Qanları tökülənlərin xidmətlərini necə mənimsəmək olar?
Milli Ordunun 708-ci briqadasının keçmiş döyüşcülərinin böyük bir qrupu Azərbaycan ictimaiyyətinə müraciət edib. "gundemxeber.az" xəbər verir ki, ANS PRESS-ə daxil olan müraciətdə deyilir: "Biz, bir qrup Qarabağ müharibəsi veteranı bəzi şəxslərin fırıldaq və yalan yolu ilə özünü qəhrəman elan etmək və bu məqsədlə ictimaiyyəti çaşdırmaq və aldatmaq cəhdlərindən çox narahatıq. Bu cəhdlərin müəllifləri döyüşçü İbad Hüseynovu Milli Qəhrəman adlandıraraq aidiyyatı olmadığı terrorçu Monte Melkonyanın məhv edilməsinin müəllifi kimi təqdim edirlər. Bu məsələ ilə baglı Milli Ordunun 708-ci briqadasının keçmiş döyüşçüləri, keçmiş Silahlı Qüvvələrin Hərbi Kəşfiyyat İdarəsinin rəisi dəfələrlə bəyanat verərək bu iddialari ifşa ediblər. Qaradağlı kəndi ilə bağlı yaydıqları yalan məlumatlara da Qaradağlı camaatı etirazını dəfələrlə bildirib. Kəndin şərəfi döyüş yolunu, tarixini heç zaman saxtalaşdırmağa icazə verməyəcəklərini söyləyiblər. Son zamanlar bəzi veteranlar adından yenə də İbad Hüseynovu Milli Qəhrəman elan edərək aidiyyatı olmadığı məsələyə görə yəni, Melkonyanın öldürülməsinə görə təltif olunmasını ortalığa atırlar. Belə bir təklif “Azərbaycan Müharibə Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev tərəfindən son günlərdə səsləndirilib. Güya bu təşəbbüsün 64 min veteranın adından irəli sürüldüyünü bildirib. Tam məsuliyyətlə bəyan edirik ki, müharibə veteranları olaraq bu şəxsə adımızdan danışmaq səlahiyyəti verməmişik. Onun dedikləri həqiqətə uyğun deyil və İbad Hüseynovun Monte Melkonyanın məhv edilməsinə heç bir aidiyyatı yoxdur! Füzuli Rzaquliyevin mətbuata verdiyi bəyanatdan məlum olur ki, İbad Hüseynov xahiş edir ki, onu Milli Qəhrəman elan etsinlər. Harada görülüb ki, döyüşçü qapı-qapı gəzərək Milli Qəhrəman elan olunmasını xahiş etsin? Belə hərəkət müharibə iştirakçısı üçün təhqirdir. Son bir il ərzində mətbuatda Monte Melkonyanın öldürülməsi haqda dəfələrlə materiallar dərc edilib. Bu təhqiqatlar birmənalı sübut edib ki, Melkonyan 708-ci briqadanın döyüşçüləri tərəfindən öldürülüb və İbad Hüseynovun buna heç bir aidiyyatı yoxdur və onun Muğanlı kəndində Melkonyanın başını kəsməsi barədə söylədikləri gülünc və əsassızdır. Eyni zamanda Melkonyanın məhz Mərzilidə öldürülməsi barədə sübutlar var. Onun dəfninə dair videoçəkilişlər isə başının yerində olduğunu göstərir. İbad Hüseynovun Melkonyanın başı kimi təqdim etməyə çalışdığı kəsilmiş baş fotosu başqa adama aiddir. Mərzili döyüşündə onlarla şəhid verdik ki, bunlardan da ikisi Melkonyanı məhv etmiş BMP ekipajının üzvləridir. Həmin şəxslər ölümlərindən sonra 2003-cü ilin iyununda “Azərbaycan bayrağı” ordenilə təltif ediliblər. Bütün bu söz-söhbətlər düşməni məhv edən döyüşçülərin xatirəsi və xidmətlərinin unutdurulması fonunda baş verir. Buna necə yol vermək olar? Qanları tökülənlərin xidmətlərini necə mənimsəmək olar? Şəhidlərin xatirəsini tapdalayaraq bunun üzərində necə saxta şan-şöhrət yaratmaq olar? Biz veteranlar tələb edirik ki, Azərbaycan Respublikasinin ərazi bütövlüyu uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş yoldaşlarımızın xatirə və xidmətlərinin aşağılanmasının qarşısını alasınız. Belə hallar əsgərlərimizin döyüş ruhunu, ədalətə inamını heç də möhkəmləndirmir”, — deyə müraciətdə deyilir. Qeyd edək ki, İ. Hüseynovun qardaşı 22 ildir Xocavəndin icra başçısıdır. Məhz onun ozü ilə bağlı təbliğat aparmasının da arxasında icra başçısı olan qardaşının dəstəyinin dayandığı bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?