiss etdirir. Bakıdan ən azı iki dəfə böyük olan, avtomobil və sakinlərinin sayına görə, paytaxtımızdan bir neçə dəfə çox olan İstanbulun havası çox təmiz və gözəldir. Gündə bir neçə dəfə yağışa düşmək burada adi haldır. Bunun səbəblərini araşdırdıqda məlum oldu ki, İstanbulun təmiz havasının olmasına bir səbəb də, dənizlərin üzərində yerləşməsi, habelə Avropa ilə Asiyanı birləşdirən nöqtə olmasındadır. Burada hər iki qitəyə xas olan hava durumu ilə qarşılaşmaq adi haldır. İstanbulda yağış yağsa da, küçələr bizdəki kimi bərbad vəziyyətə düşmür. Bakıda isə hər gün parklar və yaşıllıq məhv edilir, yerində isə yöndəmsiz göydələnlər icaldılır.
İnsan sərbəst, rahat və dövlətinə güvənli olmalıdır
İstanbul sakinləri ilə Bakı sakinləri arasında da, ciddi fərqlər açıq hiss olunur. Əgər Bakıda metro və ictimai nəqliyyatda insanların üzü gülmürsə, psixoloji depressiya yaşadığı açıq müşahidə edilirsə, İstanbulda insanlar şən və bir qədər də sərbəstdir. Bakıda ictimai nəqliyyatda bir nəfərin ayağını bilmədən tapdalayıb üzr istəyib söyüş qazanmaq təhlükəsi ilə üzləşməyin istisna edilmirsə, İstanbulda bu birmənalı istisna təşkil edir. Qardaş ölkənin ən iri ticarət və liman şəhərində insanların üzü daima gülür. Orada da insanlar maliyyə və sosial problemlərlə qarşılaşsalar da, sabaha ümidləri itməyib. Çünki seçdikləri iqtidarın onlara xidmət etməli olduğunu gözəl anlayırlar. İstanbulda nadir hallada ictimai nəqliyyatda cavan bir oğlanın ayağa duraraq yaşlı xanıma yer verməyinin şahidi olmaq olar. Ancaq burada yaşlı xanımlar da gənclərin onlara yer vermədiyindən şikayət etmirlər. Daha bir maraqlı cəhət metroda və ya tramvayın oturacağında əyləşən başı bağlı gənc xanımın yanında cavan bir kişinin oturmamasıdır. Bu bütün mənalarda təkzib edilir.
Avropa ilə Asiyanı birləşdirən şərq şəhəri
Türklərin daima fəxrlə yanaşdığı, yaşamaq istədiyi, ən ucqar dağ kəndində yaşayan insanının heç olmasa ömründə bir dəfə görmək istədiyi İstanbulda otel, mehmanxana, geyim və ərzaq məhsulları Bakı ilə müqayisədə ucuzdur. Türkiyənin daxili istehsalı və iqtisadiyyatının bəlkə də 40-50 faizi İstanbulun payına düşür. Daha çox şərq memarlıq üslubunun XV-XVİ əsrlərində dəbdə olan memarlıq abidələri ilə zəngin olan bu şəhərdə bir qədər pulu olan hər kəs qonaq ola bilər. Əgər Bakıda biznesmen nazirlərə bağlı olan otellərdə günü 40-50 manata qalmaq mümkün deyilsə, İstanbulda günü 20-30 manata rahatlıqla qalmaq mümkündür. Əgər bu qiymət səni qane etmirsə Qonaq Evinə gedərək orada daha ucuz qiymətə (10-14 manata)qalmaq imkanı əldə edə bilərsən. İstanbulda ictimai nəqliyyat Bakı ilə müqayisədə çox bahadır. Bu mənada Bakı Metropolitenin rəisi Tağı Əhmədovun qürrələnməyə haqqı var...İstanbulda metro, tramvay və avtobusda gediş haqqı 1 manat 40 qəpikdən ucuz deyil. Azərbaycan iqtidarı paytaxtımızda mövcud olan tramvay parklarını, yollarını lğv edib məhv etdikdən 15 il sonra onun yenidən bərpa edilməsi haqqında düşünür və bunun üçün 100 milyon manat ayırıb korrupsiyaya məruz qoymaq istəyir. İstanbulda isə tıxaca düşməmək üçün ən yaxşı nəqliyyat vasitəsi metro və tramvay hesab olunur. Tramvay qədim şəhərə xüsusi gözəllik verir və qədim binalarla hormoniya təşkil edir. Həmdə YAP hökumətinin analoqu olmayan siyasətindən fərqli olaraq onun müttəfiqi olan AKP iqtidarı sözün əsl mənasında İstanbuldakı tarixi binaların üzünü qaşımır və şəhərin gözəlliyini pozmaq haqqında əsla düşünmür.
Bakıda restoran vəşadlıq evlərinin sayı qədər məscidləri var
İstanbulda məscidlərin sayı Bakıda olan şadlıq evlərinin sayından çoxdur. Həmdə İstanbul məscidləri həm bizim məscidlərimizən, həm də şadlıq evlərimizdən dəfələrlə gözəl və yaraşıqlıdır. İstanbulda məscidlərin çox olmasının bir neçə səbəbi var. Əvvəla, bu qədim şəhər xilafətin paytaxtı olub. Ərəf xilafəti dağıldıqdan sonra faktiki olaraq onu Osmanlı imperiyası əvəzləyib. İmperiya dövründə isə məscidlər daha çox məktəblər kimi istifadə edilib. Məhz bu səbəbdən də İstanbulda minlərlə məscid var. Məscidlərə isə hər kəs gedə bilər. Məndə bu imkandan yararlanaraq Yeni Cami, Sultanəhməd, Bəyazid camisi və daha bir neçə məscidə baş çəkdim. Əlbəttə ki, bu məscidlər hər şeydən öncə bir mədəniyyət və tarixdir. Məsciddən istifadənin qaydalarına gəldikdə müşahidələr göstərdi ki, bu məsələdə də fərqlilik var. Məsələn, Bakıdakı məscidlərin həyətində dilənçilər dolanırsa, məscidin içərisində nəzir qutuları qoyulursa, bu hala İstanbul məscidlərində rast gəlmək mümkün deyil. Sultanəhməd məscidinə gün ərzində 10 minlərlə turist daxil olsa da, burada bir dilənçiyə rast gəlmədik. Hətta XVI əsr memarlıq üslubunun şah əsəri olan Yeni caminin girişində vurulan “Ticarətçilərin və Dilənçilərin girişi yasaqdır” löhvəsi məndə çox xoş təəssürat yaratdı. Bizim məscidlərin əksəriyyətində isə nəzir qutuları mövcuddur və bu mədəni dilənməyin bir formasıdır. İstanbulda ən məşhur məscid Sultan Mehmet Fateh İstanbulu fəth etdikdən sonra tikdirdiyi kiçik bir məsciddir. Bu məscid çox kiçik olsa da, İstanbulda ən əhəmiyyətli məscid hesab olunur. Məsciddən bir qədər aralıda isə kilisələr var. Məscid Sultan Mehmet Fatehin İstanbulu fəth etdiyi, qədim Konstantinapolun qala divarlarını aşaraq şəhərə girdiyi ərazidə inşaa edilib və türklərin bu şəhərdə ilk inşa edilən məscidi hesab olunur.
Ən qorxulu məsələ-taksilər
İstanbulda əcnəbiləri ən çox aldadan xidmət taksilərdir. Buada dizel yanacağının və benzinin qiyməti 3 ABŞ dollarına yaxındır. Amma taksi xidməti Bakı ilə müqayisədə bir qədər bahadır. Bu şəhərdə taksiyə əyləşib istənilən yerə getmək mümkündür, amma bu zaman taksi sürücüsü kilometrajı yandıraraq bu iri şəhərdə 5 dəqiqəlik yolu səni 30 dəqiqəyə apara və daha çox pul istəyə bilər. İstanbulda zənginindən tutmuş az təminatlı ailəyə qədər hər kəs ekonomiya məsələsinə ciddi yanaşır. Bir qədər irəliyə gedib demək olar ki, yerli sakinlər çox pul xərcləmyi sevmirlər. Hətta avtomobillərin əksəriyyəti Avropadan Asiyaya geçmək üçün asma körpüdən deyil, az miqdarda pul ödəyərək böyük gəmilərdən istifadə edib dənizim o biri sahilinə keçirlər. Bu zaman onların gəmiyə ödədiyi pul, şose yolla evlərinə getmək üçün istifadə etdikləri dizel yanacağından daha ucuz başa gəlir. İstanbulun bir neçə böyük bazarı var. Daha böyüyü Qapalı Çarşı adlanan bazardır. Burada nə istəsən tapmaq mümkündür. Ancaq bazarda istənilən qədər cibgirə də rast gəlmək mümkündür. Bu səbəbdən də, bazarda son dərəcə ehtiyatlı tərpənmək tələb olunur. Bakıda 60-80 manata satılan istənilən türk malını burada 20-30 manata almaq olar. Zeytunburun adlanan ərazidə isə əsasən dəri məmulatları satırlar. Orada da qiymətlər Bakı ilə müqayisədə 100 % ucuzdur. Meletiya adlanan ərazidəki bazarda da, ancaq topdan satış qiymətlərlə bir maldan bütün ölçüləri almaq mümkündür. Türkiyədən ölkəmizə mal gətirən alverçilərə daha çox burada və Laləli adlanan bazarda rast gəlmək mümkündür. Qiymətlər arasındakı fərqləri isə alverçilər gömrükdə soyulmaları, bazarda mağazalarını baha qiymətə icarəyə götürmələri, vergilər məsələsində incidikldikləri ilə izah edirlər. Taksim meydanı adlanan ərazidə isə daha çox bahalı mağazalar yerləşir və bura İstanbulun mərkəzi hesab olunur. Taksimdən bir neçə istiqamətə nəhəng küçələr başlayır. İstanbulda ticarətin getmədiyi bir küçəyə rast gəlmək mümkün deyil. Nəhayət bu iki türk şəhərinin fərqini həmdə AZAL və Türk Hava Yollarının insanlara xidmətində müşahidə etmək mümkündür. Bakı hava limanından təyyarədən düşən 180-dan çox sərnişini bir avtobusa doldurub hava limanının çıxış zalına gətirsələr də, İstanbul hava limanında bunun üün iki avtobus ayırırlar. Bakıda pasport qeydiyyatından keçmək məsələsində də, problemlə rastlaşmaq adi haldır. Təxminən 16 posport qeydiyyatı məntəqəsinin 9-u insanlara xidmət göstərmirdi. Pasport kontrolundan keçdikdən sonra taksi sürücülərimizin qır-saqqız olub insandan aralanmaması isə adamı bir qədər də əsəbləşdirir. Ancaq taksi sürücüləri ilə uzlaşmaqdan savayı başqa seçimdə yoxdur. Çünki Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanına ictimai nəqliyyat işləmir...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?