Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə bağlı tədbir keçirilib.
Xezerxeber.com-un məlumatına görə, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə keçən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və komitənin bölgələrdəki nümayəndələri, QMİ Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, İdarənin yerlərdəki səlahiyyətli nümayəndələri, Bakı İslam Universitetinin müəllim-tələbə heyəti, iştirak ediblər.
Allahşükür Paşazadə tədbirin əvvəlində İdarənin sədr müavini, Bakı İslam Universitetinin rektoru, Heydər məscidinin sədri Hacı Sabir Həsənlini anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik edib, ona qiymətli hədiyyə verib.
Sonra Şeyxülislam QMİ-nin Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırladığı yeni 1437-ci hicri ilinin təqvimini təqdim edib. O bildirib ki, Azərbaycanda əhalinin 30 faizə qədəri sünni, 60 faizdən çoxu şiədir. Bu faiz nisbətinə baxmayaraq, təqvim hər iki təriqətin nümayəndələrinin birgə məsləhəti ilə yerli coğrafiyaya uyğun hazırlanıb.
Onun sözlərinə görə, bu təqvim elmlə dinin vəhdətdə insanlarımıza xidmətinin nümunəsi olmaqla yanaşı, milli vəhdətimizə xidmət edən olduqca vacib məsələdir: "Ölkəmizin ərazisində elmi şəkildə əsaslandırılmış, yerləşdiyimiz coğrafi məkana uyğun şəkildə, hər bir bölgəmizi nəzərə almaqla azan, namaz, dini bayramların vaxtlarının müəyyən edilərək dindarlara çatdırılması dini mərkəz kimi bizim üçün olduqca əhəmiyyətli məsələdir. Ölkə ərazisində azanın eyni vaxtda verilməsi milli-mənəvi birliyimizi, daxili vəhdətimizi təmin etmək baxımından zəruridir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?