Dünyanın ən iri telekommunikasiya şirkətlərindən olan “Vimpelkom”un keçmiş icraçı direktoru Co Lunder dünən noyabrın 4-də Osloda həbs olunub.
Co Lunderin adı Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovaya 220 milyon dollar rüşvət verilməsi işində keçir.
Bu iş İsveç-Finlandiya şirkəti, “Azercell”in səhmlərinin yarısının mülkiyyətçisi “TeliaSonera”nın Kərimovaya yüz milyonlarla dollar rüşvət verməsinə dair bir neçə Avropa ölkəsində, o cümlədən ABŞ-da aparılan istintaq çərçivəsində araşdırılır.
Co Lunderin vəkili Kato Şyotsa deyib ki, keçmiş baş menecerə qarşı irəli sürülmüş ittiham aktını görməyib.
Ancaq vəkil təxmin edib ki, ittiham “Vimpelkom”un Özbəkistandakı korrupsiya sövdələşmələri ilə bağlıdır. Bu korrupsiya sövdələşmələrini ABŞ prokurorluöu Özbəkistan prezidentinin qızı və onunla əlaqəli olan bir neçə biznesmen barəsində aparır.
C.Lunder özü isə bu korrupsiya sövdələşmələrindən xəbərsiz olduğunu bildirib.
C.Lunder “Vimpelkom”un icraçı direktoru vəzifəsindən bu ilin martında istefa verib. “Vimpelkom” Rusiya, Ukrayna, bəzi MDB ölkələri, Asiya və Afrikada telekommunikasiya aktivlərinə malik holdinq şirkətdir. Şirkət Bermud adalarında qeydiyyatdadır, mənzil-qərargahı Amsterdamdadır.
ABŞ prokurorluğu hesab edir ki, bir çox telekommunikasiya şirkətləri, o cümlədən MTC və “Vimpelkom” Gülnarə Kərimovaya özbək bazarına girmək üçün rüşvət veriblər. “Vimpelkom” özü 2006-2012-ci illərdə Kərimovaya 219,5 milyon dollar verib.
Özbəkistan prezidentinin hazırda ev dustağı olan qızının telekommunikasiya şirkətlərindən aldığı rüşvətin ümumi məbləği 1 milyard dollara yaxındır. Bu pulların bir hissəsinə artıq həbs qoyulub.
“Vimpelkom” şirkətinin səhmlərinin 33 faizi Norveçin “Telenor” şirkətinə məxsusdur. Bu rüşvət qalmaqalına görə “Telenor” şirkətinin icraçı direktoru Sveyn Oser də oktyabrın 30-da istefa verib. Həmçinin “Telenor” şirkəti “Vimpelkom”dakı payını satacağını elan edib.
Özbəkistandakı korrupsiya sövdələşmələrinə dair aparılan istintaq “Vimpelkom”un səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub. Şirkət bu işə görə yarana biləcək böhrandan çıxmaq üçün 900 milyon dollar ehtiyat yaradacağını bildirir.
Xatırladaq ki, "TeliaSonera" şirkəti də bu korrupsiya qalmaqalına görə Azərbaycan da daxil olmaqla Avrasiya divizionu ölkələrindəki aktivlərini satışa çıxarıb. Şirkət hazırda "Azercell"dəki payına müştəri axtarır.
Sorğu
Yeni dizaynımız necədir?