Xalq artisti Aygün Kazımova ölkədən çıxmasına qoyulmuş qadağaya görə Apellyasiya Məhkəməsinə müraciət edib. Daha sonra isə gecə saatlarında ölkəni tələsik tərk edib.
Bu barədə açıqlama verən xalq artistinin yaxınlarının dediyinə görə Aygün Kazımova İstanbula, öz evinə gedib. Onun Türkiyədə nə qədər qalacağı isə məlum deyil. Qeyd edək ki, xalq artisti ölkəni tərk edərkən sosial şəbəkədə təyyarədən olan fotosunu paylaşaraq bu sözləri yazıb: “Mən uçdum, siz salamat qalın. Yolumuz İstanbula. Bəziləri deyəsən 30 il Azərbaycandan çıxa bilməyəcəyimi deyirdi, 30 il heç 3 gün olmadı”.
Qarşı tərəf, Natəvan Həbibinin isə həmkarına olan cavabı gecikməyib. Müğənni sosial şəbəkədə xalq artistinin ölkədən tələsik çıxmasına münasibət bildirib: “Eşitdim ki, hələ ki qanunun qüvvəyə minməməsindən istifadə edərək ölkədən tez-bazar uçan var. Unutmaq lazım deyil ki, hər gedişin bir dönüşü var. Bu, heç kimdə fikir çaşqınlığı yaratmasın. Çünki nə qanun dəyişər, nə də sizin Natəvan. İstəyirsən Afrikaya get, istəyirsən Marsa. Yenə də hər bir Azərbaycan vətəndaşı Azərbaycan qanunlarına tabe olmalıdır”.
Natəvan Həbibinin vəkili Fərid Həsənov isə olayla bağlı bildirib ki, Aygün Kazımova məhkəmə qətnaməsinin icrasını yubatmaq üçün ölkədən çıxmasına qoyulan qadağanın ləğv olunması üçün Apellyasiya Məhkəməsinə şikayət ərizəsi verib.
Xatırladaq ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir etməkdə, işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edərək məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, Aygün Kazımova Natəvan Həbibinin milliyyətcə erməni olduğu barədə yaydığı yalan məlumat və işlətdiyi təhqiramiz ifadələrə görə ondan üzr istəməlidir. Əks halda ölkəni tərk edə bilməz. (musavat)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?