Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı son çıxışını, sahibkarlarla bağlı verdiyi tapşırıqları tamamilə dəstəkləyirəm. Ümid edirəm ki, məmurlar bu tapşırıqları yerinə yetirəcək, ölkədə sahibkarlığın inkişafına mane yox, dəstək olacaqlar. Xüsusən də neft gəlirlərinin azalması fonunda bu məsələ daha da aktuallaşıb.
Bunu Milli.Az-a açıqlamasında Zaur Hüseynov adlı sahibkar bildirib.
Z.Hüseynovun sözlərinə görə, o, fərdi sahibkardır və 10 ilə yaxındır ki, reklam və poliqrafiya sahəsində fəaliyyət göstərir. Lakin ofis tutmaq baha başa gəldiyindən səyyar şəkildə işləmək məcburiyyətindədir.
Prezidentin dediklərini tam dəstəklədiyini deyən sahibkarın fikrincə, kənar müdaxilələr olmasa, iş qurmaq asan olar.
Bununla əlaqədar Z.Hüseynov başına gələn hadisəni belə izah edib: "Bir dəfə vergi auditi ilə baş verən hadisə nəticəsində müfəttiş məni aldadıb özümə ziyan olan izahat yazdırdı. Müfəttiş mənə diktə edib yazdırdı, mən də inandım. Dərhal da sənədi əlimdən alıb imzaladı və mənə cərimə yazıldığını dedi. Buna görə məhkəməyə müraciət etdim. Amma nəticəsi olmadı. Cəriməni ödədim. Üstündən artıq 5 il keçməsinə baxmayaraq, 3 ay bundan əvvəl məhkəmədən məktub gəldi. Məlum oldu ki, həmin cəriməni yenidən ödəməliyəm. Özü də əlimdə qəbzlər olmasına baxmayaraq. Bunun əsasında məhkəmə icraçıları məni bölməyə aparıb hədə-qorxu gəldilər. Dedilər ki, pulu verməsən, buraxmayacağıq. Yalnız müəyyən adamların vasitəsilə xahiş etdikdən sonra buraxdılar. Səhəri gedib qəbzləri apardıq ki, bəs pulu ödəmişik. Dedilər, nə olsun ki? 30 sutka yatıb çıxardın da".
Buna görə hazırda Vergilər Nazirliyini məhkəməyə verdiyini deyən sahibklar hazırda nəticəni gözlədiyini bildirib: "Məsələyə 3 ay idi ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi baxırdı. 3 aydan sonra məlum oldu ki, işə 2 saylı məhkəmədə baxılmalıdır. Özləri belə edirlər ki, bezib pul ödəyək. Ümid edirəm ki, prezidentin tapşırığı bu kimi halların ədalətli həll olunmasına gətirib çıxaracaq".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?