Emin Eminbəyli: “O qədər erməni meyitlərini, kəsilmiş başları çəkmişəm ki” Bir neçə gündür mətbuatda məşhur erməni terrorçusu Monte Melkonyanın kim tərəfindən öldürülməsi ilə bağlı mübahisəli mövqelər sərgilənir. İstefada olan general-leytenant Talıb Məmmədov Melkonyanın keçmiş döyüşçü İbad Hüseynov tərəfindən öldürülmədiyini iddia edib və bildirib ki, Melkonyanı 1993-cü il iyunun 12-də Mərzili kəndi uğrunda gedən döyüşlərdə 708-ci briqadanın ikinci motoatıcı batalyonunun döyüşçüləri məhv edib. Bundan sonra İbad Hüseynovun tərəfdarları bəyanatla çıxış edərək T.Məmmədovun fikirlərini təkzib edib. Tərtər Özünümüdafiə Batalyonunun komandiri Sərdar Həmidov isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Melkonyan nə Talıb Məmmədov, nə də İbad Hüseynov tərəfindən öldürülməyib: “Ağdamla Tərtər yaxınlığında Umudlu, Nəmirli və Şotlanlı arasında bərk döyüşlər getdi. Melkonyan həmin ərazidə gedən döyüşlər zamanı qətlə yetirilib. Həmin döyüşlər gedən günlərdə mənim sürücüm olmuş İlham (o da döyüşlərdə iştirak edirdi) mənimlə rabitə əlaqəsi yaratdı və dedi ki, ağır döyüşlərdən sonra ərazidə iki erməni döyüşçüsünün meyiti qalıb, bir dənə də yaralı var. Gəlib meyitlərə baxdım, biri saqqallı döyüşçü idi, o biri isə xarici ölkə vətəndaşına oxşayırdı. Bu hadisənin şahidlərindən biri də məşhur jurnalist Emin Eminbəylidir. O, meyitləri videoya çəkirdi. Mən bir ayağımı saqqallı meyitin boğazına, bir ayağımı da o biri meyitin boğazına qoydum, belə halda foto və videoçəkilişlər oldu... Yəqin ki, Emin bəy həmin videonu saxlayar, çünki bu bir tarixdir. Elə həmin gün rus kanallarında, erməni televiziyalarında Melkonyanın öldürüldüyü haqda məlumat getmişdi. Amma mən yenə düşünmürdüm ki, icra hakimiyyətinin qarşısındakı meyitlərdən biri o ola bilər. İndi Melkonyanın kim tərəfindən öldürülməsi ilə bağlı bir dava düşüb. Melkonyanın meyitini məhz mən dediyim şəkildə sürücüm olmuş İlham döyüşlərdən sonra Ağdamla Tərtər arasından tapıb gətirib. Onun konkret kimin gülləsindən öldüyünü kimsə deyə bilməz, bu məsələ üzərində mübahisə qurmağın mənası da yoxdur”. S.Həmidov jurnalist Emin Eminbəylini Melkonyanın ölümünü görmüş və videoya çəkmiş şəxs kimi təqdim edir. Onun sözlərinə görə, Ağdamın işğalından sonra yaxın ərazilərdə gedən döyüşlərdə E.Eminbəyli çəkilişlər aparıb. Emin Eminbəyli isə məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, S.Həmidovun dediyi yerlərdə gedən döyüşlərdə olub: “Məndə minlərlə meyitin kadrı var, nə bilim Melkonyan onlardan hansıdır. Umudlu, Nəmirli və Şotlanlı arasında gedən döyüşlərdə iştirak etmişəm. Mən həm döyüşlərdə iştirak etmişəm, həm də çəkiliş aparmışam. Sərdar Həmidovun dediyi kimi, o qədər meyitləri, kəsilmiş başları çəkmişəm ki. Ancaq həmin meyitlərdən hansının Melkonyana aid olduğunu bilmirəm. Həmin döyüşlərdə kimin olub-olmadığını, kimin öldürüldüyünü deyə bilmərəm. Həmin ərazilərdə döyüşlərdə olmuşam. Sərdar Həmidov da bütün döyüşlərdə demək olar ki, ön cəbhədə olub. Döyüşdə hər tərəfdən minlərlə insan iştirak edir. İndi kimlərsə nədənsə istifadə edib özlərini qəhrəman edirlər. Ancaq müharibədə heç kəs heç kəsi fərdi qaydada öldürmür. Heç bir əsgər desə ki, kimisə öldürüb, bu, doğru deyil, inanmayın. Üz-üzə, qabaq-qabağa döyüşlər 15-ci əsrdə idi. Oxudum bu yazıları, sadəcə, gülməyim gəldi. Qəhrəmanlıq edən bunu car çəkməz. Bunlar sadəcə dırnaqarası qəhrəmandır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?