Bakıda sevdiyi qızla birlikdə transformatorda tok vuran Fəqan Fərzəliyevin vəziyyəti ağır olaraq qalır.
Bu barədə AzVision.az-ın 1 saylı Kliniki Tibbi Mərkəzdə olan əməkdaşı məlumat verib.
Əməkdaşımızın bildirdiyinə görə, Fəqan Fərzəliyev ağır yanıq xəsarətləri ilə ötən gün xəstəxanaya daxil olub, hazırda o reanimasiya şöbəsindədir.
Həkimlərin verdiyi məlumata görə, F.Fərzəliyevin sağ qolu amputasiya edilib. Hazırda ona qan köçürülür.
`Xəstəxanaya daxil olan zaman Fəqan Fərzəliyev ağır durumda idi. O çox ciddi yanıq xəsarətləri alıb. Əsasən kürək və boyun hissələri yanıb. Kürəyinin dəri qatı tamamilə yandığı üçün xəstəxanaya gətirilərkən qabırğaları görünürdü. Böyrəklərində də ciddi problem var. Biz hazırda əlimizdən gələni edirik`,-deyə xəstəxanadan bildirilib.
Hadisə zamanı oğlanla birlikdə olan 18 yaşlı qız baş nahiyəsindən ağır yanıq xəsarətləri alıb. Onu dərhal Respublika Yanıq Mərkəzinə aparıblar. Hələlik həmin qızın kimliyi açıqlanmır.
Hadisənin təfərrüatlarına gəlincə isə ilk olaraq qızı tok vurub. Bundan sonra sevdiyi qızı xilas etmək istəyən F.Fərzəliyev qıza toxunan zaman cərəyan ona keçib. Məhz bundan sonra oğlan ağır xəsarətlər alıb.
Yaxınlarının bildirdiyinə görə, gənclər orta məktəbdən bir-birilərini sevirlər. Oğlanın atası dünyasını dəyişib. Anası isə qan xəstəliyi daşıyıcısı olduğundan ona hadisə ilə bağlı məlumat verilməyib.
Hazırda xəstəxanın ərazisində hər iki gəncin qohumları toplaşıb. Maddi vəziyyəti yaxşı olmayan Fəqana yardım edirlər. Yaxınları imkanlı şəxslərdən onlara kömək etmələrini xahiş ediblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?