Qazaxıstanda MDB və Avrasiya İttifaqı dövlət başçılarının növbəti sammiti keçirildi. Əsasən prezidentlərdən ibarət olan yığıncaqda BMT-nin yaranmasının 70 illiyi, beynəlxalq terrorizmlə mübarizə, MDB-nin növbəti sammitinin keçiriləcəyi yer və sədrliyin Qırğızıstana keçməsi məsələləri müzakirə edildi. Bundan başqa geniş tərkibdə keçirilən iclasda Çernobıl hadisəsinin 30 illiyi, MDB-nin ümumi sərhədlərinin qorunmasının gücləndirilməsi, o cümlədən Suriya məsələsi əsas istiqamət kimi müzakirə mövzusu oldu.
Azərbaycanla bağlı, daha doğrusu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gündəlikdə məsələ qoyulmasa da, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında qaldırdığı məsələlər öz aktuallığı ilə yadda qaldı.
Məlumdur ki, MDB çərçivəsində humanitar məsələlərdə bir sıra layihələr həyata keçirilir, o cümlədən dövlətlər arasında vizasız gediş-gəliş, ümumi məkanda təhsil məsələləri kimi ortaq layihələr də var. Lakin bizim üçün prioritet məsələ olan ərazi bütövlüyü və erməni təcavüzü, beynəlxalq terrorizmlə mübarizə cənab İlham Əliyevin çıxışının əsas mövzusu oldu. Prezidentin çıxışında əsas məqam ondan ibarət idi ki, əgər doğrudan da MDB bir qurum kimi qalmaq istəyirsə, bir çox sahələrdə birgə səylər göstərməli və mühüm addımlar atmalıdır. Prezident eyni zamanda əminliklə qeyd etdi ki, "Azərbaycan beynəlxalq terrorizmlə mübarizə üçün bundan sonra da bütün səylərini əsirgəməyəcək".
Prezident İlham Əliyev öz çıxışında vurğuladı: "Biz, həmçinin bütün MDB ölkələrini irəli sürdüyümüz təşəbbüslərə, o cümlədən Birliyin üzvü olan bəzi ölkələrlə müştərək təşəbbüslərə qoşulmağa dəvət edirik. Bu ilin avqust ayında Qazaxıstandan keçməklə Çindən Azərbaycana gələn ilk konteyner qatarı qəbul edilib. Bu, Şərq-Qərb dəhlizinin yeni cizgilər kəsb etməyə başladığını göstərən yaxşı əlamətdir. Bu dəhlizin böyük geosiyasi əhəmiyyəti var və o, əlbəttə, həmin yol üzərində, habelə bu nəqliyyat marşrutunun yaxınlığında yerləşən ölkələrin daha sıx inteqrasiyasına imkan verəcək".
Bu dəhlizin Şərq və Qərb arasında mühüm rol oynadığı məlumdur ,eyni zamanda onun normal fəaliyyəti üçün təhlükəsizliyini də təmin etmək ən vacib məsələlərdən biridir. Təbii ki, Azərbaycan "Şimal-Cənub" dəhlizinin layihəsi üzərində də iş aparır. Bu magistral isə Prezidentin də bildirdiyi kimi "Çinin, Hindistanın, İranın, Azərbaycanın, Rusiyanın və Avropanın nəhəng bazarlarını birləşdirən ən rahat və ən qısa yoldur".
Bütün bu layihələrin yerinə yetirilməsində isə ən başlıca amil təhlükəsizlik və bununla yanaşı ən böyük təhdidlərdən biri olan terrorizmə qarşı mübarizədir. Cənab Prezident İlham Əliyev bu hazırki vəziyyəti düzgün qiymətləndirərək öz çıxışında qeyd etdi ki, "bugünkü mərhələdə beynəlxalq terrorizmə qarşı mübarizə bütün ölkələr üçün prioritet olmalıdır və biz yalnız səylərimizi birləşdirməklə qarşıya qoyulmuş məqsədlərə çata bilərik."
Bu, terrorizmi özlərinə bir sənət seçmiş ermənilərə də aiddir. Prezident mühüm bir məsələyə eyham vurmaqla ermənilərin bu əməllərindən çəkilməsi yollarını da göstərdi. Təbii ki, bu gün ermənilərin iqtisadi və siyasi tənəzzülə uğraması göz qabağındadır.Terrorizm daha çox belə mühitdə özünü qabarıq şəkildə biruzə verir. Məhz buna görə də Prezident İlham Əliyev dəqiq qeyd etdi ki, bunun "daxili səbəbi isə yoxsulluq, savadsızlıq, gerilik, radikalizm, fundamentalizm, sosial ədalətsizlikdir. Əgər bu və ya digər ölkədə bu obyektiv səbəblər yoxdursa, orada xaricdən göstərilən bütün səylərə baxmayaraq terrorizmin yetişməsi üçün zəmin yaratmaq çox çətin olacaq". Təbii ki, sammitdə iştirak edən dövlət başçıları, o cümlədən Sarkisyan söhbətin kimdən və nədən getdiyini başa düşməmiş deyil.
Cənab İlham Əliyev bütün bu problemlərin həllinin insanların rifahı naminə vacibliyini qeyd etdi və bunu bir daha iştirakçılara çatdırdı. Yəni Prezidentin də bildirdiyi kimi: "Terrorizmə qarşı mübarizə məsələlərinin həlli üzərində səylərin birləşdirilməsi - bütün bunlar bu gün ölkələrimizin əsas gündəliyini təşkil edir. Biz region ölkələri ilə sülh və həmrəylik şəraitində yaşamaq, inkişaf etmək, uşaqların savadlı, təhsilli, sağlam böyüməsini istəyirik. Bunun üçün bizə təhlükəsizlik lazımdır. Buna görə də Azərbaycan öz tərəfindən beynəlxalq terrorizmlə mübarizə üçün bundan sonra da bütün səylərini əsirgəməyəcək".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?