“Demokratiya üçün Avrointaeqrasiyaya Dəstək” İctimai Birliyinin sədr müavini, sahibkar Fərhad Həsənov “Gündəm Xəbər”ə sahibkarlığın inkişafına mane olan korrupsiyanın fəsadlarından danışdı.
- Fərhad bəy, Azərbaycanda sahibkarlığın inkişafına mane olan əsas səbəbləri nədə görürsünüz?
- Azərbaycanda təkcə sahibkarlığın yox, bütün sahələrdə inkişafı ləngidən əsas amil korrupsiyadır. Çünki, korrupsiya elə bir bəladır ki, cəmiyyətdə süni şəkildə insanlar arasında fərqlilik yaradır. Bir insanın səlahiyyəti çatmadığı halda ona imtiyazlar verilir. Çünki, o şəxs o imtiyazı rüşvət yoluyla əldə edir. Sahibkarlıqla bağlı isə deyə bilərəm ki, bizim ölkədə sahibkarlığa başlayandan korrupsiya aparatından əzilib keçməlisən. Çünki, fəaliyyət göstərəcəyin sahəyə uyğun olaraq istehlak edilən mallar, gömrükdən keçid, inzibati məsələlərin həlli və s. hamısı üçün rüşvət verməlisən. Yoxsa bürokratik əngəllər sənin qarşını kəsəcək və qurub-yaratmaq istədiyin ideyalar elə ideya olaraq qalacaq. Eyni zamanda sahibkar korrupsiya burulğanında əlavə xərclər itirdiyindən o, öz biznesini inkişaf etdirə bilmir və istehlakçıya da normal xidmət göstərməyərək fərqli yollara əl atır. Ya da istehsalda keyfiyyətə o qədər də diqqət yetirmir.
- Sizcə qeyd etdiyiniz problemləri hökumət strukturları yaradır?
- Bütün bunlarla yanaşı Azərbaycanda sahibkarlığın inkişafına mane olan əsas məsələ odur ki, sahibkar onun qurduğu işin gələcəkdə əlindən alınacağından çəkinir. Buna dair Azərbaycanda çoxlu nümunələr var. Çünki, biznes sahəsində yaradılan imkanlar əldə edildikdən sonra hansısa yüksək çinli məmur bu biznesə əl qoyur və ən yaxşı halda biznesmen müəyyən vəsait alaraq işdən əl götürməlidir. Ya da, Azərbaycan reallığında o adamı yaxşı heç nə gözləmir. Ən vacib məsələlərdən biri də odur ki, Azərbaycanda kölgə iqtisadiyyatı üzrə dünyada birinci yerdədir. Yəni əsas biznes sahələrinə məmurlar və vəzifə sahibləri nəzarət edir. Bu, həm də onunla bağlıdır ki, Azərbaycanda istehsal sisteminin formalaşması ləngiyir və demək olar ki, bu məmurlar vəzifədə olduqca istehsal mühiti yaranmayacaq. Biz bu günkü texnoloji mühitin imkan verdiyi bir dövrdə sadə bir şeyləri belə istehsal edə bilmirik. Bu halda isə nə sahibkarlığın inkişafından, nə istehsal edilən məhsullardan, nə işsizliyin azalmasından, nə də sosial-iqtisadi inkişafdan danışa bilərik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?