Bu gün parlament tribunasından ünvanına ittihamlar gələn Azərbaycan Dövlət Teleradio şirkətinin rəhbərliyi ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Bilgili qaynaqlardan ötürülən xəbərlərdən aydın olur ki, yaxın günlərdə AzTV rəhbəri postunda da dəyişiklik olacaq. Xatırladaq ki, bir neçə gün əvvəl AzTV də daxil olmaqla bir neçə telekanala Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı materialların verilməsində məhdudiyyətin qoyulması ilə bağlı təlimatın verildiyi barədə məlumat yaymışdıq. Məlumatlı mənbə bildirib ki, amma məsələ bununla da bitməyib və AzTV-nin rəhbəri Arif Alışanovun məhz Ramiz Mehdiyevin adamı olması faktı mühüm rol oynayıb. Mənbənin söylədikləri: «Arif Alışanov birbaşa olaraq PA şefi tərəfindən dəstəklənir. Doğrudur, zamanında o, hakimiyyətiçi kürd qruplaşmasının nümayəndəsi kimi təqdim olundu. Doğrudur, sonradan bu məsələyə Arif Alışanovun özü də reaksiya verdi və mətbuata verdiyi müsahibəsində «tərtəmiz türkəm» açıqlamısını verməklə kürd qruplaşmasına aid olmadığını ifadə etmişdi». Mənbəmiz qeyd edib ki, indi isə Arif Alışanovun görəvdən alınma dönəmi yetişib. Bildirək ki, hələlik onun yerinə kimin təyin ediləcəyi bildirilməsə də, həmin posta namizədlər arasında gənc bir namizədin də adı var və bu barədə dəqiqləşdirmələr apardıqdan sonra diqqətinizə əlavə bilgiləri çatdıracağıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?